Səfər Aşurov:“Naxçıvanda beynəlxalq arxeoloji araşdırmalar erməni yalanlarına son qoyub”

0
12

Səfər Aşurov:“Naxçıvanda beynəlxalq arxeoloji araşdırmalar erməni yalanlarına son qoyub”

“Dünya elmi Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi olmadığını təsdiq edib”

Naxçıvanın Şərur rayonunun bir sıra yerlərdində arxeoloji qazıntılar aparan tarix elmləri namizədi, arxeoloq Səfər Aşurovla müsahibə

– Səfər bəy, istərdik ki, öncə yaxın şərqin qədim diyarlarından olan Naxçıvanın tarixi haqqında oxucularımıza məlumat verəsiniz. Arxeoloji tapıntılar Naxçıvan tarixindən hansı xəbəri verir?

– Naxçıvan coğrafi yerləşim sisteminə, təbii sərvətlərinə görə elə zəngin resurslara malikdir ki, bütün tarixi dövrlərdə insanların diqqətini cəlb edib. Digər tərəfdən, strateji mövqeyi elədir ki, Qafqaz və Ön Asiya arasında keçid məntəqəsi rolunu oynayır. Naxçıvanın Arazboyu əraziləri 850 m, yüksək dağlıq ərazilərinin isə 3900 m-dək yüksəklikdə yerləşməsi ərazidə istər əkinçilik, istərsə də maldarlıq üçün əlverişli şərait yaradıb. Şərur rayonu ərazisindəki Qazma mağarasında 1983-cü ildən aparılan arxeoloji tədqiqatlar bölgədə 32000 il əvvəl insanların məskunlaşmasından xəbər verir. İstehsal təsərrüfatının meydana gəlməsi ilə əlaqədar olaraq insanların həyat tərzində və məişətində köklü dəyişiklilklər baş verir. Naxçıvan ərazisində ən geniş tədqiq olunan dövrlərdən biri məhz bu dövr – eneolit və ilk tunc dövrləridir. Hələ ötən əsrin 50-ci illərində I Kültəpədə başlanılan arxeoloji qazıntılar bütünlükdə eneolit və ilk tunc dövrü barədə mövcüd elmi fikirləri dəyişdi. Cənubi Qafqazın qədim arxeoloji mədəniyyətləri, tarixi xronologiya barədə yeni elmi mülahizələr formalaşdırdı və bu günədək demək olar ki, etalon nəzəriyyələr olaraq qalmaqdadır. I Kültəpədən Xələf tipli keramikanın tapılması isə hələ eramızdan əvvəl V minillikdən Naxçıvan ərazisində məskunlaşmış tayfaların Mesopatamiya ilə sıx əlaqəsinin olduğunu təsdiq etdi. Sonrakı dövrlərdə II Kültəpə, Ovçulartəpəsi, I Maxta, Aşağı Daşarx abidələrində aparılan tədqiqatlar isə eneolit və ilk tunc dövrünün Kür-Araz mədəniyyəti arasında varislik əlaqələrinin öyrənilməsində, mədəniyyətlərin ilkin yaranma öcaqlarının və yayılma istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Yüksək iqtisadi mədəni inkişaf səviyyəsinə yüksəlmiş Naxçıvan tayfaları e.ə. II minillikdə şəhər tipli yaşayış məskənləri yaratmışlar. II Kültəpədə aparılan tədqiqatlar e.