“Dinin dövlət tərəfindən nəzarətə götürülməsi və tənzimlənməsi vacibdir”

0
11

“Dinin dövlət tərəfindən nəzarətə götürülməsi və tənzimlənməsi vacibdir”

Əli Orucov:“Din xadimlərinin bir qismi İran təsiri, bir qismi Türkiyənin, əsasən də Nurçuların, bir qismi Ərəb dünyasının təsiri altındadır”

AMIP Liderinin köməkçisi, Mərkəzi Şurasının üzvü Əli Orucov Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsilə bağlı maraqlı fikirlərini bizimlə bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik:

– Azərbaycanda tolerantlığın vəziyyətini necə qiymətləndirirsiz?

-Tolerantlıq yüksək inkişaf etmiş, sivil dəyərlərə yiyələnmiş və tam formalaşmış cəmiyyətlərə xasdır. Bəzən elə olur ki, cəmiyyət bu kreteriyalara cavab veriri, amma orada dini və milli azlıqlara dözümsüz yanaşılır. Belə hallar ya siyasi marqalardan, ya radikalizmdən, ya da natamamlıqdan yaranır. Şükürlər olsun ki, Azərbaycanda digər dəyərlərə yanaşmadan fərqli olaraq dözümlülük prinsiplərinə hörmət edilir. Bu həm də millətimizin psixologiyasında və genindən irəli gələn faktordur. Çünki Azərbaycan xalqı həmişə əzilənlərin yanında olub, qonağa sayğı göstərib, böyüklük, humanistlik nümayiş etdirilib. Ölkəmizdə dini və milli tolerattlıqla bağlı hakimiyyətin öyünməsi heç də onun yürütdüyü uğurlu siyasətin nəticəsi deyil. Amma aşırı tolerant olmaq da, hər şeydə güzəştə getmək, dözümsüzlük göstərməyin də fəsadları olur. Tutaq ki, bəzi xristian emissarlarının neqativ fəaliyyətlərinə, yaxud da qeyri-ənənəvi dinlərin, radikal dini ünsürlərin pozuculuq əməllərinə dözmək gələcəkdə dövlətin əsaslarına ciddi təhlükə yarada bilər. Məncə, fərqli sivlizasiyalara, etnik toplumlara, diğər müxtəlifliyə o zaman dözümlülük, tolerantlıq göstərilməlidir ki, bu,inkişafa, tərəqqiyə, dialoqa, barışa və dostluğa xidmət göstərsin. Bundan insanlar fayda götürsün. Biz bir millət olaraq, islam dünyasının bir parçası olaraq gərək əvvəlcə özümüzə qiymət verməliyik ki, başqalarını da dəyərləndirə bilək. Eləcə də bu toleratntlıqdan hamı bəhrələnsin. Bəzən papadan artıq katolik olma halları da baş verir ki, kimlərəsə xoş gəlsin. Buna isə tolerant demirlər. yaltaqlıq, məddahlıq, süni xoşgörü deyirlər.

-Azərbaycan xalqının birgəyaşayış dəyərlərə hansı dərəcədə qiymət verir?
-Burda yaşayan millətlərin və xalqların taleyi bir-birinə tarixən sıx bağlı olub. Bu gün sahib olduğumuz dəyərləri də, zəngin mədəniyyəti, tarixi də, mənəvi irsi də birgə yararadıblar. Bu gün xalqımız elə qaynayıb-qarışıb ki, milli mənsubiyyəti ayrıd etmək mümkün olmur. Bizim sevincimiz də, dərdimiz də problemlərimiz də bir olub. Nə yaxşı ki, babalarımız bizlərə belə bir miras qoyub. Bunu qorumaq, estafeti gələcək nəsillərə ötürmək lazımdır. Bir daha o fikrimə qaydıram ki, bizim millət və xalq olaraq qazandığımız nailiyyətlərdən biri də dini və etnik münasibətlərin dost və qardaşlıq səviyyəsidir.

