Turan Türk
Canlı ensklopediya dünyasını dəyişdi.
İstefada olan polkovnik Sadıq Zeynal oğlu Sadıqovu Daxili İşlər Nazirliyində belə adlandırmışdılar-Polisin canlı ensklopediyası. Bir müddət öncə onu son mənzilə yola salan keçmiş həmkarları dəfələrlə polkovnikdən, onun Vətən qarşısındakı böyük xidmətlərindən söhbər açdılar.
Hamı onu təmiz vicdanlı, saf qəlbli, yüksək əxlaqlı şəxsiyyət kimi xarakterizə etməkdən yorulmurdu. Onu son mənzilə yola salanların sırasında vaxtı ilə polis orqanlarına qəbul etdiyi, onlara vəzifə borclarını yerinə yetirməkdə tövsiyyələr verdiyi polis əməkdaşları da az deyildi. Belə ki, polkovnik S.Sadıqov polis leytenantından polkovnik rütbəsinə yüksələnədək şərəfli yol keçmişdi. Onu bu gün Azərbaycanın əksər bölgələrində xoş xatirələrlə xatırlamaqdadırlar. 1974-81-ci illərdə Salyan rayon Polis idarəsinə rəhbərlik etmiş polkovnik S.Saqıqovun dəfn mərasimində xeyli Salyanlının iştirak etməsini onun fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul etmək olar.
Məhz həmin dəyərli fəaliyyətinə, rayonda qazandığı yüksək nüfuzuna rəğmən 1981-ci ildə polkovnik S.Sadıqov böyük dövlət xadimi Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri vəzifəsinə irəli çəkilir. 6 ilə yaxın bir müddtədə həmin vəzifədə çalışan S.Sadıqov sözün əsil mənasında naxçıvanlıların sevimlisinə çevrilir. Polkovnikin daima “məni nazir vəzifəsinə Ümummilli liderimiz Heydər Əliyev layiq görmüşdü. Onun etimadını doğrultmaq üçün əlimdən gələni hər şeyi etdim. Mən Stalin repressiyasına məruz qalmış nəslin övladıyam. Ulu öndər məni Salyan Polis İdarəsinə rəis, Naxçıvana nazir göndərməklə əslində nəslimizə tam bəraət verdi. Onu unutmaq olarmı?”-deyərdi.
S.Sadıqov vəzifəsindən zərrə qədər təmənna güdməyən böyük insan idi. Nazir vəzifəsində çalışarkən onlarla imkansız ailənin övladlarını işə qəbul etmişdi ki, bunu Naxçıvanda bilən, yüksək qiymətləndirən kifayət qədər insan var.
S.Sadıqov 1989-cu ildə təqaüdə çıxsa da fəaliyyətini Daxili İşlər Nazirliyinin Arxiv İdarəsində mülki işçi olaraq etdirdi. Elə həmin ildən də Stalin repressiyasına məruz qalmış insanların reabilitasiyasıyla məşğul olan xüsusi komissiyaya təyinat aldı. Minlərlə ailənin bəraət qazanmasına yardım etdi S.Sadıqov. O, insanlara xidmət göstərməkdən bir an belə yorulmadı. Əksinə, ahıl çağında gənclik eşqiylə yorulmadan gecə-gündüz çalışdı, qocaman polkovnik. Yorulmadan çalışmasına rəğmən üç dəyərli əsər yaratdı Sadıq müəllim.
“Tarixin qan yaddaşı” adlı əsərini erməni-rus birliyinin günahsız millətimizin başına gətirdiyi müsibətlərə həsr etdi ki, bu gündə əksər tarxiçilər onun əməlindən dəyərli mənbə kimi istifadə etməkdədir.
Üç yaşında babasıyla birgə sürgünə göndərilən S.Sadıqov bir an belə olsun yaşadıqları sürgün həyatını unutmadı. Naxçıvanı kəndbəkənd dolanaraq repressiyaya məruz qalmış ailələrlə görüşdü. Şahbuzun Keçili, Külüş, Culfanın Qazançı və Milax kəndlərində baş vermiş müsibətlərin əsil səbəblərinə aydınlıq gətirə bildi Sadıq müəllim. Azərbaycanın Təhlükəsizlik orqanlarına soxulmuş erməni daşnaklarını bütün dünyaya ifşa etməyə səy göstərdi S.Sadıqov. Polkovnikin yazdığı əsərlər Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən təkrar nəşr etdirilərək, həmin ölkədə yaşayan azərbaycanlıların stolüstü kitabına çevrildi.
Polkovnik Sadıq Zeynal oğlu Sadıqovun yas mərasimində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov, müavinləri general-leytenantlar-Vilayət Eyvazov, Oruc Zalov və digər rəsmi şəxslərin iştirak etməsi mərhumun əmək fəaliyyətinə, tədqiqatçı-yazarlığına verilən böyük qiymət oldu. Cənab nazir R.Usubov mərhumun yaxınlarına S.Sadıqov barəsində öz xatirələrindən söhbət açaraq, dəyərli polis əməkdaşlarını bundan sonra da qiymətləndirəcəklərini bəyan etdi.
S.Sadıqov üçün Azərbaycanın hər bir güşəsi cənnət idi. O, bunu Xızı rayonunun Ağdərə kəndində baş verən müsibət barədə ətraflı tədqiqat aparaq, kitabında işıqlandırmasıyla bir daha təsdiq etdi.
S.Sadıqovun qan yaddaşı çox güclü idi. O, əzəli düşmənlərimizin millətimizin başına gətirdiyi faciələrlə bir an barışa bilmədi, unutmadı. Onun özünün də heç bir zaman unudulmayacağını, xatirələrdə əbədi yaşayacağını indidən söyləmək olar.