Poroşenkoya sui-qəsd planlaşdıran diversiya qruplarının qarşısı alınıb
Ukraynanın şərqində prezident Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb. Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib.
S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.
Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.
Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb.