“İstər müxalifətə, istərsə də iqtidara qarşı heç bir qərəzimiz yoxdur”
Ramiz Tağıyev:“Ən çox narazılığım isə kiçik “padşah”lardandır. Bir çox nazir və məmurlar var ki, hələ də əhalini narazı salmaqdadırlar. İddiaları, təkəbbürləri savadlarından, səriştələrindən çox yüksəkdə durur.”
-Ramiz bəy, son zamanlar ölkəmizdə bir çox hadisələr baş verdi. Xüsusilə cəbhə bölgələrində düşmənlə gərgin qarşıdurmalar yarandı, sizin rəhbərlik etdiyiniz təşkilat olanlara münasibət bildirmərdi…
“L.Yunus Əbülfəz Elçibəyin barışmaz düşməni, mən tərəfdarı olmuşam. Sonradan vətən xaini Əlikram Hümbətovla eyni baxışları paylaşıb. Əlbəttə, bütün bunlara rəğmən L.Yunusun Vətənsevər, Millətsevər birisi olduğuna daima şübhə ilə yanaşmışam.”
-Əsla, belə deyil. Əslində ən düz mövqeyi biz sərgilədik, dezinformasiya yayanlara qarşı çıxdıq. Ümumiyyətlə, biz daima cəmiyyəti çaşdıran qüvvələrə qarşıyıq. Əlbəttə, həqiqət çox zaman bir çoxları üçün acı olsa da, bu səbəbdən rəqiblərimizin hücumlarına məruz qalsaq da, tutduğumuz yoldan çəkilən deyilik. Bizim mübarizəmiz yalnız Canımız Azərbaycan Naminədir. Bəyənənlər bəyənsin, bəyənməyənlər də özləri bilər.
-Sizin dezinformasiyalarla bağlı mövqeyinizlə “Millətim”də tanış olduq. Bundan sonra Prezident Administrasiyası da dezinformasiyalara münasibətlə əlqədar tədbir keçirdi. Nədənsə “Millətim”dən həmin tədbirə dəvət olunan olmadı?
-Yəqin görürlər ki, biz öz işimizi bilirik (gülür). Əsil həqiqətdə isə belə tədbirlərə dəvət olunmamağımızdan təəssüflənirik. Axı ilk olaraq, hətta sosial şəbəkələrdə də dezinformasiya yaymağın müharibə şəraitində Vətənə xəyanət olduğunu biz yayımlamışdıq. Ancaq nə etmək olar, günün reallığı belədir, iş görənlərə, Vətənə təmənnasız xidmət edənlərə yox, özlərini reklam etməyi bacaranlara, hər addımlarını alacaqları mükafata görə atanlara daha çox diqqət yetirilir.
-Deyəsən ruhdan düşmüsünüz?
-Nə danışırsınız…Biz ömrümüz boyu ruhdan düşmədik, mükafatlar, təşəkkürlər üçün çalışmadıq. Mükafatımız həbsxanalar, təqiblər oldu. Hətta müəllifi olduğumuz işləri özününküləşdirmək istəyənlərə qarşı dözümlülük nümayiş etdirməyi bacardıq.Əsas odur ki, Millətimiz kimin kim olduğunu, hansı məqsədə, mərama xidmət göstərdiyini yaxşı bilir.
-Çox qəribədir, sizin üstünüzə müxalifət də hucum çəkir, iqtidar da…
-Qeyd etdim ki, həqiqət çoxları üçün acı olur. Biz pafoslarla Millətimizi aldatmaq fikrində olanlardan deyilik. Onu dəqiq bilirik ki, həqiqət bu gün qəbul olunmasa da, sonunda uğur ədalətli olanların, həqiqəti söyləyənlərin olacaq. Öz yolumuzu, doğru bildiyimiz yolu gedirik. Sıralarımız hər gün dəyərli insanlarla çoxalır. Əlbəttə, rəqiblərimiz haqlı olduqda, ədalətli mövqe səgilədikdə, münasibət bildirib təqdir edirik. İstər müxalifətə, istərsə də iqtidara qarşı heç bir qərəzimiz yoxdur. Biz siyasi rəqabəti düşmənçilik səviyyəsinə qaldıranlara daim etiraz etmişik.