ə. II minillikdə qədim şəhərlər üçün xarakterik xüsusiyyətlərin hamısının bu abidədə mövcudluğunu təsdiq etdi. İctiami təbəqələşmə, qonşu bölgələrdə dövlətlərin mövcudluğu Naxçıvan ərazisində də dövlətləşmə meyllərini gücləndirib və nəticədə e.ə. I minillikdə müəyyən mərkəzlərdən idarə olunan dövlətlər meydana gəlib. Şərur rayonu ərazisindəki Oğlanqala abidəsi bunun bariz nümunəsidir. 50 hektardan artıq ərazini əhatə edən qədim şəhərin yeri və onun ətrafındakı komplekslərdə aparılan arxeoloji tədqiqatlar təsdiq etdi ki, e.ə. I minillikdə Arpaçay vadisində məskunlaşan tayfalar məhz bu şəhər ətrafında sıx birləşərək yadelli işğalçıların bölgəyə daxil olmasına imkan verməyib. Son illərədək Naxçıvan ərazisində Urartu işğalı əlamətlərinə rast gəlinməməsi sualına artıq cavab tapılıb. Çünki Naxçıvanın qərbində, Şərur düzündə Urartu kimi güclü bir dövlətlə rəqabət apara biləcək, onların Naxçıvan və bütövlükdə Azərbaycan ərazisinə yürüşlərinin qarşısını ala biləcək güclü bir dövlət mövcud olub. Oğlanqala tədqiqatları təsdiq etdi ki, bu şəhər yerinin tarixinin müəyyən hissəsi qədim Azərbaycan dövlətlərindən olan Atropatena ilə bağlıdır. Naxçıvan ərazisində mövcud olmuş zəngin dövlətçilik ənənələri məhz sonralar, orta əsrlərdə Eldənizlər dövlətinin yaranmasının, intibah mədəniyyətnin yaşanmasının zəmini olub.
– Arxeoloji tapıntılar Naxçıvanın etnoqrafiyası haqqında hansı məlumatları ortaya çıxarır?
– Ümumiyyətlə arxeologiya və etnoqrafiya elmləri bir-biri ilə sıx bağlıdır. Qədim insanların məişətinin, təsərrüfat məşğuliyyətlərinin, dini ideoloji baxışlarının öyrənilməsində arxeoloji tədqiqatların rolu əvəzsizdir. Yazının mövcud olmadığı bir dövrdə maddi tapıntılar əsas rol oynayır. Naxçıvanın qədim abidələrində aparılmış tədqiqatlar nəticəsində aşkar olunmuş tikili qalıqları əsasında evlərin forma və quruluşları, onların interyeri bərpa olunur. Gəmiqaya təsvirləri, abidələrdən əldə olunmuş osteoloji qalıqlar qədim insanların təsərrüfat həyatlarını bərpa etməyə imkan verir. Digər tərəfdən, etnoslar arasında əlaqələrin, həmçinin Azərbaycan ərazisində bütün tarixi mərhələlərdə sıx varislik əlaqələrinin araşdırılmasında da arxeoloji tapıntılar etnoqraflarımıza tutarlı mənbələr vermişdir. Elə bir faktı qeyd edim ki, Naxçıvan ərazisindən əldə olunmuş və tunc dövrünə aid daş qoç fiqurları orta əsrlərdə geniş yayılmış qəbirüstü daşqoçlardan yalnız ölçülərinə görə seçilir. Qəbir abidələrinin və dəfn adətlərinin tədqiqi də məhz Naxçıvan ərazisində bütün tarixi mərhələlərdə mədəniyyətlərarası əlaqənin pozulmadığını təsdiq edir.

