Kaş dünyamızın kədəri olmayaydı…

0
10

Lalə Ramizqızı

Kaş dünyamızın kədəri olmayaydı…
Dəri topla və kəsilmiş başlarla oynanılan futbol.

Qəribədir, dünyamızın bir tərəfi odu, alovuyla diqqət çəksə də, digər uzaq güşəsi isə insanların mehriban, ədalətli, qızğın rəqabət meydanına çevrilib. Suriya, İraq, Ukrayna kimi ölkələrdə hər gün qan axsa da, bu gün dünya ictimaiyyətinin diqqəti əsasən okeanın o tayına- Braziliyaya yönəlib. Futbol üzrə dünya çempionatı dünyanın əsil bayramına çevrilib. Bəli, orada həm də mübarizə gedir. Qansız, qadasız mübarizə.
Sevinclə və ya kədərlə yekunlaşan mübarizə çox zaman cəmi 90 dəqiqə, bəzəni sə bir az çox-120 dəqiqə çəksə də, insanlar sevincli anlar yaşayırlar. Futbol oyunlarını da hakimlər idarə edir. Bu hakimlər ədalətli olurlar. Çünki kiçicik bir səhv onları ömürlük futbol meydançalarından kənarda qoya bilər.
İdman çox zaman ölkələrin inkişaf səviyyəsini də nümayiş etdirir. Hazırkı dünya çempionatının favoritləri sayılan Almaniya, Fransa, Hollandiya həm də öz sürətli iqtisadi inkişafları ilə Avropanın digər ölkələrini bir xeyli qabaqlayırlar.
Qonşumuz Rusiya mundialı ilkin mərhələdən tərk etməli oldu. Nə etmək olar, Rusiyanın başı hələ əzəli və əbədi qonşusu Ukraynaya qarışıb. Sakitliyi, sabitliyi ilə yaxın zamanlara qədər seçilən Ukraynada indi qanlar axır. Əvvəllər futbolu ilə öyünən Ukraynanın indi “Milyonların oyunu” barədə düşünməyə zamanı belə yoxdur. Kimdir günahkar?
Nədənsə bütün dünya həmin sualın cavabını bilsə də, günahkarı cəzalandırmağa sanki tələsmir. Əvəzində isə hər gün günahsız insanların qanı axıdılır.
Dünyaya meydan oxuyan Volodya Putinin futbola marağının nə qədər olduğunu bilməsəm də, araqarışdıranlığını, “sudan quru çıxmağa” adətkər olduğu barədə kifayət qədər məlumatlıyam. O da dünyada gedən proseslərə hakimlik etmək istəyir. Olsun… Onsuzdakı hər zaman dünyaya həm hakimlik, həm də ki hökmranlıq etmək istəyənlər olub. Onların hakimliyi və hökmranlığı barədə çox oxusam da, nəticə etibarı ilə hamısının aqibətinin faciəvi olduğunu öyrənmişəm.
İraqda İŞİD hücuma keçib. Brazilyanın rəngarəng stadionlarında top qovaraq dünyaya sevinc bəxş edən komandalardan fərqli olaraq, İŞİD –in hələ də harada “məşq” etdiyini, hansı ölkəni təmsil etməsi barədə dolğun məlumtı almaq imkanım olmayıb. Əlbəttə, İŞİD də bir oyundur, ancaq təəssüf ki, bu oyunun nəticəsi insanlığın məğlubiyyətinə hesablanıb. İŞİD “futbol”u dəri topla deyil, günahsız insanların kəsilmiş başları ilə oynayır. İŞİD-ə hələlik heç bir “hakim” qırmızı kart göstərmək niyyətində belə deyil. Nə bilək, bəlkə “hakim”lərə müsəlmanların tökülmüş qanı lazımmış…
Dünya hər şeyi görür və qiymətləndirir. Ancaq nədənsə bəzən haqlı qərarlar qəbul edilmir, qiymət düzgün verilmir. Braziliyadan ilk olaraq evinə yola salınan Uruqvayın məşhur futbolçusu Suares oldu. Yazıq, rəqibinin onu üstələməyinə dözməyib, çiynindən dişləmişdi. Rəqibin bir qram qanı tökülməsə də, Luis Suares dərhal futbol meydançasından qovuldu və vətəninə yola salındı. Təbii ki, ulduz futbolçunun yoxluğu, növbəti oyunda onun komandasının məğlubiyyətinə səbəb oldu.Suaresə haqq qazandırmaq fikrindən çox uzağam. Çünki qanunu pozduğundan cəzasını almışdı. Digər tərəfdən Suaresi cəzalandırıb, ona qırmızı kart göstərməyə nə var ki? İŞİD-ə “qırmızı kart” göstərin görüm, cənablar! Və yaxud dəfələrlə Volodya Putinə xəbərdarlıq edib, “sarı kart”lar göstərsəniz də, onu oyundan kənar etməyə- “qırmızı kart” göstərməyə nədən çəsarətiniz çatmır? Axı dünyanın idarə olunma qanunları bu qədər fərqli ola bilməz. Səhv etmirəmsə keçirilən dünya, avropa çempionatları da bir miqdar siyasətə xidmət göstərir.
Bəzən bədxahlar Azərbaycanımızın inkişafına qara yaxır, ölkəmizdəki həsəd aparılacaq sabitliyi pozmaq istəyirlər. Bü gün idmana maraq bəlkə də dünyanın əksər ölkələrindən Azərbaycanımızda böyükdür. İndi ölkəmizdə hər kəs Braziliyada keçirilən mundialdan danışır. Buna yaranmış gözəl şərait, sabitlik imkan verir. Kaş futbolumuz da mundiallarda təmsil olunaydı.
Bizdən də örnək götürüləcək çox şeylər var. Elə ötən günlərdə Bakıda keçirilmiş “Korrupsiyaya Qarşı Mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş yüksək səviyyəli beynəlxalq konfrans bir daha bunu təsdiq etdi. Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilərək davam etməkdədir. Ölkəmizdə hər sahədə ədalətin bərqərar olması üçün lazımi addımlar atılmaqdadır. Təəssüf ki, bunu gözdən salmaq istəyən “sapı özümüzdən olan balatalar”ımız da tapılır. Bəziləri hətta özlərinin dəvət olunmadıqları tədbirlərin keçirildiyi məkanlara buraxılmadıqlarını dünyaya bəyan etməkdən utanıb qızarmırlar. Nə edək, bu da onların şakəridir.
Kaş hamımız ədalətli olaq. Kaş insanların çöhrəsi mundialların açılışındakı kimi sevincli, bağlanışındakı kimi isə sevinc göz yaşlarından ibarət olsun. Kaş ki, futbol yalnız və yalnız dəri topla oynanılsın…

LEAVE A REPLY