-Görünən odur ki, bir çox müxalifət partiyaları iqtidara düşmən kimi baxırlar. Bəlkə, buna əsas var?
-Öz millətinin nümayəndəsini düşmən hesab edənlərin özlərinin bir adı ola bilər-düşmən. Rəqabətin düşmənçilik həddinə çatdırıldığı ölkələrdə nələrin baş verdiyini görmürükmü? Suriya, Liviya, Misir, İraq, Ukrayna… Məncə siyahını uzatmağa ehtiyac duyulmur. Baş verənləri dərk etmək üçün siyasət uzmanı olmaq lazım deyil. Şükürlər olsun ki, millətimiz dünyada baş verən prosesləri izləyir və düzgün nəticə çıxara bilir.
-İqtidar da həbslər edir…
-Bilirdim ki, bu sualı mütləq ünvanlayacaqsınız. Əlbəttə, bu barədə danışmaq mənim üçün çox çətindir. Ancaq mən açıq danışmağı xoşlayıram. İstəməzdim ki, bağlı qapı arxasına kimsə düşsün. Millətimizin heç bir övladına həbsxana həyatı arzu etmirəm. Bir çox həbsləri ürək ağrısıyla qarşılamışam. Xüsusilə, Sərdar Əlibəyli, Əvəz Zeynallı, Nemət Pənahlı, Qurban Məmmədov və Pərviz Həşimlinin həbsxana həyatı yaşamalarını istəməzdim. Millətsevər oğullardır. Səhvləriylə, düzləriylə millətə lazım olan ziyalılardır. Yenə qeyd edirəm, onlarla razılaşmadığım xeyli məqam var. Ancaq onu da etiraf etməliyəm ki, bu gün onların azadlıqda olması millətimizə daha xeyirli olardı. Əsas odur ki, həmin şəxslər bəziləri kimi heç bir xarici qüvvəyə bağlı deyillər. Sırf millətsevərdirlər. N.Pənahlının, Ə.Zeynallının, S.Əlibəylinin həbsxanadan etdiyi müraciətlər, bir daha onların Dövlətə, Millətə bağlı olduqlarını, istənilən an Vətən yolunda canlarını fəda etməyə hazır olduqlarını təsdiq etdi. Bəzi ağzıgöyçəklərin ağızlarını əyməklərinə baxmayaraq adlarını qeyd etdiyim qardaşlarımın mövqeyini alqışlayıram və bundan sonra da onların müdafiəsində olacağımı bəyan edirəm. Düşünürəm ki, ölkə prezidenti cənab İlham Əliyev onların mövqelərini nəzərə alacaq. Hətta buna inanıram.
-Siz etiraf edirsiniz ki, ölkə prezidentinə inanırsınız. Bəlkə belə etirafınıza görə bəzi müxalifət nümayəndələri sizi iqtidarın adamı kimi qəbul edirlər?
-Mən dəfələrlə qeyd etmişəm, bu gün İlham Əliyevin alternativi yoxdur. Bəlkə siz bilirsiniz, onda deyin-Rüstəm İbrahimbəyov, Cəmil Həsənli və yaxud İsa Qəmbər, Əli Kərimli? Gəlin, özümüzü aldatmayaq. R.İbrahimbəyov və C.Həsənli oyuncaqdan başqa bir şey deyildilər. O biri ikisi isə, özlərində güc, bacarıq görsəydilər önə çıxardılar. Ölkə prezidentinin ədalətinə inanmamağa haqqım yoxdur. Məhz onun ədalətli olmasının sayəsində bu gün azdlıqdayam. Prezidenti tənqid etmək üçün gərək məni də xaricdən yaxşı maliyyələşdirsinlər. (gülür) Əlbəttə, ölkədə hər şeyin ideal olduğunu söyləmərəm.
