Təhsil millətin bugünüdün, gələcəyidir!

0
7

Qüdrət Əzizov

Təhsil millətin bugünüdün, gələcəyidir!

Problemləri necə həll etməli?

Çox vaxt şikayət edirlər ki, əvvəllər təhsil yüksək səviyyədə idi, müəllim – şagird münasibəti indiki dövrdən qat-qat yaxşı idi, müəllimlərin bilik səviyyəsi çox yüksək idi, cəmiyyətdə onlara münasibət tamam başqa idi, müəllim cəmiyyətdə daim öz nüfuz və statusunu qoruyub saxlamağa çalışırdı. Bəs nə oldu ki, indi vəziyyət dəyişdi, müəllim tədricən öz nüfuzunu itirməyə başladı, məktəbdə müəllim– şagird münasibəti dəyişməyə başladı?
Cəmiyyət yeni yola, bazar idtisadiyyatına qədəm qoydu. Etiraf edək ki, bazar iqtisadıyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və sair , nə adlandırırsan- adlandır, alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi. Hətta, ictimaiyyətdə rəy sorğusu aparılan zaman korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu. Təhsilin aqoniyası burda başladı. Özü də burda fərqləndirmək lazım deyil ki, ay bu orta məktəbdi, bu peşə məktəbi və yaxud da ali məktəb. Gündən – günə bu vəziyyət daha da ağırlaşır. İndi vəziyyət elə hal alıb ki, öz işinə məsulıyyətli münasıbət bəsləyən, şagirdlərlə gözəl münasibət quran, heç bir rüşvətə yaxın düşməyən müəllimi fanat və ya müasir dövrlə ayaqlaşmayan şəxs adlandırırlar. Bəs bu vəziyyətin aradan qaldırılma yolları varmı? Yəni müəllimlər bu qədər korlanıblar? Xeyr. Bir çox müəllimlər heç də bu halla razı deyillər. Əslində müəllimlərin əksəriyyəti rüşvətxor deyil, onlar halal zəhmətlə yaşamaq istəyirlər. Bəs onda nə etməli?
Müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqqı vermək. Bir dəfə məndən soruşdular: ” Əgər bütün müəllimlərə 500 manat əmək haqqı versək təhsildə bir şey dəyişərmi?” Cavab verdim: “Yox “. Əmək haqqının ödənilməsində bərabərçılik prinsipindən əl çəkmək lazımdır. Onu təhsilə işləyən mexanizmə çevirmək lazımdır. Müəllim hiss etməlidir ki, əgər bir ay işinə səhlənkar münasibət bəsləsə o, əmək haqqında öz əklsini tapacaq. Bu necə edilməlidir? Mən deyə bilmərəm . Yəqin ki , bu iqtisadçıların işidir. Əgər əmək haqqının ödənilməsində bu mexanizm təşkil edilsə, təhsildə rüşvətxorluğun qarşısı qismən alınar.
11 illik orta təhsili kimisi oxuyaraq, kimisi gününü keçirərək yola salır. Ali məktəbə qəbul olmaq kimilərində təhsil almaq, kimilərində isə qonşudan geri qalma prinsipi ilə ayaqlaşmaq üçündür. Üstəlik repetitor yanında ən azı 1 il əlavə təhsil alırlar və nə qədər pul sərf olunur. Əgər repetitor yanında əlavə təhsillə ali məktəbə hazırlaşırıqsa, bəs nəyə gedirik 11 il orta məktəbə? Deməli günahın hamısı tələbədə yox, bu sistemi quranlardadır. Güclə, min bir əzabla valideyn isləyib evə pul gətirir və həmin pulun yarısı, bəlkə də çoxu həmin repetitorlara gedir. Burda nə valideyni, nədə ki repetitoru günahlandırmaq olmaz, çünki valideyn övladının yaxşı təhsil alıb, gələcəkdə cəmiyyət üçün lazımlı şəxslərdən biri olmasını istəyir,müəllim isə aldığı maaşla yaşaya bilmir və məcbur qalır repetitorluq edir. Əgər ölkəmizdə təhsilimiz səviyyəsi yüksək olsa, yada heç olmasa yüksək təhsilin yarısı qədər keyfiyyətli olsa biz gənclər xarici ölkələrə təhsil almaq üçün üz tutmarıq. 11 illik məktəbə gün keçirmək üçün gedib gəlmərik və ən əsası valideynimizin əzabla qazandığı pulu repetitorlara vermək məcburiyyətində qalmarıq. Bir təhər ali məktəbə qəbul olunur və bununla da gənclərin çoxu deyir ki, üstümüzə düşəni etdik, bundan sonra oxumaq yoxdur, bu qədər. Universitetə getməkdənsə gününün çox hissəsini çayxanalara, kafelərə ayırır. Smart-telefonlar, maşınlar, xarici brendli paltarlar tələbələrin bir çoxunun əsas maraq sahəsidir. Bu saydıqlarımız da öz yeri var, amma bu elə səviyyədə olmalıdır ki, elmə, təfəkkürə, mədəniyyətə olan marağın önünə keçməsin. Misal üçün, məktəbdə belə bəziləri oxumağa ərinir, pul verib qiymət almağı üstün tutur, Amma bu gəncləri xaricə göndərsək onlar geri qayıdanda mükəmməl mütəxəssis olaraq gələrlər. Çünki hər bir şey qurulan sistemdən asılıdır.Əgər bugün bir müəllim tələbəyə “sən pul versən imtahandan kecərsən” deyirsə, bir müəllim ki gözünü tələbənin ilin axırında imtahanlarda ona verəcəyi pula dikirsə, biz mükəmməl təhsildən, hətta təhsildən belə danışa bilmərik. O təhsil ki, o gənclik ki, gələcəkdə hər bir şeyi dəyişə bilər, o gənclik ki, ölkənin bayrağını dalğalandıracaq, o gənclik ki, ölkəmizi bütün dünyaya tanıdacaq. Təbii ki, gəncliyimizə bu şərait lazımi şəkildə yaradılarsa.
Bugün kitabxanalara tələbələrin on faizi belə getmir. 11 illik təhsildən sonra ali məktəbə qəbul ola bilməyənlər pul verərək başqa ölkələrə təhsil almağa gedirlər.
Tələbə qəbulu sisteminin zəifliyindən faydalanıb hər bir kəs, 1 il test əzbərləməklə ali təhsil müəssisəsinə daxil olur, bəziləri orda da rüşvət verərək diplom alır. Çoxlarının təfəkkür səviyyəsi o qədər aşagıdır ki, elə fikirləşirlər ali təhsilin mahiyyəti professorlardan informasiya əldə etmək, tədqiqat aparmaq, yeni üsullar kəşf etmək yox, kağız parçası olan diplomu almaqdır. Bunun nəticəsidir ki, günlərini boş-bekarçılıqla keçirirlər, çünki infomasiya olmayan yerdə nə etmək olar? O müəyyən vaxtı da puç edib gələcəkdə çoxlu problemlər ilə üzləşirlər və bunun günahını da kənarda axtarırlar.
Mən ölkəmizdə təhsil səviyyəsinin qənaətbəxş olmadığını inkar etmirəm. Amma bununla yanaşı gənc nəsildə olan təhsilə həvəssiz yanaşma da onların gələcəkdə bir çox problemlərlə üzləşməsinə yol açacaq. Ona görə də, gəncliyimizin və təhsil almaq hüququmuzun qiymətini bilək. Unutmayaq ki, çiçəklənən Azərbaycanın gələcək taleyi biz gənclərdən asılıdır.

LEAVE A REPLY