Azərbaycanda 200 min manata siyasi partiya satılır
Azinform.az -a Azərbaycanda olan siyasi partiyalardan birinin ətrafında alış-verişin getdiyi barədə məlumat daxil olub. Söhbət dövlət qeydiyyatından keçmiş Milli Qurtuluş Partiyasından (MQP) gedir. Məlum olduğu kimi, bu partiyaya 1989-cu ildən 2008-ci ilə qədər Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Məhəmməd Hatəmi rəhbərlik edib. 2008-cil 20 iyul tarixində keçirilən III Qurultay Səlahiyyətli Konfransında Vüqar Bəyturan partiyanın başqanı seçilib. Həmin vaxtdan da partiya rəhbərliyinin dəyişməsi barədə mətbuata heç bir açıqlama verilməyib. Son üç ildə Vüqar Bəyturanın siyasi arenada görünməməsi və hansı bir fəaliyyətlə məşğul olması haqda mətbuata heç bir məlumat verməməsi də, bu partiya ətrafında yeni söhbətlərin meydana çıxmasına rəvac verib.
Azinform.az-a Vüqar Bəyturanın köhnə silahdaşlarından olan bir nəfər tərəfindən partiyanın 200 min manata satışa çıxarılması haqda məlumat verilib. Mənbənin dediyinə görə, bu məlumatı ona şəxsən Bəyturanın özü verib: «Mən eşitdim ki, Vüqar bəyin partiyanı satmaq fikiri var. Bir nəfər də qeydiyyatdan keçmiş partiya almaq istəyirdi. Ancaq mənə ilkin qiyməti 100 min manat demişdilər. Vüqar bəylə əlaqə saxladım. dedi ki, 100-ə yox, 200 minə satıram».
Azinform.az bu məlumatı dəqiqləşdirmək üçün hazırda Naxçıvan MR-də olan Vüqar Bəyturanla əlaqə saxlayıb. Vüqar bəyin məsələyə münasibəti olduqca soyuqqanlı və maraqlı oldu. O, yayılan informasiyanı qəti şəkildə təkzib etmədi və bunları söylədi: «Mənim partiyam var ki, satam».
«Bəs , MQP-nin sədri kimdir» sulaına isə, «Heç kim » deyə cavab verdi.
Ancaq bizdə olan məlumata görə, bütün rəsmi sənədlərdə partiyanın sədri kimi Vüqar Bəyturanın adı keçir. Məhəmməd Hatəmi isə yalnız fəxri lider statusunu daşıyır. Əslində, hansısa partiyanın hərrac yolu ilə satılmasında heç bir qəbahət yoxdur.
Azərbaycan siyasətində belə hallar çox olub. Məsələn, hazırda parlament təmsilçisi olan Ümid Partiyası da İqbal Ağazadə tərəfindən belə alış-veriş nəticəsində ucuz bir qiymətə əldə edilib. Bu baxımdan da, Ümid Partiyasının İqbal Ağazadə tərəfindən təsis edildiyini iddia edənlər yanılırlar.