“Partiyaların fəaliyyəti dayandırıla bilər”

0
6

“Partiyaların fəaliyyəti dayandırıla bilər”

Azərbaycan müharibəyə başlasa və ya müharibəyə cəlb edilsə, ölkədəki siyasi partiyaların fəaliyyəti dondurula bilər. Bu Azərbaycan konstitusiyasında əks edilib. Düzdür, hazırda faktiki müharibə vəziyyəti mövcud deyil, ancaq cəbhədə bir həftədir baş verən gərginlik göstərir ki, toqquşmaların müharibəyə çevrilmək ehtimalı hər an baş verə bilər. Konstitusiya qanunu üzrə mütəxəssis, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də hesab edir ki, bu mümkün məsələdir.

Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyətinin dayandırılması üçün yalnız müharibənin başlaması kifayət etmir: “Ancaq müharibənin olması siyasi partiyaların fəaliyyətini dayandırması üçün əsas yarada bilər. Əgər söhbət partiyaların fəaliyyətinin dayandırılmasından gedirsə, bunun üçün Azərbaycanda ya fövqəladə, ya da hərbi vəziyyət elan olunmalıdır.
Qeyd edim ki, fövqəladə və ya hərbi vəziyyət yalnız prezidentin fərmanı ilə elan oluna bilər və Milli Məclis tərəfindən təsdiq edilir. Bu fərman təsdiq ediləndən sonra sənəddə hansı tədbirlərin görüləcəyi nəzərdə tutulur. Bu tədbirlərdən biri də partiyaların fəaliyyətinin dayandırılması ola bilər. Ancaq bu da avtomatik baş vermir. Söhbət ondan gedir ki, əgər hər hansı bir siyasi partiya, doğrudan da, hərbi və ya fövqəladə vəziyyət rejiminin təmin edilməsinə maneçilik törədirsə, bu halda onların fəaliyyəti fövqəladə rejimin sonuna qədər dayandırıla bilər.
Qanun buna imkan verir”. Qulamhüseyn Əlibəyli vurğulayıb ki, adətən müharibə ilə əlaqədar hərbi vəziyyət elan edilir: “Azərbaycan ərazilərinin müəyyən hissəsi işğal edildikdə, dövlətin ərazisi hücuma məruz qaldıqda hərbi vəziyyət elan oluna bilər. Ancaq indi cəbhədə atəşkəs rejiminin pozulması, müəyyən hərbi qarşıdurmaların baş verməsi hərbi vəziyyətin tətbiqi üçün əsas yaradacağını düşünmürəm. Əslində, cəbhədə atəşkəs rejimi vaxtaşırı pozulur. Azərbaycan ordusu da cavab atəşləri açaraq qarşı tərəfi susdurur.
Bu son 20 ildə belə olub. İndi ola bilsin ki, avqustun əvvəllərində baş verən hərbi qarşıdurma zamanı vəfat edənlərin sayı bir qədər çox olduğundan xüsusi əhəmiyyətli məsələ kimi qeyd edilir. Əslində, atəşkəs rejiminin pozulması faktiki olaraq Ermənistan tərəfindən güc siyasətinin davam etdirilməsi və təzyiq metodudur. Azərbaycan tərəfi də, artıq qarşı tərəfə yalnız cavab vermək istəmir, həm də bu təxribata görə, onları cəzalandırmaq istəyir. Buna da normal yanaşmaq lazımdır.
Çünki Azərbaycan əraziləri işğal altındadır və bu əraziləri işğaldan azad etmək üçün ordumuz qanuni hüquqlarından istifadə edə bilər. Hesab edirəm ki, ordunun son addımları düzgündür. Ordunun vəzifəsi odur ki, dövlətə və xalqa qarşı olan basqıları aradan qaldırsın. Ordunun vəziyyətinə gəldikdə isə müəyyən problemlər olsa da, Silahlı Qüvvələrin gücü çatar ki, işğal edilən ərazilərdə geniş miqyaslı hərbi əməliyyatlar apararaq bu əraziləri düşməndən təmizləsin”.

Azinform.az

LEAVE A REPLY