-Yəni inkişafı inkar edirsiniz?
-Mən bunu söyləmədim. Əgər xaricilər Azərbaycanda gedən bu quruculuq işlərini, sürətli iqtisadi inkişafı etiraf edirlərsə, nədən biz bu faktı inkar etməliyik. Xaricə səfərlər etməyə maddi imkanım olmasa da, Bakını, bölgələrimizi gəzib-dolaşmağa imkanım çatır. Görülən işlərdən xüsusi zövq alıram. Hər şey millətimiz üçündür. Ölkə rəhbərinin tez-tez regionlara səfər etməsini, görülən işlərlə maraqlanmasını hər zaman müsbət qarşılamışam.Azərbaycanda heç bir zaman belə olmayıb.
-Bəs nədən narazısınız?
-İnsanların hamısının güzəranı yaxşı deyil. Bakının küçələrində əl açıb dilənənlərin çoxluğunu görüncə, ürək ağrısı keçirirəm. Düzdür, bəziləri dilənçiliyi özlərinə peşə ediblər, ancaq etiraf etmək lazımdır ki, ehtiyacdan əl açanlar da var. Ən çox narazılığım isə kiçik “padşah”lardandır. Bir çox nazir və məmurlar var ki, hələ də əhalini narazı salmaqdadırlar. İddiaları, təkəbbürləri savadlarından, səriştələrindən çox yüksəkdə durur. Onların rəhbərliyi ilə həyata keçirilən işlərdə keyfiyyətsiz olur ki, ölkənin büdcəsi boş-boşuna havayı sovrulur.
Bütövlükdə isə iqtidar komandası çox güclüdür. Etiraf etmək lazımdır ki, həmin komandada işinin öhdəsindən ləyaqətlə gələnlər kifayət qədərdir.
-Adlarını çəkə bilərsinizmi?
-(Gülür) Onları qiymətləndirmək mənim səlahiyyətimə aid deyil. Zaman-zaman ölkə prezidenti onların fəaliyyətinə qiymət verir. Əlbəttə, ölkədə sabitliyin qorunmasında xidməti olanlara hamımız minnətdar olmalıyıq. Mən ölkə prezidenti olsaydım, təbii ki, Kəmaləddin Heydərov, Ramil Usubov kimi kadrlara üstünlük verərdim. Sabah bütün mətbuat yazacaq ki, Ramiz Tağıyev onların adamıdır. (gulur)
Mənim üçün kimin nə yazacağı maraqlı deyil. Öz düşüncəmdə hədsiz azadam. Baxmayaraq ki, Milli Təhlükəsizlik Nazirliyindəki bəzi kadrları zaman-zaman sərt tənqid etmişəm, ancaq onların da ölkənin təhlükəsizliyinin qorunmasındakı xidmətlərinə kölgə salmaq fikrindən çox uzağam. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə öz səmərəsini verməkdədir. Rüşvətxor məmurlar vətəndaşlardan ehtiyat etməyə məcbur olublar. Bu gün belədir, sabah səhv görsəm, tənqid etməkdən çəkinməyəcəyəm. Kiminsə qarşısında öhdəliyim yoxdur. Problemlə qarşılaşan vətəndaşları dinləyib, onların müdafiəsinə qalxmaqdan heç bir zaman ehtiyat etməmişik. İndiki zamanda ölkədə sabitliyin qorunması ən ümdə vəzifə olmalıdır. Bu barədə hər kəs düşünməlidir. Azərbaycanın uğurlarına sevinməyən istənilən qədər xarici düşmən var. Ölkə prezidenti haqlı olaraq qeyd etdi ki, içərimizdə satqınlar da az deyil. İndi dünyada dəhşətli proseslər gedir ki, həmin dəhşətlərin Azərbaycanda yaşanmasının qarşısını almaq hər bir millətsevərin, vətənsevərin müqəddəs borcu olmalıdır.