– Bu gün Azərbaycanda dövlət din münasibətləri, bu münasibətlərin tənzimlənməsi necədir?
–Azərbaycan Konstitusiyasına və qanunvericiliyə görə din dövlətdən ayrıdır və din xadimləri, dini qurumlar siyasətlə, dövlət işləri ilə məşğul ola bilməzlər. Dövlət tərəfindən dini müasibətləri tənzimləyən və dinlərarasında əlaqələri qaydasına salan, bir növ nəzarət funksiyasını həyata keçırən Dini İşlər Üzrə Dövlət Komitəsi mövcudur. Ölkəmizdə dinin cəmiyyətə təsiri də qonşu Türkiyə və İranda olduğu kimi də ətkiləyici deyil. Azərbaycan daha dünyəvi dövlətdir. Bu da ondan irəli gəlir ki, uzun illər Sovetlər İttifaqında dinə qarşı, fanatizmə qarşı yasaqlar qoyulmuşdu. Eyni zamanda maariflənmə çox-çox dərinə getmişdi. Doğrudur, qadağalara baxmayaraq dini ayinlər fərdi şəkildə açıq-gizli icra olunurdu. Lakin bu indiki kimi aşırı deyildi. Dinin dövlət tərəfindən nəzarətə götürülməsi və tənzimlənməsi vacibdir. Hələ ki, bu sahədə ciddi problemlər yaşanmayıb. Baxmayaraq ki, ayrı-ayrı dini qruplaşmalar, qeyri-ənənəvi dinlərin cəmiyyətə ayaq açması, bəzi məzhəblərin yayılması gələcəkdə hansısa xoşagəlməz hadisələrə yol aça bilər. Bunu qabaqlamaq üçün hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Din elə bir məhfumdur ki, bunu təkcə inzibati yollarla tənzimləmək qeyri-mümkündür. Ən böyük məsuliyyət bu sahədə dini icmaların, dini qurumların və konfeksiyaların üzərinə düşür. Məncə, din hər cür siyasətin və dövlət işlərinin fövqündə durmalı, öz müqəddəsliyini, təmizliyini, ilahiliyini qorumalıdır. Sizin də izlədiyiniz kimi, din siyasiləşdiriləndə, hansısa ideologiyaya çevriləndə, yaxud da maraqların təminatçısı halına salınanda bədəlı ağır olur və həmin məkanlarda sabitlik pozulur. Hələlik bu kim amillər Azərbaycanda olmasa da, tam arxayınlaşmaq da olmaz. Çünki din adından sui-istifadə edərək dövlət işlərinə qarışmaq, siyasət yapmaq, öz maraqlarını təmin etmək istəyən qüvvələr və insanlar var. Belələri hər zaman zəif yerləri tapmaqa və zərbələr edirməyə hazır olurlar. Azərbaycanda dinin dövlətdən və siyasətdən ayrı olmasına baxmayaraq bağrağımızda və gerbimizdə İslamın atributları əks olunubdur. Bu da ondan irəli gəlir ki, xalqımız öz dininə, inanclarına daim sayqı və hörmət göstərirlər. Dövlətin də vəzifəsi insanların inanclarına müdaxilə etmək deyil, öz dinlərini mükəmməl öyrənib yaşatmaqla bahəm gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Məscidlər, sinaqoqlar, kilsələr tikməklə iş bitmir. Həmin ibadət yerlərinə sağlam və inanclı insanların üz tutmasına zəmin yaratmaqdır. Yəni maarifləndirmə işlərini gücləndirməkdir.