– Bildiyimiz qədər Şərur rayonunun Maxta kəndində elmi ekspedisiya aparmısınız. Ümumiyyətlə, Maxta kəndinin tarixi haqqında nə deyə bilərsiniz?

– Maxta kəndi ərazisində ilk arxeoloji tədqiqatlar 1988-ci ildə başlanıb. Bu təsadüfi bir tədqiqat deyildi. Şimali Qafqazdan Suriya Fələstinədək geniş bir coğrafi ərazidə yayılmış Kür-Araz mədəniyyətinin (e.ə. IV-III minilliklər) ən zəngin abidələri Naxçıvan ərazisində yerləşir və onlardan biri də Maxta qədim yaşayış yeridir. 2006-cı ildə Azərbaycan-Amerika birgə ekspedisiyası qədim yaşayış yerində kəşfiyyat xarakterli qazıntılar aparmış və ABŞ-da aparılmış radiokarbon analizlərin nəticəsinə uyğun olaraq abidə e.ə. IV minilliyə aid edilmişdir. 2008-ci ildə abidənin əhəmiyyətini nəzərə alaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Maxta arxeoloji ekspedisiyası” təşkil olunub. 300 kv.m sahədə aparılan tədqiqatlar nəticəsində dairəvi və düzbucaqlı tikililərin qalıqları, ocaq qurğuları və təsərrüfat tikililərinin qalaqları, müxtəlif çeşidli keramika məmulatı, toxuculuq alətləri, gil, qadın və heyvan fiqurları, metal istehsalı ilə bağlı olan daş qəlib aşkar edilib. İlkin metalın əridilməsi üçün istifadə olunan ocağın, daş və gil qəliblərin, metal çıxarlarının əldə edilməsi təsdiq edir ki, Naxçıvan qədim dünyanın ilkin metal emalı mərkəzlərindən olub. I Maxtada geniş diametrli dairəvi tikilinin daxilindən bir qismi konusvari, digər bir qismi isə dairəvi sədəfəbənzər çox maraqlı gil əşyalar əldə olunub. Bu konusvari əşyalar Şimali Qafqazdan Suriya, Fələstinədək geniş bir ərazidə yayılmış Kür-Araz mədəniyyəti abidələrindən ilk dəfə əldə olunur. Dairəvi formalılardan vaxtilə kəşfiyyat tədqiqatları zamanı I Maxtadan bir neçə ədəd əldə olunsa da, onların təyinatı məlum deyildi. Dünyanın müxtəlif bölgələrində 12 abidədə bu və ya bunlara bənzər əşyalar tapılıb. Lakin onların tam bənzərləri Mesapotamiyadan məlumdurlar. Tədqiqatçılar qeyd edirlər ki, Ön Asiyada məhz I Maxtadan əldə olunmuş formalı əşyalardan e.ə. 3200-cü ilədək istifadə olunub. Bundan sonra artıq müxtəlif yazılı kitabələr meydana gəlir. Bu konusvari əşyaların piktoqrafik və sonra mixi yazıların kökündə dayandıqlarını qeyd edən tədqiqatçılar da vardır. Qəbilələrarası və ya tayfalararası əmtəə mübadiləsində tətbiq olunan bu əşyalar inzibati idarəçiliyin ilk əlamətləri hesab olunur və artıq e.ə. IV minilliyin sonlarından Azərbaycan ərazisində sinfi təbəqələşmənin, sosial bərabərsizliyin və beləliklə, dövlətçilik ənənələrinin mövcudluğundan xəbər verir. Qeyd etmək lazımdır ki, bu əşyaların əldə edilməsi eyni zamanda Kür-Araz mədəniyyəti abidələrinin tarixi xronologiyasının müəyyən edilməsinədə də çox mühüm əhəmiyyətə malikdirlər. I Maxtada bu əşyalardan aşağıda mədəni təbəqənin 3 m-dən artıq davam etdiyini nəzərə alsaq, abidədə Kür-Araz mədəniyyətinin tarixinin daha qədim olduğunu söyləyə bilərik. Maxta kəndi ərazisində qeydə alınmış Qarabulaq kurqanlarında aparılmış tədqiqatlar da çox mühüm nəticələrin əldə edilməsi ilə nəticələnib. Bu kurqanlarda ilk tədqiqatlar 1989-1990-cı illərdə aparılmışdır. Növbəti tədqiqatlar 2002-ci ildə başlanıb. Nəticədə, ərazidə ilk tunc və son tunc-erkən dəmir dövrlərinə aid qəbir abidələri qazılaraq tədqiq edilib. Bu zamanadək Qarabağlar, Şağtaxtı, Qarabulaq, Zeyvə, Çapacaq qəbir abidələrində aparılmış tədqiqatlar zamanı qəbirlərin heç birində insan skelktinin izlərinə rast gəlinməyib. Zəngin qəbir avadanlığına, osteoloji qalıqlara rast gəlinməsinə baxmayaraq, qəbirlərin bilavasitə daxilində insanların dəfn edilməməsi maraqlı bir fakt idi. Son illərdə Qarabulaq Nekropolunda tədqiq edilən ilk tunc dövrü kurqanlarında da bu halın müşayiət olunması təsdiq etdi ki, uzun bir tarixi mərhələdə Şərur düzündə məskunlaşmış tayfalar vahid dini ideoloji düşüncənin təsiri altında olub. Onlar torpağı müqəddəs sayaraq və onu murdarlamaq istəmədiklərindən cəsədi torpağa tapşırmayıblar. Maxta ərazisindəki növbəti abidələr müasir kənd qəbiristanlığı ətrafında qeydə alınmış antik dövrə aid küp qəbirlərdir. Kəndin ərazisindən Orta əsrlərə aid Konstantinopolda zərb olunmuş pulların tapılması isə bir daha təsdiq edir ki, Maxta ərazisində daimi yaşayışın təqribən 5300 ildən artıq yaşı vardır.

