“Akkord”da inanılmaz maxinasiya: Jurnalisti necə aldatdılar?
“Akkord” Şirkətlər Qrupu Milli.az saytının baş redaktorunun müavini, jurnalist Anar Məmmədovu aldadıb. Bu barədə AzNews.az-a həmkarımız özü məlumat verib. A.Məmmədov bildirir ki, 2010-cu ilin aprelində “Akkord”un Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Uğur-2 kompleksindən mənzil alıb. Müqaviləyə görə, ümumi sahəsi 79,05 kv. metr olan mənzil üçün 12 min manat ödəniş edib və qalan məbləğ isə 60 aylıq kreditlə ödəmək üçün müqavilə bağlayıb: “Bina iki il əvvəl təhvil verildi, bir il əvvəl isə təmir etdirib mənzilə köçdüm. Təmirlə bağlı usta evin sahəsini ölçən zaman sahənin az olduğunu dedi, lakin inanmadım. Bir neçə ay əvvəl özüm mütəxəssis çağıraraq, mənzilin sahəsini ölçdürdüm və acınacaqlı nəticə ortaya çıxdı. Mənzilin ümumi sahəsi müqavilədə mənə satılandan 8 kvadrat metr az idi”.
A.Məmmədov məsələ ilə bağlı “Akkord” Şirkətlər Qrupuna dəfələrlə müraciət etsə də, heç bir cavab ala bilməyib: “Onların işi mənzili müştərilərə sırımaq və sonradan onu saymamaqdan ibarətdir. Ən dəhşətlisi odur ki, olmayan 8 kvadrat metrlik sahəni “Akkord” mənə 60 aylıq kreditə salaraq faiz ödətdirir. Başa düşmürəm, bu şirkətin vəzifəsi insanlar üçün ev tikməkdir, yoxsa onların ehtiyacından. gücsüzlüyündən istifadə edərək həyatlarını sökmək?”
Həmkarımız məsələni hüquqi müstəvidə həll etmək istədiyini bildirib: “Artıq vəkillə danışmışam və müqaviləni təqdim etmişəm. Yaxın günlərdə məhkəmə iddiası qaldıracağıq. Kobud şəkildə desəm, “Akkord” binanın pilləkənlərinin ərazisini, mənzilin kənar sahənin, hətta hava sahəsini də müştərilərə satıb. Bu məsələ hüquqi müstəvidə həll edilməlidir. “Akkord” nümayəndələrinin əsaslandırmalarını məhkəmədə eşitmək mənim üçün, elə bütün mənim kimi hüquqi pozulan sakinlər üçün maraqlı olacaq”.
“Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva isə saytımıza bildirib ki, məsələ ilə bağlı komissiya yaradılıb, yaxın günlərdə araşdırılacaq.