-Ramiz bəy, yenə qayıdaq həbslərə hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev və digər müxalifət nümayəndələri həbs edildilər. Onların həbsinə münasibətiniz necədir və nə üçün müdafiələrinə qoşulmadınız?
-Sizin belə sualı verməyinizə təəccüb edirəm. Ona görə ki, son illər üzləşdiyimiz haqsızlıqlardan kifayət qədər məlumatlısınız. Əlbəttə, qərəzli, kinli insan olmasam da bir çox baş verənləri unuda bilmirəm. Xüsusilə, həbs edilməyimi sevinclə qarşılayan, tələm-tələsik qeyri-obyektiv məlumat yayımlayan müxalifət və onların mirzələrini. Hansı bizi müdafiə etdi ki? Baş redaktorunuz-qızım Lalə bu yaxınlarda yazmamışdı ki, Leyla Yunusa dəfələrlə müraciət etsə də, onu qəbul etməyib? Hüquq müdafiəçisi eləmi olur? Və yaxud, xatırlayırsınızsa “Millətim”də AXCP sədri Əli Kərimlinin mənafeyinə uyğun gələn yazı getmişdi. Mən o zaman həbsxana həyatı yaşayırdım. Ə.Kərimlinin inhisarında olan “Azadlıq” və digər qəzetlər “Millətim”ə istinad edib, həmin yazını düz bir həftə səhifələrində o yana, bu yana çevirdilər. “Millətim”in baş redkatoru Lalə xanım bir ilə yaxın məhkəmə davasına çəkildi. Kim qalxdı müdafiəsinə-Ə.Kərimli,Leyla Yunus və yaxud özlərini hüquq müdafiəçisi adlandıran digərləri? Mən ömrüm boyu minnətdaram AMİP-in səlahiyyətlisi Əli Orucova. Eşidirdim ki, yeganə siyasətçi o olub ki, daima məhkəmə proseslərində iştirak edib, mənəvi dəstək verib. Təbii ki, mən L.Yunus və yaxud Ə.Kərimli xislətində deyiləm. Çətin gündə hər kəsə yardım əli uzada bilərəm. Ancaq hələ araşdırmalar gedir. İstintaqın işinə müdaxilə etmək düzgün deyil. Münasibətimiz mütləq olacaq. Obyektiv və qərəzsiz münasibətimizi bəyan edəcəyik.
-Sizin söylədiklərinizin həqiqət olduğuna zərrə qədər şübhəmiz yoxdur. Hətta onu da xatırlayırıq ki, meydanda tək qalmış Lalə xanım ağır ürək əməliyyatı keçirməli oldu…
-Bilirsinizmi, mən həmin xəbəri həbsxanada eşidərkən hansı hissləri keçirdim. Biz insan deyildikmi? Maddi sıxıntılar içində boğulan ailənin həmin vəziyyətdə nələr çəkdiyini yəqin ki, təsəvvür edirsiniz. Yaxşı ki, həyatda böyük, xeyirxah, gözəl insanlar var. Elə insanlar ki, ən çətin durumda, ölümlə çarpışan zaman köməyə yetişirlər. Tanrımdan çox razıyam ki, hər zaman elə dostları məndən uzaq salmayıb. Qızımı ölümdən xilas edənlərə canımı hər an qurban verməyə hazıram.
-Sizə yaxşı olmasa da, başqalarının hüquqlarını müdafiə edən Leyla Yunusun fəaliyyətini necə qiymətləndirirsiniz?
