Ersan Sarıkahya: “5 min türkmən gənc İŞİD-ə qarşı döyüşəcək”
“500 min insanımızın 250 mini şəhid olsa da, o torpaqlarımızı alacağıq”
“Artıq iki gündür ki, Kərkükə bağlı olan, 52 min türkmənin yaşadığı Tuzhurmatu rayonu tamam boşalmış vəziyyətdədir. Bu gün Tuzhurmatuda bir nəfər belə yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya deyib.
Hazırda Kərkükdə olan E. Sarıkahya bildirib ki, Tuzhurmatu ilə bərabər Telafer şəhəri, Bəşir və digər türkmən kəndləri “İraq İslam Şam Dövləti”nin (İŞİD) nəzarətindədir: “Telaferdən 250 min türkmən köçüb. Bu gün Türkiyənin Qızılay Cəmiyyəti və Türkiyənin “Eyitimsen” və “Kamusen” təşkilatları tərəfindən göndərilən qida yardımı İraq Türkmən Cəbhəsinə çatdırıldı və gün ərzində köçkün türkmənlərə paylanacaq. Bir məqamı da qeyd edim. İraqdakı türkmənlərin 50 faizi şiə, 50 faizi isə sünni məzhəbinə mənsubdur. Məsələn, mənim atam sünni, anam şiə türkməndir. Ancaq türkmənlər arasında heç vaxt məzhəb qarşıdurması baş verməyib. Bu səbəbdən də İŞİD tərəfindən işğal edilən türkmən şəhər, qəsəbə və kəndlərində yaşayan sünni türkmənlər də Kərkükə qohumlarının yanına gəliblər. Artıq gecə saatlarında Kərkük şəhəri də artilleriya atəşinə məruz qalır. Onu da deyim ki, bu gün etibarilə türkmən gənclərindən ibarət 5 min silahlı birləşmə formalaşdırılıb. Bu türkmən gənclər Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə gücləri ilə birlikdə Kərkükə nəzarəti həyata keçirirlər. İŞİD hazırda Kərkükdən 50 km uzaqlıqdadır”.
E. Sarıkahya Kərkükə bağlı olan, sünni ərəblərin yaşadığı Riyaz və Həficə kəndlərinin İŞİD-in nəzarəti altında olduğunu söyləyib: “Nəzərə almaq lazımdır ki, İŞİD sünni ərəb tayfaları tərəfindən də dəstəklənir. Bunun da əsas günahkarı İraq baş naziri Nuri əl-Malikidir. Çünki Maliki İran meylli şiə hegemoniyasını qurmağa çalışdı. Bu da sünni qrupları qıcıqlandırdı. İŞİD-in yeganə bir problemi var. İraqda sünni bölgələr, şəhərlər parçalanmış vəziyyətdədir. Yəni Mosulla Fəllucə, yaxud Ramadi və Samara arasında böyük ərazilərdə şiə ərəblərin yaşadığı kəndlər var və bu da İŞİD üçün problem yaradır. Lakin cənubda Bəsrədən Bağdada qədər uzanan bir şiə zolağı var. Ona görə də cənubda İranın təsiri böyükdür. Düzdür, İraqda sünni ərəblər arasında Səudiyyə Ərəbistanı və Suriyanın ciddi təsiri var. İraqda sünni ərəblər baş verənləri şiə və sünnilər arasında mübarizə kimi qəbul etdiyi üçün İŞİD-ə dəstək verdi”.
E. Sarıkahya Şimali İraq Kürd Muxtariyyətinin silahlı qüvvəsi olan, indiyə qədər təşkilatlanan və güclənən peşmərgələrin 1991-ci ilə qədərki kimi dağda partizan müharibəsi aparan döyüşçülər yox, artıq faktiki nizami bir ordu olduğunu qeyd edib. Peşmərgələrin nəzarətində raket kompleksləri, ağır silahlar var: “Peşmərgələr istədikləri bölgələri qoruya və ala biləcək gücə sahibdirlər. Biz türkmənlərin isə belə bir silahlı gücü yoxdur. Biz türkmənlər əsas diqqətimizi təhsilə, mədəniyyətə, ədəbiyyata yönəltdik, silahla işimiz olmadı. Bizim yaşadığımız bölgələri qoruya biləcək silahlı gücümüz olmadığı üçün bir çox türkmən Türkiyə və Azərbaycana çağırış etdi”.
