Əli Kərimli Fərhad Əliyev “tandemi” hərəkətə keçir…
AXCP üzvünün ABŞ səfərinin məramı aydın oldu.
2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilərək, 2013-cü ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamıyla azadlığa qovuşmuş sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev uzun müddətdir ki, xarici ölkələri gəzməkdədir. Təbii ki, onun xarici səfərlərində qeyri-adi nə isə aramaq fikrində deyildik, ancaq aldığımız informasiyalar diqqətimizi sabiq nazirin xarici səfərlərinə yönəltdi.
Belə ki, F.Əliyevin AXCP sədri Əli Kərimli ilə yenidən yaxınlaşması xəbərini okeanın o tayından aldıq. Əslində, onların əlaqələri kəsilməmişdi, sadəcə olaraq F.Əliyevin manevrlərinə uyğun hərəkət etmək məqsədəuyğun hesab edilmişdi.
Həbs edilməmişdən öncə də ard-arda xaricə səfər edən, xüsusilə bir neçə dəfə ABŞ-da təmtəraqla qarşılanan F.Əliyev xarici dairələrin təsiriylə ölkə müxalifətinin bəzi nümayəndələriylə isti münasibətlər qura bilmişdi. O, həmin ərəfədə ölkənin əsas islahatçı fiquru kimi təqdim olunmaqdan həzz aldığını gizlədə bilmirdi. ABŞ-da etdiyi səfərlərdə həmin ölkənin universitetlərinə dəvət edilib, təqdimatlarda F.Əliyev olduğundan dəfələrlə yüksək səviyyədə təbliğ edilirdi. Əlbəttə, bu işdə ona həmin zaman özünü ustalıqla kölgədə saxlaya bilən Ə.Kərimlinin dəstəyi xüsusi olaraq qeyd olunmalıdır.
Okeanın o tayındakı isti münasibətlərdən təsirlənən sabiq nazir ölkəsində özündən yuxarıda kimsəni görmək istəmirdi. O, bəzi televiziya kanallarından kimlərəsə ultimatum verir, hətta hədə-qorxu da edirdi. Elə o zamandan F.Əliyev AXCP sədrinin əlində cəmləşmiş mətbu orqanlarında da müdafiə olunurdu. Onun təbliği “Azadlıq” və “Bizim Yol” qəzetləri vasitəsilə edilirdi. Sirr deyil ki, həmin ərəfədə AXCP-yə və onun mətbu orqanlarına F.Əliyev tərəfindən milyonlarla yardım ötürülürdü. Məhz sabiq nazirin yardımıyla “Bizim Yol” qəzeti 2005-ci ildə ən yüksək tirajlı mətbu orqana çevrilmişdi.
Fərhad Əliyevin müdafiəsi necə təşkil edilmişdi?
F.Əliyev həbs edildikdən sonra, AXCP-nin və bir sıra KİV-lərin onun müdafiəsinə qalxması sabiq nazirin onlarla ilişkisini bir daha təsdiqlədi. “Azadlıq” qəzeti F.Əliyevə həsr edilmiş 5 xüsusi bülleten buraxdı ki, onların da hər biri sabiq nazirə 250 min ABŞ dollarına başa gəlmişdi. AXCP sabiq nazirin hüquqlarını müdafiə komitəsi yaratmışdı. Müdafiə Komitəsinə AXCP sədrinin müavini Cəmil Həsənli rəhbərlik edirdi. F.Əliyevin hüquqlarını müdafiə işini təşkil etmək məqsədilə AXCP sədrinə hər ay 100 min ABŞ dolları verilirdi ki, həmin pulun iki mini C.Həsənliyə çatırdı. Beş il belə davam etdikdən sonra Fərhad Əliyev ayırdığı vəsaitin müqabilində effektli iş aparılmadığını duyunca, qohumlarına KİV-lərə və AXCP-yə etdiyi yardımların dayandırılması mesajını göndərmişdi. Bundan sonra sabiq nazir özünü dönməz iqtidarçı, yəni sona qədər ölkə prezidenti İlham Əliyevə sadiq olan birisi kimi təqdim etməyə çalışdı. Əlbəttə, onun belə mövqeyinə yalnız özü inana bilərdi. Çünki F.Əliyev itirdiyi 9 ili kimsəyə bağışlamaq fikrində deyildi. O, bu barədə yaxın çevrəsinə daima mesajlar göndərir, azadlığa çıxdıqdan sonra həbsdən öncə başladığı mübarizəsini davam etdirəcəyini söyləyirdi. Bütün bunlar söyləməyə əsas verir ki, F.Əliyev həbsdə olarkən müdafiəsinin təşkilindən razı qalmayıb. O, daha çox öz siyasi manevrlərinə üstünlük verərək azadlığa qovuşduğunu sonradan da yaxın çevrəsinə bəyan edib.
