Kimdir günahkar?

0
6

Qüdrət Əzizov

Kimdir günahkar?

Bir neçə gün öncə hər kəsin diqqəti Sabirabadda yaşanan olaya cəmləndi. Sələfi təriqətinin üzvü Cavanşir Zərbəliyevin döyülərək saqqalının qırxılması birmənalı qarşılanmadı. Dini zəmində ölkədə qarşıdurma yaratmaq istəyənlərin hansı məqsədə, kimlərə xidmət etməsi narahatlıq doğurmağa başlayıb. Məgər biz müsəlmanlara buyrulmadımı ki, heç bir kəsə dininə, irqinə, cinsi mənsubiyyətinə görə yanaşmayaq, onları buna görə qınamayaq, təzyiq göstərməyək. Hər kəs öz əməlinə görə cavabdehdir, kimisə cəzalandırmaq bizim işimiz deyil, əgər bir günahı varsa onları cəzalandıracaq, dövlətin lazımi instansiyaları var, məhkəmələr var, hüquq sistemi var.
Qayıdaq digər bir məsələyə, bunu edən şəxs nəyə görə bu əməli törədib? Məgər kənara çəkərək öz iradını bildirə bilməzdimi? Yaxud kimlərinsə yönləndirməsi ilə ölkədə mənsəb davası salmaq məqsədi daşıyıb? Sualları getdikcə artıra bilərik, amma bu suallara kim cavab verəcək? Kimdir burda günahkar?
Bu gün Suriyada, İraqda, Fələstində günahsız insanlar qətlə yetirilir. Yaşlı, qadın, uşaq demədən vəhşicəsinə, amansızlıqla. Amma nəyə görə bunun qarşısı alınmır? Niyə dünya birliyi hələ də bu ədalətsizliyə susur?
Artıq Azərbaycanda da terror qruplaşmalarına qoşulan gənclərin sayı gündən günə artır. Beyni yuyularaq, hansısa vədlər verilərək Suriyaya, İraqa aparılan gənclərimizin artması təhlükənin artıq pik nöqtəsinə çatdığının xəbəridir. Hazırda ölkəmizdəndə bu cür radikal qruplaşmalara qoşulanlar az deyil. Suriyadakı silahlı qruplaşmalara, İŞİD terror təşkilatına qoşularaq günahsız insanların qanını tökməkdən çəkinmirlər. Dövlət səviyyəsində bu gənclərin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Göz görə-görə gəncliyimizin bu cür məhv olmasına imkan vermək olmaz. Bu gələcəkdə Azərbaycanın fəlakəti ola bilər.
Dünya var olduğundan bəri müharibələr mövcud olub və olacaq, çünki insan oğlu həmişə daha çoxuna sahib olmaq istəyir. Bu müharibələrin nə vaxt sona çatacağı da məlum deyil. Günahsız uşaqların, qadınların, yaşlıların qanı hələ çox axıdılacaq.
Müharibədə hansı tərəfin qalib gələcəyi, insan tələfatı və bunun kimi bir çox şeylər 3-cü tərəfi maraqlandırmır. Bəs bu 3-cü tərəf kimdir desəz, bu qədər insanların ölümünə səbəb olan “Silah alverçiləri”-dir. Bu qruplarla mübarizə davam etdirilməlidir. Çünki bu müharibələr çox ailəni atasız, oğulsuz, qardaşsız qoyacaq.
Tarix heç bir cinyətkarı cəzasız qoymur. Əlbəttə bir gün bu vəhşilikləri edənlər cəzalanacaq, amma bunu ümid edib gözləmək olmaz, günahsız yerə daha çox insan ölməsinə göz yummayın…
Əsas o sual isə sizi düşündürsün ki, bu qədər fəlakətlər törədən, mənsəb savaşı salmaq istəyən, müharibələrin qurtarmaması üçün əlindən gələni edənlər, bu cür vəhşilikləri edən kimlərdir? Kimdir günahkar?

LEAVE A REPLY