Müəllim-dekan tandemində tələbəyə qurulan tələ

0
11

Müəllim-dekan tandemində tələbəyə qurulan tələ

Ali məktəb tələbələrinin əzablı yaz imtahan sessiyası başa çatır. Məzunlar üçün məşəqqətli diplom müdafiəsi, bakalavrlar üçün əzablı praktika mərhələsi nisbətən qarşıdadır. Doğrudan da məşəqqətli. Bir tərəfdən, böyük məbləğli ödənişli təhsil, əvəzində keyfiyyəti olmayan mühazirə, gəlin-qaynana münasibətlərinin qeybət diskussiyası, mənasız dərs vəsaitləri, digər tərəfdən tələbəni özünə məftun edə bilməyən təhsil ocağının, qəddar obraza girmiş müəllimin imtahan prosesini süni şəkildə qəlizləşdirib tələb etdiyi əlavə pul vəsaiti.
Lap çoxdan məzun olmuş tələbələrin yaşadıqları ilə müqayisəyə gəlməyən bir təhsil iztirabı. Çünki bu çağımızda tələbənin yuxusuz gecələrinə, gərgin çalışqanlığına güvənməsi də keçmir, güvənib “demoqoqluq” etməsi də. Amma postsovet dövrünün ilk illərindəki tələbələrsə xeyli şanslı idi: onların yuxusuz gecələri ədalətsiz “3”lə mükafatlansa da, heç olmasa, bu “3” ali məktəb bazarında satışa çıxarılmırdı. İndi “3” “60”a, “4” “80”ə, “5” 100 manata təklif olunur, hətta oxuyana da. Bu gün oxuyan “demoqoq”luq etmək istəsə belə, cəsarətli monoloq ona yalnız zərər gətirə bilər. Əski çağlarda isə təkcə bir fərdin “demoqoqluğ”u kollektiv narazılıq effekti verirdi və imtahan əzablarında bir çarə silahıydı. Bu gün Müsavat Partiyasının sıralarında olan adını çəkmək istəmədiyim keçmiş müəllimlərimizdən birinin haqsızlığı qarşısında əlindən qiymət kitabçasını dartıb, Dəvəçi rayon Xəstəxanasının baş həkiminin, Siyəzən rayon Neft-Qazçıxarma İdarəsinin rəisinin, İsmayllı rayon “pomprokuror”unun övladlarının imtahan nəticələrinin necə sonuclanmasını gözləmək xəbərdarlığını edəndə o, nəinki əsirdi, az sonra imtahanboyu sözünü kəsdiyi kasıb, tapşırılmayan tələbəsinə “oxumamısan” yalanını geri götürüb, onun başını sığallayır, üstəlik, asta səslə etiraf da edirdi ki, universitetin qaydası belədir.
İndi qaydalar daha çirkindir və müəllimin, rəhbərliyin adı qarşısına elə bir aşağılayıcı epitet əlavə edir ki, tələbələr on il, iyirmi il sonra çətin, öz müəllimlərini xoş xatirələrlə yada sala bilsinlər. Bir müəllim ki, biclik edib, alçaq bir fəndə əl atıb tələbənin belini qırmaq, ailəsini dilənçi kökünə salmaq üçün sual dəyişir, həm də mühazirəsi aparılmayan dərslərdən dolaşdırmaq naminə suallar daxil edir, ona kim öz hafizəsinin bir küncündə yaxşı yer ayırar?!
Bu ilki yaz sessiyasından müxtəlif ali məktəblər üzrə maraqlı və təəssüf doğuran epizodlara baxsaq, Qərb təhsilli yeni təhsil nazirinin də başa çatan bir illik sınaq dövründə bu atmosferi təmizləyə, elmi-pedaqoji personalın xasiyyətini dəyişə bilməməsinə ancaq dərindən kədərlənmək olar.
Təhsil naziri Mikayıl Cabbarovun zamanında da professor-müəllim heyəti tələbələrə imtahan suallarını qabaqcadan satır. Sonra tələbəsinə də, özünə də xəyanət edib, yeni pul mənbəyinin kəşfi baxımından dekanla birləşib imtahan suallarını dəyişir. Bu, müəllim-dekan tandemində tələbələrə qurulan tələdir ki, bu tələyə düşmək böyük sayda tələbənin kəsilməsi və rüşvət qoparma imkanının yaranması deməkdir. Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, İqtisad Universiteti (ola bilsin, başqa təhsil müəssisələrində də üsullar eynidir-müəl.) ənənəvi olaraq bu il də bu metoddan yararlanır.
