Dövlət Əmək Müfəttişliyi: “Bu gün açıq havada iş dayandırılmalıdır”
“Əmək Qanunvericiliyinə uyğun olaraq 233-cü maddədə soyuq və isti hava şəraitində fasilələrlə işin dayandırılması nəzərdə tutulub. Əgər isti hava şəraitində temperatur 41 dərəcənin üzərindədirsə, açıq hava şəraitində iş dayandırmalıdır. Əgər iş örtülü yerdədirsə və sərinləndirici vasitələr yoxdursa, bu halda da fasilələr verilməli və ya iş dayandırılmalıdır”.
Bunu modern.az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib. “Dünənə qədər Bakı şəhərində 41 dərəcə isti müşahidə olunmamışdı. Rəsmi məlumat bu gün verilib. Bu gün Bakı şəhəri və respublikanın digər rayonlarında tapşırıqlar vermişik, saat 10:30-dan müfəttişlərimiz ərazidədirlər. Əgər açıq hava şəraitində, günün altında sahibkarlar öz işçilərini işlədirlərsə, biz işçilərin sağlamlığı üçün həmin dəqiqə o işi dayandıracağıq və nəzərdə tutmuşuq ki, saat 5-ə kimi işlər dayandırılsın”.
F. Əlizadənin sözlərinə görə, dünən Mirzağa Əliyev və Bəşir Səfəroğlu küçəsində günün altında işlədildiklərinə görə, həmin tikinti sahələrində işlər iki saatlıq dayandırılıb: “Bəzi ekspertlər var ki, qanuna istinad etmirlər və yaxud onu bilmirlər. Bu ekspertlər bayağı fikirlər söyləyirlər. Mən bununla heç bir halda razı deyiləm. Müfəttişliyin fəaliyyətinin zəifləməsindən, bəziləri işçilər üçün qida məhsullarının verilməsindən danışır.
Ümumiyyətlə, isti havalarda işçilərə qida məhsulları verilməsi nəzərdə tutulmayıb. Bu məntiqə uyğun olmayan bir məsələdir. Təbii ki, bu ekspertlər birinci gərək bilələr, sonra öz fikirlərini söyləyələr”. Müfəttişliyin rəisi bildirib ki, bütün işəgötürənlərə rəsmi telefonoqram göndərilib. Kiçik sahibkarların dəqiq ünvanını bilmədiyimizə və çoxluq təşkil etdiyinə görə müfəttişlər ərazi üzrə gəzirlər”.