– Azərbaycanda etnik xalqları qızışdırmaq dövlətçilik əleyhinə cəhdlər zaman-zaman olub və imkan olduqca buna cəhdlər davam etdirilir. Sizcə bu cəhdlər Azərbaycanda tolerantlıq modelini, xalqların münasibətini dəyişə bilərmi?
-Azərbaycan çoxmillətli və çoxdinli ölkələrdən biridir. Burada irili-xırdalı 20-dən çox millətin və etnik qrupların nümayəndələri mehriban şəkildə yaşayırlar. Azərbaycan türkləri ölkə əhalisini 85 faizə yaxınını təşkil etsə də, heç vaxt digər xalqlar üzərində hegomonluğunu hiss etdirməyib. Əksinə bütün sahələrdə bərabər şərait yaradılıb. Hətta, elə sahələr var ki, orada azərbaycan türklərinin çəkisi azlıq təşkil edir. Tarix sübut etdi ki, həddindən artıq humanistlik də tolerantlıq da heç də həmişə müsbət hal deyil. Ermənilərə edilməyən güzəşt, göstərilməyən xoş münasibət, yaradılan imkan və şərait heç azərbaycan türklərinə yaradılmamışdı. Nəticəsi nə oldu. Fürsət düşən kimi işğalçılıq niyyətlərini gerçəkləşdirdilər. Mən hesab etmirəm ki, Azərbaycanda yaşayan diğər azsaylı xalqlar və etnik qruplara bundan sonra ehtiyatlı və inamsız münasibət göstərilməlidir. Müstəqillliyimiz və ərazi bütövlüyümüz uğrunda bu məmləkətdə yaşayan bütün etnik toplumlar azərbaycan türkləri ilə çiyin-çiyinə oldular. Onlar da itkilər verdi. Ancaq yaşanan acı təcrübə və böyük dövlərlərin, eləcə dövlət olaraq əhatəmiz tələb edir ki, milli-dini məslələrə həsaslıqla və diqqətlə yanaşaq. Hər xırdalıqları ciddiyə alaq. Dövlətçilik əleyhinə olan və bu istiqamətdə fəaliyyət göstərən qüvvələri vaxtında zərərsizləşdirə bilək. Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, burada regional və super güclərin marqaları toqquşur. Ona görə də bu oyunçular strateji cəhətdən əhəmiyyətli olan Azərbaycanı təsir altına almağa çalışır. Bu təzyiq vasitələrindən biri də təəssüf ki, separatizmin dəstəklənməsi, dini təfriqənin yaradılmasıdır. Buna cəhdlər də olunubdur. Heç kəs gələcəkdə belə cədlərin olunmayacağına təminat verə bilməz. Odur ki, ehtimal olunan təhlükə mənbələrinə nəzarət gücləndirilməlidir. Mən inanmıram ki, ölkədə yaşayan etnik azlıqlar nə vaxtsa dövlətçiliyimizə qarşı çıxsınlar, yaxud da, separatizmə yuvarlansınlar. Ukraynanın cənub əyalətlərində qanunu hökumətə qarşı silahlı saldırılar həyata keçirən ukraynada yaşayan rusların olmadığı kimi, əgər Azərbaycanda da belə qarşıdurmaya cəhd edilsə, bunu burda yaşayan etniklər vasitəsi ilə yox, həmin etniklərin adı ilə pərdələyə bilərlər. Bu gün işğal edilmiş ərazilərimizi, Dağlıq Qarabağı da əsasən Ermənistan əlində saxlayır. Dağlıq Qarabağda yaşayan ermənilərə qalsaydı bəlkə də bu münaqişə çoxdan öz həllini tapmışdı. Ona görə də hesab edirəm ki, dövlət də cəmiyyətin özü də separatizmə qarşı çox amansız və sərt olmalıdır.

– Azsaylı xalqların yaşadığı regionda hər hansı ayrıseçkilik hiss eləmisizmi?

-Bayaq da vurğuladığım kimi, Azərbaycanda azsaylı xalq, yaxud da diğər millət anlayışı sezilmir. Çünki bu xalqlarla Azərbaycan türklərinin tarixi, mədəni, dini və mənəvi köklərini bir-birinə qalın tellərlə bağlayıb. Qaynayıb-qarışıblar. Ona görə də bu cür ayrı seçkilərdən danışmağa dəyməz. Bu gün Azərbaycanın problemləri ümumi Azərbaycan üçün xarakterikdir. Əksinə bu yük dövlətin və azsaylı xalqların qarantı kimi üzərinə öhdəlik götürən Azərbaycan türkləri üçün da çoxdur. Çünki azsaylı xalqların sosial-iqtisadi və digər problemlərini həll edə bilmirlər. Çünki özləri də bu problərin içərsindədirlər. Məsələn bu gün Kürdəmirdə, Hacıqabulda, Saatlıda, Sabirabadda yaşayan Azərbaycan türklərinin vəziyyəti Zaqatala, Balakən, Qusarda yaşayan ləzgi, avar qardaşlarımızdan daha dözülməzdir. Heç olmasa onların daha əlverişli coğrafi relyefi var. Yaxud da Füzulidən, Ağdamdan, Zəngilandan, Cəbrayldan, xocalıdan, Şuşadan, Kəlbəcərdən, Laçından, Qubadlıdan və s. qaçqın düşən soydaşlarımızın durumu Şabranda yaşayan tat, Lerikdə, Astarada, Masallıda qaşayan talış qardaşlarımızdan daha ağır və bərbaddır. Aparılan tikinti-abadlıq işləri və qoyulan yatırımlar hesabına azsaylı xalqların nisbətən kompakt yaşadığı regionlarda vəziyyət müsbətə doğru xeyli dəyişib. Ona görə də əlahiddə regionlarda problemlərin götürürlməsinin heç bir əsası yoxdur.