– Sizinlə birgə çalışan əcnəbi mütəxəssislərin Naxçıvanın tarixi haqqında fikirləri maraqlı olardı. Nəzərə almaq lazımdır ki, ermənilər bu torpaqlara iddia irəli sürürlər. Onlarla birgə çalışmaq erməni yalanlarının ifşasına kömək edirmi? Eyni zamanda, erməni saytları Naxçıvanda tapılan arxeoloji abidələrin özlərinə məxsus olduğunu iddia edirlər…

– Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya Universiteti əməkdaşları 2008-cu ildən Naxçıvan MR-nin Şərur rayonu ərazisindəki Oğlanqalada arxeoloji abidəsində tədqiqatlar aparır. Oğlanqala abidəsi Qafqaz və Ön Asiyanın ən iri siklop tikintisi olmaqla yanaşı, istər tikinti xüsusiyyətlərinə, istərsə də maddi mədəniyyət nümunələrinin xarakterinə görə unikal abidədir. Oğlanqalanın aşağı təbəqələrindən son tunc-erkən dəmir dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika nümunələri aşkar edilib. Bu isə qalada məskunlaşmanın tarixinin təxmin etdiyimizdən daha qədim olduğunu təsdiq etmişdir. İndi qalada məskunlaşmanın e.ə. XII-XI əsrlərdən başlandığını söyləmək mümkündür. Oğlanqalada əldə edilmiş maddi mədəniyyət nümunələrinin çox az bir qismi iqtisadi və mədəni əlaqələr nəticəsində gətirilib. Maddi mədəniyyət nümunələrinin əksəriyyəti yerli istehsala məxsusdur. Oğlanqalanın tikinti xüsusiyyətləridə istər Urartu, istərsə də Midiya qalalarının tikinti xüsusiyyətlərindən fərqlənir və xüsusi özəlliklərə məxsusdur. Oğlanqalada aparılan tədqiqatlar bir daha təsdiq edir ki, e.ə. I minillikdə Şərur düzündə məskunlaşmış insanlar Oğlanqala qala-şəhəri ətrafında sıx birləşmişlər və məhz bu səbəbdən Urartulular Naxçıvan ərazisinə keçə bilməyib. Oğlanqalanın üst təbəqələrindən əldə edilmiş maddi mədəniyyət nümunələri isə Azərbaycanın qədim dövlətlərindən olan Atropatena tarixi ilə bağlıdır. Məhz beynəlxalq araşdırmalar ermənilərin Oğlanqalanın Urartu qalası olması ilə bağlı söylədikləri yalanlara son qoyub. Artıq xeyli zamandır ki, dünya elmi Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi olmadığını təsdiq edib.

– Xarici arxeoloqlar Naxçıvanın tarixi haqqında hansı fikirləri ortaya qoyurlar?

– Xarici arxeoloqlarla birgə tədqiqatların aparılması Naxçıvan abidələrinin və tarixinin dünyaya tanıdılmasında mühüm əhəmiyyətə malikdir. Bu tədqiqatları dünya elmi qəbul edir. Çünki bu qazıntılar müasir tələblərə cavab verən müasir texnologiyalardan istifadə edilməklə aparılır, onlardan götürülmüş analizlər dünyanın ən müasir laboratoriyalarında aparılır. Beynəlxalq konfrans və simpoziumlarda Naxçıvan tarixi ilə bağlı məruzələr dinlənilir. Son illər ABŞ-ın İthaka, İngiltərənin London, Macarıstanın Budapeşt, Almaniyanın Vittenberq, Polşanın Varşava şəhərlərində keçirilmiş konfranslarda Naxçıvan abidələri ilə bağlı istər azərbaycanlı, istərsə də xarici arxeoloqların məruzələri çox maraqla qarşılanıb. Bu çıxışların hamısı Naxçıvan ərazisində məskunlaşmış insanların tarixi köklərlə bu yerlərə bağlı olduğunu, yüksək arxeoloji mədəniyyətlərin yaradılmasında bilavasitə iştirak etdiklərini təsdiq edib.

Elnur Eltürk

LEAVE A REPLY