-Onun fəaliyyətinə birmənalı qiymət vermək istəməzdim. Etiraf edim ki, Leyla xanımı uzun illər obyektiv hüquq müdafiəçisi kimi tanımışdım. Bir zamanlar isə Azərbaycan Xalq Cəbhəsində (AXC) birgə təmsil olunmuşuq. O, AXC idarə heyətinin, mən isə məclisinin üzvü olmuşam. Siyasi baxışlarımız tam fərqli olub. L.Yunus Əbülfəz Elçibəyin barışmaz düşməni, mən tərəfdarı olmuşam. Sonradan vətən xaini Əlikram Hümbətovla eyni baxışları paylaşıb. Əlbəttə, bütün bunlara rəğmən L.Yunusun Vətənsevər, Millətsevər birisi olduğuna daima şübhə ilə yanaşmışam. Açıq söyləyim, onun həbs olunmazdan öncəki davranışları məndə ikrah hissi yaradıb. Gərək özünü Azərbaycan qadını adlandıran şəxsi qeyri-etik hərəkətlərə yol verməyəydi. L.Yunusun polisin papağını yerə atması dövlətçiliyə hörmətsizlik əlamətidir. Onun və digər siyasilərin Fransa prezidenti Fransua Olland qarşısında ölkəmizi pisləyən bəyənatlar vermələrini məqbul hesab etməmişəm. Bilə-bilə ki, F.Olland bir erməni himayəçisidir, ondan imdat diləmək özü xəyanət idi. Azərbaycan cəmiyyətində həmişə qadına xüsusi hörmət qoyulub. Gərək qadın da davranışlarına diqqət yetirə.
Digər hüquq müdafiəçilərinin istintaqa cəlb edilmələri onlara xarici təşkilatlardan ayrılmış qrantlarla bağlıdır. Böyük maliyyə vəsaitlərindən söhbət açılır. Zamanında fəaliyyətləri şəffaf olmalıydı. Bu hər kəsə aiddir. Mən hər an hesabat verməyə hazır olmuşam.
-L.Yunusun həbsxanadan etdiyi son müraciəti barədə məlumatınız varmı?
-Təəssüf ki, həmin müraciət bütövlükdə Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlib. Xarici ölkələrdə hətta prezidentlər həbsxana həyatı yaşamalı olurlar. Onların həbsxana həyatı müddətində dövlətləri əleyhinə müraciətlər ünvanladığının şahidi olmamışam. Təqsirləndirilən şəxs özünü müdafiə etməli, günahsız olduğu barədə faktlar ortalığa qoymalı, təqsirsizliyini sübut etməyə çalışmalıdır. Yoxsa, L.Yunus kimi Azərbaycanda keçiriləcək I Avropa oyunlarını boykot etməyə, Azərbaycanın Avropa Şurası Nazirlər kabinetinə rəhbərlikdən kənarlaşdırılmasına çağırışlar etməməlidir. Düşmənlərimiz də bunu arzu etmirlərmi?
Xatırlayırsınızsa, ona nə üçün Azərbaycan dilində danışmırsan deyə sual verdikdə, “söyüş söyəndə Azərbaycan dilindən istifadə edirəm” cavabını vermişdi. Deməli, L.Yunus dilimizi yalnız söyüşə yararlı dil hesab edirmiş.
-Qeyd etdiniz ki, L.Yunus Əbülfəz Elçibəyə nifrət edirmiş. Onda, nə üçün özlərini Elçibəyin davamçıları arlandıranlar L.Yunusun alovlu müdafiəçilərinə çevriliblər?
-Yaxşı olar ki, bu sualı Ə.Elçibəyin şəklini başı üstünə asıb, dividentlər qazanan Əli Kərimliyə ünvanlayasınız. Bildiyim odur ki, Ə.Kərimlinin inhisarında olan “Azadlıq” qəzeti Ə.Elçibəyi düşmən hesab edən L.Yunusa, Z.Əlizadəyə daima tribuna verib. Əksinə “Azadlıq” qəzetinin təsis olunmasında, Milli Azadlıq Hərəkatında müstəsna xidmətləri olmuş hərəkatçıların dünyalarını dəyişmələri barədə məlumat “Azadlıq”ın səhifəsinə çıxarılmır.
-“Azadlıq”da çalışan obyektiv jurnalistlər də çoxdur axı…
-Qətiyyən şübhə etmirəm. Sosial şəbəkələrdə onlar mənə də yazırlar. İnanın ki, elələri var məndən başqa iş tapmalarına yardım etməyimi xahiş edənlər də var. Əfsuslar olsun ki, belə imkanım yoxdur.
-“Azadlıq” qəzeti şəkillərini səhifəsinə çıxarmaqla, bir çox siyasi və vicdan məhbusunu müdafiə edir. Bu xeyirxah iş deyilmi?
-Onların kimləri müdafiə etməsi mənim üçün maraqlı deyil. Bildiyim odur ki, onlar tərəfindən iranpərəstlər və digər xarici ölkələrin agentləri də müdafiə olunur. Siyasi məhbus siyahılarında o qədər anormallıqla qarşılaşmışıq ki… Hətta Bakı metrosunda partlayış törədib, onlarla vətəndaşımızın faciəli ölümünə səbəb olan terrorçuların da siyasi məhbus siyahısına salındığının şahidi olmadıqmı?
-Ramiz bəy, axı hüquq müdafiəçilərinə, siyasilərə təzyiqlər olur. Onların fəaliyyəti məhdudlaşdırılıb. Elə bu yaxınlarda Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibov vəhşicəsinə döyülmədimi?
-Sizdə xəbəri eşidib,araşdırmadan məlumat yayanlar kimi danışırsınız. Bəzi KİV-lər “uşaq pul taparkən sevindiyi” tək xəbəri araşdırmadan sevinclə yayımlayırlar. Əslidə isə dezinformasiya yaymaqla cəmiyyətdə çaşqınlıq yaradırlar. İlqarın döyülməsi xəbərini eşitdikdə Naxçıvanla əlaqə yaradıb, ətraflı məlumat aldım. İnsidentin şəxsi mübahisə zəminində baş verdiyini öyrənib, mövqe bildirməkdən imtina etdim. Belə insidentlər dünyanın hər yerində baş verir. Bir hüquq müdafiəçisi ofisində sərxoş olursa, elə döyülsə yaxşıdır. Ancaq zalımın oğlu bir az dozanı çox edib, möhkəm əzişdirib (gulur). Burada Naxçıvan rəhbərliyinin, Naxçıvan Daxili İşlər Nazirliyinin nə günahı var? Əksər KİV-lər onları tənqid edir. Bəlkə hər kəsin yanına bir cangüdən qoymalıdırlar ki, rahat yeyib-içib, sərxoş olsunlar.
-Söhbət Naxçıvandan düşmüşkən, siz də naxçıvanlısınız. Yəqin ki, arada Naxçıvana səfər edirsiniz. Bəzi siyasilər Naxçıvana getməyin təhlükəli olduğunu söyləyirlər. Siz təhlükəylə üzləşməmisinizmi?
-Bəziləri ucuz reklama qaçır, siyasi şoular düzənləyir. Həbsxanadan çıxdıqdan sonra Naxçıvana iki səfərim olub. Heç bir təqiblə üzləşməmişəm. Əksinə, hər kəsdən, hər yerdə hörmət görmüşəm. İnsanlarla sərbəst görüşüb, söhbətləşib, bir çox məsələləri müzakirə etmək imkanım da olub. Hər səfərimdə Naxçıvanda yeniliklərlə rastlaşmışam. Naxçıvanın sürətli inkişafından məmnun olmuşam.
-Bəs,”Azadlığ”ın yazarı Seymur Həzinin həbs edilməsinə münasibətiniz necədir?