E. Sarıkahya peşmərgələrin türkmən bölgələri qorumağa maraq göstərməməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, Şimali İraq Kürdüstan Muxtariyyəti hökuməti ilə Türkiyə hökuməti arasında ciddi əlaqələr, əməkdaşlıq var və bu əməkdaşlıq gələcək perspektivə hesablanıb. Türkiyənin hazırda rəsmi müdaxiləsi olmasa da, Mosul və Kərkük məsələsinə mövqeyinin həssas olduğu bəllidir: “Peşmərgələr istərsə, bu gün Kərkükün tam müdafiəsini təşkil edə bilərlər. Ancaq Türkiyənin bölgədə ağırlığı olduğu üçün bir sıra türkmən bölgələrə müdaxilə etmirlər. İraq Konstitusiyasında ixtilaflı bölgələrlə bağlı 140-cı maddə var. Bura Kərkük, Telafer, ümumiyyətlə, bütün türkmən bölgələri daxildir. İraq hökuməti və kürd hökuməti bu bölgələrə iddia edir. Ona görə də 2003-cü ildən bu yana bu türkmən bölgələri ilə bağlı məsələ həllini tapmayıb. Zaman ərzində türkmən bölgələrlə bağlı məsələ böyük güclər tərəfindən çözüləcək. Ancaq indi bu məsələnin çözüləcəyi zaman deyil. Bir məqamı da xatırlatmaq istəyirəm. Hələ İŞİD-in Mosulu ələ keçirməsindən öncəki dönəmdə İraq mərkəzi hökuməti türkmənlərə bölgələrini, şəhərlərini qorumaq üçün 10 min nəfərlik silahlı qüvvə formalaşdırmağa icazə vermişdi. Lakin o zaman peşmərgələr buna qarşı çıxdılar. İndi İŞİD müsibəti ortaya çıxdıqdan sonra türkmən silahlı güclərinin formalaşdırılmasına qarşı çıxmadılar. 5 min silahlı gəncimiz peşmərgələrin bilgisi daxilində Tuzhurmatu bölgəsində İŞİD-ə qarşı döyüşəcək”.
E. Sarıkahya bu günə qədər Türkiyənin türkmənlərə silah yardımı, yaxud hərbi təlim sahəsində addım atmadığını vurğulayıb. O, Türkiyədən mənəvi dəstək belə almadıqlarını vurğulayıb: “Hətta İraq Türkmən Cəbhəsinin Ərşad Salehi dedi ki, biz artıq Türkiyədən bir mədəd gözləmirik. Bu, hərbi dəstək mənasında deyilən bir sözdür. Ərşad Salehi dedi ki, hər bir türkmən silahını çiyninə alsın, heç bir şey edə bilməsə də, evinə sahib çıxsın. Türkmənlərin yaşadığı Tuzhurmatu şəhərində hər gün olmasa da, iki gündən bir partlayış baş verir və şəhidimiz olur. Tuzhurmatuda Əli Haşimoğlu adlı bir liderimiz vardı, o da şəhid oldu. Bizim üçün torpaqlarımız dəyərlidir, ölüm bahasına olsa da, torpaqlarımızı alacağıq. Bu gün İŞİD var, sabah yoxdur. Ümidim böyükdür ki, o torpaqları təkrar alacağıq. 500 min insanımızın 250 mini şəhid olsa da, o torpaqlarımızı alacağıq”.
E. Sarıkahya Nuri əl-Maliki hakimiyyətdə olduğu dönəmdə xaosun davam edəcəyini düşünür: “Nuri əl-Maliki baş nazir olduğu dövrdə İraqın bölünməsinə qonşu ölkələr də seyrçi qalacaq. İraqın neçə yerə bölünəcəyinə gəlincə, gücü olan İraqda bölgə sahibi olacaq. Təəssüf ki, türkmənlərin silahlı gücü olmadığı üçün torpağımızda ölərək şəhid olacağıq. Allahdan başqa sığınacağımız yoxdur. Həm şiə ərəblərin, həm sünni ərəblərin, həm də kürdlərin silahlı gücləri var, İraq da indiki halda onların arasında 3 bölgəyə bölünüb. Yalnız BMT-nin, qonşu Türkiyənin zamin dövlət kimi ortaya çıxacağı halda bir şansımız ola bilər”.