Qeyd edək ki, qış sessiyasında tələbələrə belə bir tələ kəskin şəkildə meydana çıxmadı, ona görə ki, Azərbaycan Pedaqoji Universitetində yazılı qaydaya narazılığı əks etdirən kütləvi tələbə etirazı bütün ali təhsil personalı üçün qorxu rolunu oynayırdı. Ümumiyyətlə, təhsil cəbhəsində müəllim-tələbə arasında atəşkəs, konsensus o zaman hökm sürür ki, hansısa bir təhlükəli tendensiyanın konturları, yaxud, konkret faktlar ortaya qoyulur. On beş il bundan öncə Gəncə Texnologiya İnstitutunda rüşvət tələbi ilə bezdirilən tələbənin öz müəlliminin həyatına son qoyması bu rayonun ali təhsil ocaqlarını bir müddət tələbələrlə ehtiyatlı davranışa sövq etmişdi. Amma qısa bir zaman üçün.
Tələbə emosiyalarının səngiməsini fürsət bilən təhsil dəllalları artıq praktika məsələsini də qəlizləşdiriblər: praktikaya getmək də pulla həll edilir, getməmək də (100-150 manat-mənbə İqtisad Universitetinin tələbələri).
Əgər tələbəni kəsməyin birinci yolu sualları dəyişməkdirsə, ikinci, gülünc yolu belədir: üzündə azacıq tük olan tələbə imtahana buraxılmır, onun kəsilməsi bəhanəsi ilə rüşvətə (mənbə Gəncə Dövlət Universitetinin tələbələri) zəmin hazırlanır.
Üçüncü yol: əgər imtahan götürən müəllimin kitabını tələbə almayıbsa, yaxud, alıb pulunu vermək istəmirsə, imtahana buraxılmır-müəllim hafizələrdə özünün belə iyrənc ləpirlərini atır (mənbə Gəncə Dövlət Universitetinin tələbələri).
Təbii ki, bu mövzunun polemikasında müəllimin ən az əmək haqqı alan kateqoriyaya daxil olması səbəbindən ona qurduğu tələlər üçün haqq verənlər tapıla bilər. Lakin bu oyunda iştirak edən rektorlara necə?
Əgər özəl təhsil müəssisələrində müəllim yaxşı məvacib alırsa, buna görə də tələbəni dolaşdırmaq çirkinliyinə getmirsə, bu nümunəni dövlət ali məktəbləri üçün də tətbiq etməyə çatışmayan nədir? Təbii ki, vicdan. Çünki dövlət ali məktəblərində ödənişli yerlərin kvotası ödənişsizdən yüksək səviyyəyə gəlib çatıb. Konkret təhsil haqqı özü az rəqəmlə ifadə olunmur, az qala özəl ali məktəblərlə bərabərlik işarəsi yaranır. Bütövlükdə hər tələbədən gələn illik təhsil haqqını hesablasaq, bu, ali məktəbin büdcəsinə küllü miqdarda pul vəsaitinin daxil olması deməkdir. Üstəlik, ali məktəblərə dövlət büdcəsindən maddi vəsait ayrılıır ki, ortalıqda üst-üstə kifayət qədər iri pul kütləsi dayanır. Amma gəlin görək, həmin pullardan müəllimə bir şey çatırmı? Ali təhsil ocaqlarında müəllimlərin yaşam təminatını dürüst, sağlam yollarla həyata keçirən mükafatlandırma sistemi varmı? Varsa da, ola bilsin, burada simvolik rəqəmdən söhbət gedir, yoxsa ki, müəllim öz reputasiyasını bu qədər ucuz metodlarla aşağılamağa çətin gedər. Demək, böyük pullar artıq mənimsəmə faktına daxil olur. Maliyyə naziri Samir Şərifovun ötən həftəki açıqlaması da bu ehtimalın doğruluğuna şübhə yeri qoymur. Nazir bildirdi ki, maliyyə məsələlərinə nəzarətlə baş mühasib deyil, yüksək vəzifəli inzibatçı şəxs-prorektor səviyyəsində bir insan məşğul olmalıdır, çünki söhbət xərclərdən yox, daha çox gəlirlərin əldə edilməsindən gedir. Belə bir nəzarət çirkin təhsil mənzərəsini necə dəyişəcək, uzaqgörənlik etmək çətindir. Amma görmək çətin deyil ki, illərdir, bu cür qanunsuzluq, cəzasızlıq, məsuliyyətsizlik şəraitində qazanan rektor və prorektorlar, nə yazıqlar ki, itirən tələbələr, bütovlükdə isə Azərbaycanın gələcəyidir. 700 balla İqtisad Universitetinə daxil olub, dəridən-qabıqdan çıxa-çıxa oxuyan, amma sonunda imtahanlarını pulla vermək zorunda qalan ağıllı, nümunəvi tələbə (lər) öz inkişafının davamı olan təhsilin magisturatura pilləsindən məhz təhsildəki sual dəyişmə çirkinliyinə görə imtina edirsə, əllərində səlahiyyəti olanlar papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünsünlər…

Vəfa Allahverdiyeva

LEAVE A REPLY