-Əlbəttə, pis. Onun həbs edilmə motivi “Nota ps” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin həbs edilməsinə bənzəyir. Cinayət işi başlansa da, gərək barəsində həbs qətimkan tədbiri seçilməyəydi. Seymur qatı cinayətkar deyil ki. Onun siyasi və jurnalist fəaliyyətini isə bəyənməmişəm. Gərək rəqibini tənqid edəsən, münasibətləri düşmənçilik həddinə çatdırmaq məqbul hesab oluna bilməz. Kim olursan ol, öz ölkəni yadlar qarşısında aşağılamağı özünə peşə etmə. Nə bilim, bəlkə mən düz fikirləşmirəm, ancaq mənim üçün Vətənim yaxşılı, pisli Vətənimdir. Mənim üçün Azərbaycandan gözəl, sevimli heç bir yer ola bilməz. Fərdləri tənqid et,ancaq ümumən Azərbaycan pisdir, Azərbaycanda yaxşı heç nə yoxdur demə. Mən, bunu qəbul edə bilmirəm.
O ki qaldı həbslərə, heç kimin həbs edilməsini arzulamıram. Bir neçə dəfə həbsxana həyatı yaşadığımdan bilirəm ki, həbs olunanların ailələri nə kimi əzablar yaşayır. O günü arzulayıram ki, tezliklə böyük amnistiya aktı qəbul edilib, qatı cinayətkarlardan savayı hər kəs azadlığa qovuşsun.
-S.Həzinin müdafiəsinə qoşulacaqsınızmı?
-Hesab etməlisiniz ki, mən artıq onun müdafiəsindəyəm. Elə bilirəm ki, həmkarınız Seymuru siz də müdafiə edəcəksiniz. Əvvəla, araşdırmaq lazımdır ki, S.Həzinin üzünə duran kimdir. Bilirsiniz ki, Sərdar Əlibəylinin üzünə durub, onu həbs etdirənin özü sonradan həbs olundu. Səhv etmirəmsə həmin şəxs narkoman olub.
-Ramiz bəy, bir az da digər ölkələrdə baş verənlərdən söhbət açaq. Ukraynada baş verənlər Azərbaycana ötürülə bilərmi?
-Bunu arzulayan düşmənlərimiz kifayət qədərdir. Ancaq arzuları həyata keçməyəcək. Etiraf etməliyik ki, Azərbaycan güclü ölkədir. Artıq özünəməxsus dövlətçilik ənənələri var. Əsas prioritet sabitlikdir. Bu, çox vacib məsələdir. Sabitlik olmayan ölkədə heç bir inkişafdan söhbət gedə bilməz. İndiki vəziyyətdə ölkəmizdə sabitliyin pozulmasına can atan qüvvələr birmənalı olaraq Azərbaycanın düşmənləridir. İstəyir ölkə xaricində, istərsə də ölkə daxilində buna cəhd edənlərin hamısına aiddir, söylədiyim. Rusiyanın Ukraynaya təcavüzünü, Hitler Almaniyasının SSRİ-yə hücumuna bənzədirəm. Bu dəfə məğlub olan tərəf, mütləq Rusiya olacaq. İşğalçının aqibəti başqa cür ola bilməz. Eyni aqibəti ermənilər də yaşayacaq. Himayəçiləri Rusiyanın çökməsi erməniləri pis günə salacaq. Bir sözlə, bizim də qələbəmiz uzaqda deyil. Azərbaycan ordusu qələbəyə köklənib. Bunu son zamanlar orduda olan əhval-ruhiyədən hiss etmək olur. Açıq söyləyim, Milli Ordumuzla qürur duyuram. Müdafiə Nazirliyində edilmiş kadr dəyişikliyi çox uğurlu alınıb.
-Rusiya öz mövqeyindən çəkilmir, bütün dünyaya meydan oxuyur. Necə düşünürsünüz, V.Putin SSRİ-ni bərpa etmək istəyir?
