AMİP qurultayının yubanmasının səbəbi bəlli olur…
Partiya bələdiyyə seçkilərinə kiminlə gedəcək, yaxud bu istiqamətdə hazırlıqlara başlanılıbmı? Cəmiyyətdə birmənalı mövqe ondan ibarətdir ki, Yusif Bağırzadənin gəlişi AMİP-i tam sükuta qərq etdi, bu fikirlə hesablaşırsınızmı? Partiya qurultayı niyə yubanır, olmaya Siz də qurultay keçirmək üçün yer ayrılmayacağından ehtiyatlanaraq onu ertələmisiniz?
Moderator.az-ın bu suallarını AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov cavablandırıb:
“Bələdiyyə seçkilərində iştirak vacibdir. Bu, ölkədə demokratik qaydada ciddi islahatlara və dəyişikliyə gedən yolun başlanğıcıdır. Lakin məncə, seçkilərdən əvvəl normal seçki mühitinin yaradılmasına və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə nail olunmalıdır. Bu sadaladığım şərtlər olmasa cəmiyyəti, həmçinin də siyasi qüvvələri seçkilərə kökləmək və bu vacib prosesə cəlb etmək çox çətin olacaq. Eyni zamanda bələdiyyələrin rayon icra hakimiyyətlərindən asılılığına son qoyulmalı, müstəqillik verilməli, maliyyə-iqtisadi bazası yaradılmalıdır.
Seçkilərdə iştirak məsələsinə gəldikdə isə qənaətimiz belədir ki, əgər Demokratik Qüvvələr Birliyi həmin dövrədək ittifaq halında formalaşa bilsə bələdiyyə seçkilərində DQB ilə gedilməsi daha faydalı olardı. Alınmasa oz zaman AMİP-in təkbaşına seçkilərdə iştiurak ehtimalı artır.”
Əli Orucov AMİP-də sükut hökm sürmədiyini iddia edir:
“Mən hesab etmirəm ki, AMİP-də sükut var. Bu gün cəmiyyətin özündə bir sükunət var. İqtidarın illər boyu apardığı siyasətin nəticəsi bu oldu ki, ölkə əhalisi, vətəndaşlar, ümumilikdə isə hakimiyyətin mənbəyi olan xalq dövlətinə,hakimiyyətə, hətta öz gələcək taleyinə biganə münasibət sərgiləyir. İnsanları bir qarın çörəkdən başqa heç nə, heç kim maraqlandırmır. Belə xoş olmayan vəziyyətin yaranmasının bütün günahlarını hakimiyyətin üzərinə atmaq da bir qədər ədalətsizlik olardı. Müxalifətin də, beynəlxalq təşkilatların da, super güclərin də «rolu» danılmazdır. Ancaq ümid edirəm ki, bələdiyyə seçkiləri ərəfəsində aktivlik baş verəcək və bu fəallıq 2015-ci il parlament seçkilərinədək artan templə davam edəcək.”
AMİP funksioneri partiyanın qurultayının keçirilməsinin yubandığını da etiraf edir:
“Qurultaya gəlincə isə onu deyə bilərəm ki, AMİP Nizamnaməsinə görə, partiyanın qurultayları əgər föqəladə hal baş verməyibsə 3 ildən gec olmayaraq çağrılmalıdır. Sonuncu qurultayımız isə iyun 2010-cu ildə keçirilib. Qurultayın keçirilməsi üçün Mərkəzi Şuranın qərarı olmalıdır. Mərkəzi Şuranın isə hələ ki, belə bir qərarı ortada yoxdur. Güman edirəm ki, Mərkəzi Şura bu məsələyə aydınlıq gətirəcək.”
Əli Orucov Etibar Məmmədovun niyə İraqda qırılan türkmənlərlə bağlı haqq səsini qaldırmaması səbəbinə də toxundu:
“Bildiyiniz kimi AMİP millətçi partiya kimi türk millətinin və toplumunun haqqının və maraqlarının qorunması, onların hüquqlarının müdafiəsini hər zaman prioritet hesab edib.
Misal üçün deyim ki, uyğur türklərinə qarşı Çin hökümətinin apardığı aqressiyaya və zorakılıqlara qarşı ilk etiraz səsini də AMİP ucaltdı. Bakıda ÇXR səfirliyinin binası qarşısında aksiya keçirməklə məsələnin diqqətə alınmasına nail olduq. İraqda yaşayan və bu gün acınacaqlı duruma salınan Türkmən qardaşlarımıza isə aksiyalarla deyil, əməli, real və effektli dəstək lazımdır. Onları silah, sursat, gündəlik tələbat malları ilə təmin etmək və zəruri ehtiyaclarını ödəmək üçün vasitələr və vəsait lazımdır. Bunları isə ancaq dövlət edə bilər. Etibar Məmmədov da, AMİP də İraqda türkmənlərlə bağlı yaranmış böhranlı və ağır vəizyyəti həmişə diqqətdə saxlayır. İraqda bu gün “Türkmən” adlandırılan həmin toplum əslində Səfəvilər və ondan əvvəliki dövrlərdə Azərbaycandan köçürülmüş soydaşlarımızdır. Ona görə də bu toplumu Azərbaycan türklərindən ayırmaq doğru deyil. İnanıram ki, Azərbaycan dövləti hec olmasa humanitar sahədə İraqdaki soydaşlarımıza öz dəstəyini əsirgəməyəcək.”