Lalə Ramızqızı
Leyla Yunus kimlərin hüququnu müdafiə edirdi?
Elçibəylə Leylanı eyni ürəklə sevmək olarmı?
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs edilməsinə qətiyyən sevinmirəm. Ancaq nə etmək olar!!! Hər kəs saxlanıla bilər və qanun qarşısında cavab verməli olar…
Yazdıqlarımı “yıxılana balta vurmaq” kimi qəbul etməyin. Çünki daima həqiqətləri qələmə almağı özümə borc bilmişəm. Xatırlayırsınızsa, atam-“Millətim”-in baş məsləhətçisi Ramiz Tağıyev də həbs edilmişdi. Atamın Vətənimiz və Millətimiz qarşısında xidmətləri barədə gənc nəsil bir o qədər məlumatlı olmasa da, yaxın keçmişdə onunla eyni təşkilatda-AXC-də təmsil olunmuş Leyla Yunusun məlumatsız olması inandırıcı görünmür.
Bir zamanlar sovet imperiyasının tikanlı məftillərinin sökülməsinin ideya müəllifi olmuş atam, həm də həmin məftilləri ilk olaraq öz əlləriylə dağıtmışdı. Həmin imperiyanın qan damarı sayılan dəmiryol tətillərinə ilk imzanı da məhz atam qoymuşdu. Hələ bunlar azmış kimi, Culfa rayonuna rəhbərlik etməyə başlayarkən ilk sərəncamı SSRİ imperiyasının onurğa sütunu sayılan “KQB”-nin yerli şöbəsinin fəaliyyətinin dayandırılmasıyla bağlı olmuşdu. Zaman elə gətirdi ki, müstəqilliyimiz və müqəddəs torpaqlarımız uğrunda bütün varlıqlarıyla mübarizə aparanlar elə təmsil olunduqları təşkilatlar tərəfindən məqsədəuyğun şəkildə unutdurulmağa çalışıldı. Çünki AXC kimi qəhrəmanlıq tarixi yazmış təşkilatlar çətin günlərdə qorxaqlıq, pısırıqlıq etmiş birilərinin əlinə keçmişdi. Məhz onların sayəsində indi Vətəni müdafiə etmək deyil, əksinə Vətəni beynəlxalq təşkilatların gözündən salmaq, hətta satmaq qəhrəmanlıq hesab edilməsi zamanına yetişdik.
Bir çoxları Leyla Yunusu qəhrəmanlıq zirvəsinə ucaltmaq üçün “dəridən-qabıqdan” çıxmaqdadır. Hətta cəbhədə şəhid olmuş Vətən övladlarına, Leyla Yunus qədər sayğı göstərilmir, yazılar həsr edilmir. Təbii ki, bu Leylanı müdafiə edənlərə aiddir.
Atam həbs edildikdə hüquq müdafiəçisi kimi L.Yunusa müraciət etməyi qərara aldım. Nə qədər cəhd etsəm də, Leyla Yunus mənimlə görüşməkdən imtina etdi. Çünki mən Azərbaycanı canından artıq sevən, Millərsevər Ramiz bəyin qızıydım. Üstəlik də loqosunda boz qurd rəmzi olan olan “Millətim” qəzetinin baş redaktoru idim. L.Yunus məhz həmin səbəbdən mənimlə görüşdən imtina etdi. Axı qrantını kəsərdilər. Leylaya qrantı yalnız dövlətini ifşa etmək, millətini aşağılamaq xatirinə verirlərmiş.
Atamın əmisi, fizika-riyaziyyat elmləri doktoru olan ağsaqqalımız da L.Yunusla görüşmək istəsə də, məşhur “hüquq müdafiəçisi” görüşün baş tutmaması üçün bütün aldadıcı manevrlərindən ustalıqla istifadə edə bildi. Çünki bizlər xaricdən idarə olunan siyasi şəbəkəyə daxil deyildik.
Mənə qəribə görünən digər bir məqamdır. Əli Kərimli özünü Əbülfəz Elçibəyin davamçısı, rəhbərlik etdiyi AXCP-ni isə AXC-nin hüquqi varisi hesab etməkdədir. Ancaq bu günkü mövqeləri, tutduqları yol tamamilə əksini söyləyir. Ə.Kərimli AXC-nin keçdiyi şərəfli mübarizə yolundan, tarixi zənginləşdirən adından yalnız öz siyasi məqsədləri üçün istifadə edir. Yoxsa AXCP sədri L.Yunusla eyni yola, eyni əqidəyə xidmət göstərə bilərdimi?
Yaxın keçmişdə L.Yunusun AXC-nin lideri Əbülfəz Elçibəy barədə ən iyrənc ifadələr işlətdiyini keçmiş cəbhəçilərin hamısı eşidib. Yəni, bunlar inkaredilməz faktdır. L.Yunus, Zərdüşt Əlizadə və hazırda xaricdə yaşayaraq tez-tez Erməsintana səfərlər edib, çörəyi ilə böyüyüb, boya-başa çatdığı Azərbaycanımız barədə böhtanlar yağdıran vətən xaini Əlikram Hümmətov 1989-cu ildə AXC-ni parçalamaq üçün, Moskvanın sifarişiylə Sosial Demokrat Partiyası yaratmışdılar. Yəni L.Yunusun Əlikramdan bir o qədər ciddi fərqi yoxdur. Sadəcə olaraq biri tez ifşa olundu, digəri bir az gec.
Bizləri müdafiə etməkdən çəkinənlər, indi Leyla uğrunda canlarını fəda etməyə hazır kimi görünürlər. Nə etsinlər, pulları belə müdafiələrdən qazanırlar. İndi səs-küy salıblar ki, Leylanın vəziyyəti pisləşib, şəkər xəstəsiymiş. Allah şəfasını versin deməkdən savayı gücümüz nəyəsə yetişməz. Bizə isə bunu da deyən olmadı. Atam bir çox xəstəliklərdən əziyyət çəkirdi ki, onları da Vətən uğrunda mübarizələrdə qazanmışdı. Bu gün Əlinin “Azadlığ”ına çevrilmiş qəzet onu ərsəyə gətirən kişilər barədə yazmaq əvəzinə, AXC-nin qurucusu, əbədi və ölməz lideri Əbülfəz Elçibəyi söyüb təhqir edən Leylanın alovlu müdafiəçisinə çevrildi. Elçibəyin üzünə zamanında durmuş birinin oğlu olan Zərdüşt Əlizadəyə “Azadlıq” qucaq açdı, ona daimi tribuna ayırdı. Utanmasalar, ən əsası isə millətdən çəkinməsələr Əlikramı da təbliğ edərlər, inanın, edərlər. Axı adlarını AXCP qoysalar da, ada nə verilir ki? Dəyişin adınızı, LXCP qoyun. Yəni Leylaçıların Xalq Cəbhəsi Partiyası. Elçibəyi dünən də, bu gün də söyənlərlə, onun ruhunu təhqir edənlərlə birgə olanların özünü AXC-nin varisi elan edib, AXCP adını mənimsəməyə mənəvi haqları çatırmı?