“Əli Kərimli və Cəmil Həsənli düz eləmədilər”
“İsa Qəmbər və ya başqa biri təşəbbüskardır deyə, tədbirə qatılmamaq İntiqam Əliyevin hüquqlarını müdafiə etməmək deməkdir”
Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP), Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib.
Qeyd edək ki, dünən KXCP-də Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə Azərbaycanda son həbslərlə bağlı keçirilən tədbirə Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dəvət olunsalar da, qatılmayıblar.
Məsələyə münasibət bildirən M. Mirəlioğlu isə bunu düzgün addım saymır: “İntiqam Əliyevin hüquqlarını fərz edək ki, insan haqlarını müdafiə edən başqa millətin nümayəndəsi belə müdafiə edirsə, ora qatılmaq lazım deyil? Mən hesab edirəm ki, insan haqları məsələsi bir ölkənin və ya bir millətin deyil, ümumilikdə insani məsələdir. Bu baxımdan Əli Kərimli və Cəmil Həsənli doğru etmədilər. Eyni zamanda Əli Kərimli də, Cəmil Həsənli də gələcəkdə bu və ya digər tədbir keçirsə, ora qatılmayanlar belə doğru etməyəcəklər. Mənim üçün Cəmil Həsənlinin və Əli kərimlinin həmin tədbirə niyə qatılmadığı kifayət qədər aydındır və bundan artıq bu məsələyə aydınlıq gətirmək istəmirəm. Mənim üçün insan haqları daha önəmlidir”.