Jurnalistikanın dekanı: “Bundan sonra zorən jurnalistlər hazırlanmayacaq”
“Jurnalistika fakültəsinə qəbul olmaq üçün qabiliyyət imtahanının keçirilməsini əla qiymətləndirirəm. İnşallah qəbul qaydaları təkmilləşəcək və millətimiz üçün uğurlu olacaq. Başqa fakültələrdən zorla kimlərsə gəlməyəcək. Jurnalistikanı istəyənlər jurnalistika ilə məşğul olacaqlar. Yəni bundan sonra zorən jurnalistlər hazırlanmayacaq”. Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev deyib.
Qeyd edək ki, bu ildən qəbul qaydalarında edilən dəyişikliyə əsasən jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verməlidirlər. Artıq dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalist olmaq istəyən abituriyentlər arasında qabiliyyət imtahanı keçirib.
Ş. Vəliyevin sözlərinə görə, dünənki imtahanda qəbul qaydaları gözlənilib: “Bundan sonra jurnalistikaya qəbul olanların sayının artıb artmayacağı məsələsi dövlət planlaşması ilə olan bir şeydir, o barədə qabaqcadan heç nə demək olmaz. Amma artırılmasına ehtiyac olarsa artırılacaq, ehtiyac olmasa artırılmayacaq.
Şəhərdən kənarda olduğumdan dünənki imtahanı yaxından müşahidə edə bilmədim. Amma bilirəm ki, bütün qəbul qaydaları yüksək səviyyədə həyata keçirilib, az-çox məlumatım var. Yəqin ki, seçimdə obyektivlik əsas götürüləcək. Çünki jurnalistikanı istəyənlər gəlirsə, bu tək təhsil müəssisəsinin yox, ümumiyyətlə, cəmiyyətimizin uğurudur. Hərə öz işi ilə məşğul olacaq”.