Rəsul Quliyev Xətaini təhqir etdi
Keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev Azərbaycanın görməkli sərkərdəsi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətaidən danışıb.
Teleqraf.com xəbər verir ki, R.Quliyev Şah İsmayıl Xətainin İran şahı olduğunu iddia edib. O, həmçinin Şah İsmayılı bölgədə şiə təriqətini yaymaqda suçlayıb: “Şah İsmayıl Xətaiyə gəldikdə, bəli, o tanınmış İran şahlarından biri olub. Əsas məqsədi şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə, Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, “Şərqin Napaleonu” adlandırılan, həm də minilliyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah da şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib, ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib”.
Qeyd edək ki, Azərbaycan Səfəvi dövlətinin başçısı olan Şah İsmayıl Xətai 1487-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub.
O, 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.
Şah İsmayıl Səfəvi Xətai bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır. Şah İsmayıl Azərbaycanı dünyada tanıdan hökmdar olub.