-Hazırda tolerantlıqla bağlı gənclərin maarifləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə bu istiqamətdə təklifləriniz nədir?
-Təbii… Xüsusən də Yaxın və Orta Şərqdə baş verən, eləcə də İslamafobiyanın dünyada körükləndiyi indiki məqamda istər tolerantlıqla bağlı istərsə də dinlə bağlı maarifləndirilmə işinə ciddi zərurət var. Və bu maarifləndirmə işini də hər şəxs deyil, İslamı bilən, dini və dini məsuliyyətin nə olduğunu dərindən dərk edən savadlı teoloqlar aparmalıdır. Nə yazıqlar ki, bu gün azərbaycanda belə ilahiyyətçi alimlər, belə dinşünaslar və din xadimlər çox azdır. Din xadimlərinin bir qismi İran təsiri, bir qismi Türkiyənin, əsasən də Nurçuların, bir qismi Ərəb dünyasının təsiri altındadır. Çoxununsa ümumiyyətlə dindən başı çıxmır. Fikrimcə, ən böyük məsuliyyət Qafqaz Müsalmanları İdarəsinin üzərinə düşür. Eyni zamanda ayrı –ayrı konfeksiyaların nümayəndələri də maarifləndirmə işində fəal olmalıdırlar. Heç kəsə sirr deyil ki, ölkədə din pərdəsi altında çoxları şıdırğı alver edir. Maarifləndirmə deyil, mövhümatçılıq təbliğ olunur.Televiziyalarımız, KİV-lərimiz, hamısı falçıları, fırıldaqçıları, ekstasensləri gözə soxur. Çünki maddi maraqlar mənəvi maraqları üstələyir. İslam dini ən mükəmməl dindir. Sadəcə onu olduğu kimi çatdırmaq yetər.

– Bildiyiniz kimi, ta qədimdən Azərbaycan yerləşdiyi coğrafi nöqteyi nəzərdən millətlərin, mədəniyyətlərin vəhdət təşkil elədiyi bir məkan olub. Hazırda Azərbaycanda mədəniyyətlərarası dialoqun vəziyyətini necə dəyərləndirirsiz?
-Bir ölkənin çox millətli və çox dinli olması həm yaxşıdır, həm pis. Çox millətli olmaq həmin ölkənin zəngin mədəniyyətə, rəngarəngliyə və müxtəlif adət-ənənəyə, həmçini də maddi- mənəvi irsə sahibliyi deməkdir. Pis odur ki, belə cəmiyyətlərdə toqquşma və qarşıdurma risklər də olur. Şükrlər olsun ki, mənfur erməniləri çıxmaqla belə bir təhlükə, nəinki yoxdur, əskinə vəhdətlik, bütövlük var. Hər bir etnik toplumun mədəni və mənəvi dəyərləri hamı üçündür. Eyni zamanda hansısa bir etnik-dini azlığın, məişətindən, davranışlarından, yaşam tərzindən tutmuş milli psixologiyasınadək blok edilməyib. Yaxud da assimliyasiyaya, deqradasiyaya uğradılmayıb. Hər kəsə öz mədəniyyətlərini, dillərini, adət-ənənələrini inkişaf etdirməyə, milli kimliklərini yaşatmalarına, ayinlərini və ibadətlərini icra etməyə imkan verilib. Halbuki demokratiyanın və sivlizasiyanın beşiyi sayılan Avopa ölkələrində bu qadağalar, xoşagəlməz rəftar, ayrıseçkilik, dözümsüzlük halları indi də var. Qonşumuz İranda 30 milyondan çox soydaşımız asimilliyasiya məruz qalmaqdadırlar. Öz dillərində hətta məişət səviyyəsində danışmağa da yasaq qoyulub. Mən də onun tərəfdarıyam ki, radikalizmə, fanatizmə, nifrətçiliyə yol verilməməlidir. Azsaylı xalqların da rahatçılığı da, gələcəkləri də, varlıqlarını sürdürmələri də təbii ki, qarşılıqlı hörmət, ehtiram və əlaqələrin daha da dərinləşməsindən keçir. Hansısa xarici və daxili qüvvələrin çirkin niyyətlərinin həyata keçirilməsinə alət olan azlıqların aqibətləri göz önündədir. Həm bu, həm də tarixi, mədəni və mənəvi amillər diqtə edir ki, bundan sonra da azlıqlar və Azərbaycan türkləri talelərini birlikdə həll etsinlər. Necə ki, yüzillərdir belə ediblər. Halbuki demokratiyanın və sivlizasiyanın beşiyi sayılan Avopa ölkələrində bu qadağalar, xoşagəlməz rəftar, ayrıseçkilik, dözümsüzlük halları indi də var. İslamın özündə də ayrımcılıq rədd edilir, dostluğa, qardaşlığa, bərabərliyə, haqqa, ədalətə, sülhə çağrış edilir. İslamın əsil üzü də sifəti də mahiyyəti də budur.

Söhbətləşdi: Nihat

LEAVE A REPLY