Qurban Yetirmişli: “Güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur”

0
5

Qurban Yetirmişli: “Güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur”

“Dünəndən bu günə kimi Zaqatala rayonunda zəlzələ baş verən ərazidə 10-dan çox after-şoklar olub. Ən zəif təkanların sayı isə daha çoxdur və hardasa 100-ü keçib”. Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, hazırda ərazidə proses, gərginlik boşalması gedir. Bu proseslərin hələ bir qədər də davam edə biləcəyini deyən Q.Yetirmişli vurğulayıb ki, burada qorxulu nəsə yoxdur: “Güclü zəlzələdən sonra orada vəziyyət fon səviyyəsinə düşənə qədər gərginlik boşalması getməlidir. Hazırda hərəkət var, proses davam edir. Amma qorxulu heç nə yoxdur. Güclü, dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur”.

Zəlzələnin baş vermə səbəbinə gəlincə RSXM-in baş direktoru qeyd edib ki, yeraltı təkan Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının təsirindən baş verib: “Ocaqda gedən prosesdə sağtərəfli yerdəyişmə və qırılıb düşmə tipli hərəkətlər gedib. Bu, 10 km dərinlikdə gedən prosesdir. Gərginlik vəziyyətində cənubi-qərb və şimali-şərq istiqamətində eninə sağtərəfli Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının hərəkətləri nəticəsində bu zəlzələ baş verib”.

Zəlzələnin təsirləri barədə danışan Q.Yetirmişlinin sözlərinə görə, Zaqatalanın Göyəm və Dombabinə kəndində əvvəllər qəza vəziyyətində olan 1-2 evlərdə dağıntı olub. O qeyd edib ki, köhnə tikililərdə, əvvəlki zəlzələdən çatlar olan evlərdə balaca genişlənmə əmələ gəlib: “Amma yeni tikilən binaların heç birində təhlükə və ya qəzalı vəziyyət yoxdur. Hazırda ərazidə araşdırma aparılır, müvafiq işlər görülür”.

Q. Yetirmişli əlavə edib ki, Azərbaycanın digər bölgələrində hazırda seysmiklik fon səviyyəsindədir. Onun sözlərinə görə, gün ərzində Gədəbəydə, Daşkəsəndə, Göyçayda, cənub bölgəsində, Lerikdə, Ağdaşda zəif təkanlar qeydə alınır: “Aktiv, seysmoaktiv bölgələrdə həmişə bu təkanlar baş verir. Bu da normal haldır. Bölgələr arasında da seysmik aktivliyə görə fərqlənmə var. Məsələn, Xəzərdə digər bölgəyə nisbətən, şimal-qərb bölgəsində depressiya zonası və Kiçik Qafqaza nisbətən aktivlik müşahidə olunur. Bunlar da nisbi müqayisələrdir”.

Qeyd edək ki, dünən Azərbaycanın Zaqatala rayonunda güclü zəlzələ baş verib. Zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.

LEAVE A REPLY