-Bayaq qeyd etdim ki, Hitler də dünyaya meydan oxuyurdu. Dünyaya meydan oxuyan tiranlar, diktatorlar çox olub, hamısının aqibəti bəllidir. Bəli, V.Putin bir neçə dəfə SSRİ-nin dağılmasından təəssüfləndiyini bəyan edib. Hətta onun “sözçüsü”, ağıldan kəm Jirinovski də qonşu ölkələrin işğalının vacibliyini dəfələrlə vurğulanıb. Ancaq görünən odur ki, Rusiya hər gün sürətlə çökməkdədir. Rusiyanın bu gün heç Ukraynayla müharibə aparmağa maliyyə vəsaiti çatmır. Rusiyaya qoyulmuş embarqolar təsirini göstərməkdədir. Böyük ehtimalla orada üsyanlar baş verəcək. Unutmayaq ki, Rusiyada milyonlarla ukraynalı yaşayır və onların əksəriyyəti əhəmiiyyətli vəzifələr tutur. Eləcə də Rusiyada yaşayan qeyri-millətlərin, muxtar qurumların ayağa qalxacaqları gün uzaqda deyil. Onlara Rusiyanın apardığı müharibə qətiyyən lazım deyil. Şəxsən mən, Rusiyanın çökməsini arzulayıram. Bizim qələbələrimiz həmin çökməyə çox bağlıdır. Təbii ki, indiyə qədərki bütün məğlubiyyətlərimizin də əsil “memarı” Rusiya olub. Zəngəzuru, İrəvanı, Qarabağı unutmaqmı olar? Erməni kim olub ki? Təəssüf ki, hələ bu gün SSRİ-ni təbliğ, Rusiyanı müdafiə edənlərimiz var. Düşünürəm ki, hər birimizin qan yaddaşı daima oyaq olmalıdır. Nə verib, SSRİ bizə? Diqqət yetirək, son on ildə ölkəmizdə aparılan möhtəşəm quruculuq işləri, baş verən inkişaf SSRİ-nin tərkibində olduğumuz 70 il ərzində olmuşdumu? Hesab aparsaq, aydın olar ki, 70 il ərzində SSRİ Azərbaycanın iliyini sömürüb, aparıb. SSRİ Böyük Vətən müharibəsini Azərbaycan neftinin hesabına uddu. Əvəzində nə verdi bizə? Müqəddəs torpaqlarımızı işğal edib, erməniyə verdi. 100 minlərlə soydaşımız repressiyaların qurbanı oldu, deportasiyaya məruz qaldı. Hələ bundan sonra da bəziləri utanıb-qızarmadan SSRİ-ni təbliğ edirlər. Onları şəhidlərimizin ruhu incitmirmi?
-Azərbaycana dost ölkələr kimi hansı ölkələri qəbul edirsiniz?
-Əlbəttə, ilk olaraq Qardaş Türkiyə Cümhuriyyətini. Dahi Mustafa Kamal Atatürkün “Türkün Türkdən başqa dostu yoxdur” deyimi, zaman-zaman öz təsdiqini tapıb. Ancaq etiraf etməliyik ki, son illər Azərbaycanla dostluq etmək istəyən ölkələrin sayı xeyli çoxalıb. Bu fakt məni çox sevindirir. Pakistan dövlətinin Ermənistanı tanımaması həmin ölkənin də yaxın dostumuz olduğundan xəbər verir. Bir çox məqamlarda BMT-də, Avropa Şurasında əzəli düşmənlərimizi üstələməyimiz, Azərbaycanın dostlarının, ölkəmiz haqlı olduğunu qəbul edənlərin çoxluğundan xəbər verir. Ancaq bir daha qeyd edirəm, Türkiyə mənim üçün hədsiz doğmadır.
-Türkiyədə keçirilən son seçkilərin nəticəsi sizi qane edirmi? Ədroğanın prezidentliyi dönəmində Azərbaycana münasibəti necə olacaq?
Ardı var…
Nicat Sadiq