Leyla Əliyeva Moskvada iftar verdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib. Lent.az-ın məlumatına görə, artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil edilən nadir “Ramazan çadırı” xeyriyyəçilik və mədəni-maarif layihəsində fəal iştirak edir.
Əvvəlcə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun təbriklərini və ən xoş arzularını çatdırıb. Sonra Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva müftisi İldar Əlautdinov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın savabı barədə söhbət açaraq qeyd edib ki, Ramazan ayı bizə bir-birimiz üçün açıq olmağı və bir-birimizə hörmət etməyi öyrədir.
İ. Əlautdinov Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə “Ramazan çadırı” layihəsində iştirakına görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan diasporu Rusiyanın bir sıra başqa milli diasporları üçün örnəkdir.
Tədbir iştirakçılarına “Baku Magazine TV” kanalı tərəfindən dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı ilə çəkilmiş film-müsahibə nümayiş etdirilib. R.Deqqati “Baku” jurnalına verdiyi müsahibədə Azərbaycana səfərləri haqda, ölkəmizdə bütün dünya dinlərinin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşaması barədə söhbət açır. Filmə baxışdan sonra müqəddəs Qurandan surələr və iftar duası oxunmuşdur. Müsəlmanlar oruclarını açaraq Azərbaycan milli təamlarını dadıblar. İftar süfrəsi oruc tutan 700 nəfər üçün açılıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, Azərbaycan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dalbadal beşinci ildir bu layihədə fəal iştirak edir.
İftar süfrəsində iştirak edən müxtəlif millətlərin nümayəndələri dindarlara göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə görə Leyla xanım Əliyevaya təşəkkür ediblər.
Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, habelə müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak edib.