“Rusiya İrəvani kəşfiyyat materialları ilə təmin edib”
“Moskva əvvəllər müəyyən şirnikləndirmələrlə Azərbaycanı Gömrük İttifaqına cəlb etmək istəyirdisə, indi görünür, ritorikanı dəyişib”.
Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycanın 11 əsgərinin cəbhənin təmas xəttində şəhid düşməsi ilə bağlı informasiyanı şərh edərkən söyləyib.
O, Rusiyanın Azərbaycana enerji məsələləri ilə əlaqədar təzyiq etdiyini bildirib:
“Görünür, Rusiyanın iştahası artıb. Bölgə ilə bağlı Qərb ölkələrinin taktiki strateji maraqları dəyişib. Rusiya Qafqazda yanğın ocağı yaratmağa çalışır və bunu Gürcüstanla Azərbaycanın üzərində qurmaq istəyir. Məqsədləri Qərb üçün əhəmiyyətli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzuruma, eləcə də Nabukko layihəsinin reallaşmasına imkan verəcək TAP və TANAP layihələrinin gerçəkləşməsinə maneçilik törədib özlərinin “Cənub axını” proyektini önə çıxartmaqdan ibarətdir. Bu məqsədlə də onlar Azərbaycana təzyiqlərini artırır. Bunun üçün Rusiya hətta Ermənistan tərəfə müəyyən kəşfiyyat materialları da ötürür. Bununla yanaşı, onlar erməniləri müəyyən təlimatçılar və kəşfiyyatçılarla təchiz edirlər. Moskva, beləliklə, Bakını müharibəyə sürükləməyə çalışır. İstər Əlibəyli hücumu, istərsə də digər istiqamətlərdəki fəaliyyətlərin hər biri Rusiyanın ermənilərə təqdim etdiyi kəşfiyyat materialları əsasında baş tutub. Rusiya, görünür, Azərbaycanın Qərbə istiqamətlənən siyasətinə qısqanclıqla yanaşır. Bir müddət öncə İlham Əliyevin özü də çıxışında dedi ki, bizim üçün əsas prioritet Qərbdir. Rusiya bununla əhali içərisində bir qorxu və vahimə yaratmaq istəyir. Bu, baş tutan bir şey deyil. Azərbaycan öz hərbi potensialını işə salsa, buradan istənilən qüvvəni qova biləcək”.