Sabiq nazir nə üçün xaricə getdi?
Bəzi dairələrdə F.Əliyevə ölkə içində təzyiqlər edildiyindən xaricə getdiyini söyləyirlər. Ancaq araşdırmalarımız təsdiq edir ki, sabiq nazirə hər hansı təzyiq olmayıb, əksinə, ölkəmizdə ona bizneslə məşğul olmaq üçün münbit şərait yaradılıbmış. Ancaq bu sabiq nazirin bir sıra xarici ölkə qarşısında götürdüyü öhdəliyin qarşısını almaq üçün yetərli ola bilməyib. Təbii ki, F.Əliyev öhdəliklərindən imtina edəcəyi təqdirdə, dövrəyə onun zamanında sözün əsil mənasında etdiyi xəyanətlər barədə məlumatların ötürüləcəyini təxmin edə bilib. Məhz həmin səbəbdən o, yeganə seçimini xaricə getməkdə görmüşdü. Çünki sabiq nazir Azərbaycanda qalıb heç bir siyasi fəaliyyətlə məşğul ola bilməyəcəyini dəqiqləşdirmişdi.
F.Əliyevin sorağı gah Londondan, gah da Avropanın digər ölkələrindən gəlməkdədir. Artıq o da məlumdur ki, sabiq nazir təkcə səyyahlıq etmir. Onun bir çox təşkilatlarla əlaqələrini bərpa etməsi aşkarlanıb. Belə ki, F.Əliyev okeanın o tayı ilə də əlaqələrini təzələyib.
AXCP mətbuat xidməti rəhbərinin ABŞ-a səfərinin gizlinləri…
AXCP sədri Əli Kərimli özünün tamamilə fiaskoya uğramış siyasi fəaliyyətini zaman-zaman digərlərini önə çıxarmaqla sığortalamağa çalışır. 2013-cü il prezident seçkiləri bir daha bunu təsdiq etdi. Seçki ilinin başlanğıcında Ə.Kərimli iddiasını ortaya qoysa da, sonradan Cəmil Həsənli kimi zəif birinin arxasında gizlənmək məcburiyyətində qaldı. Xatırladım ki, hələ 2013-cü ilin fevral ayında Ə.Kərimlini himayə edən “Azadlıq” radiosu sorğu keçirərək elan etmişdi ki, guya sorğuda iştirak edənlərin əksəriyyəti İlham Əliyevə əsas rəqib kimi AXCP sədrini görürlər. Ancaq nə etmək olar, çox keçmədi ki, Ə.Kərimli gah Rüstəm İbrahimbəyov kimi naşının, yəni siyasətdən bixəbərin, sonradan isə C.Həsənlinin arxasında gizlənməli oldu. İndi isə o, F.Əliyevi önə çıxarmaq niyyətini gizlətməyib. Bu məqsədlə Ə.Kərimli son aylar ən çox etibar etdiyi AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovu ABŞ-a səfərə göndərmişdi. N.Adilovun ABŞ-da bir-neçə ay qalaraq, mətbuat xidmətini okeanın o tayından idarə etməsi səbəbsiz deyilmiş. O, AXCP sədrinin tapşırığına əsasən sabiq İqtisadi İnkişaf naziriylə əlaqələrin bərpasına nail ola bilib. Təbii ki, N.Adilov bunu sabiq naziri himayə edən ABŞ-ın xüsusi xidmət orqanlarının vasitəsilə edə bilib. Bundan əlavə AXCP mətbuat xidmətinin rəhbəri təşkilatı üçün ayrılmış maliyyə vəsaitlərinin Azərbaycana ötürülməsi yolarının təzələnməsinə də nail olub.
Son günlər “Azadlıq” qəzetinin maliyyə çatışmazlığı ucbatından bağlanacağı ilə bağlı suni sürətdə yaradılmış ajiotaj da, məhz Ə.Kərimliyə ötürülmüş külli miqdarda maliyyə vəsaitini pərdələməyə xidmət göstərir.
Bir sözlə, 2015-ci il parlament seçkilərinə qədər Əli Kərimli-Fərhad Əliyev “tandemi”nin hərəkətə keçərək, surəti bir xeyli artıracaqlarının hamı şahidi olacaq.
Turan Türk