Sosial şəbəkələrdə nələr baş verir?

0
2

Sosial şəbəkələrdə nələr baş verir?
Siyasi rəqabətin əsas ünvanı haradır?

XXI əsrin yeni texnologiyalar zamanı olduğunu nəzərə alsaq, siyasi rəqabətin də müxtəlif “arena”lara üz tutduğunu qəbul etməli olarıq. Belə məkanlardan biri də sosial şəbəkələrdən biri olan “facebook”dur.
Etiraf etmək lazımdır ki, facebook ölkəmizdə kifayət qədər populyarlaşıb. “Facebook”un informasiya mübadiləsi üçün ən yaxşı vasitə olduğunu anlayan hər kəs, bu məkandan lazımınca faydalanmağı bacarır. Gün ərzində “facebook”dan milyonlarla insanın istifadə etdiyini nəzərə alsaq, həmin sosial şəbəkənin reklam üçün ən sərfəli vasitə olduğunu qəbul etməmək olmur.
Əlbəttə, sosial şəbəkələrdən hər kəs öz intellektinə uyğun istifadə edir. Bəziləri müxtəlif zamanlarda çəkdirdiyi şəkilləri, istirahət etdiyi məkanı, kimisi isə siyasi potensialını nümayiş etdirməyi məqsədə uyğun hesab edib, sutka ərzində bir neçə dəfə “facebook” səhifəsinə daxil olur.
Sosial şəbəkələrin əksəriyyətində olduğu kimi, “facebook”da da hegemonluğu siyasətçilər edir. Ölkəmizdə vəziyyət fərqli deyil. Əksər tanınmış siyasətçinin “facebook” səhifəsi mövcuddur ki, gün ərzində onların fəaliyyəti barədə məlumat almaq olur.
Facebookda bəzən maraqlı debatlara şahidlik etmək olur. İqtidar yetkililəri ilə müxalifət nümayəndələrinin bir-birinə sərt ittihamları, atmacaları sosial şəbəkələrin gündəlik “reqlament”inə çevrilib.
Müşahidələr göstərir ki, “facebook”da müxalifət nümayəndələri daha aktivdir. Bu sırada AXCP sədri Əli Kərimlini və onun tərəfdarlarını xüsusi olaraq qeyd etmək istəyərdim. “Facebook”da ən sərt ifadələrdən, bəzən isə küçə söyüş və təhqirlərindən istifadə edənlər də məhz AXCP üzvləridir. Burada Əli Kərimlinin “dəsti-xətti” açıqca hiss olunur. “Azadlıq” qəzetinin səhifələrində olduğu kimi, “facebook”da da bəzi AXCP üzvləri şər-böhtandan kifayət qədər istifadə etməklə rəqiblərinə hücum edirlər. Sevindirici haldır ki, statuslarında bol-bol təhqirlərdən, söyüşlərdən istifadə edən AXCP üzvləri yalnız bir neçə partiyadaşlarından dəstək ala bilirlər. Əksinə, onlara tənqidi yanaşan, hətta küçə söyüşlərini “ikimərtəbəli” edərək özlərinə qaytaranlar daha çoxluq təşkil edir.
Ə.Kərimli sosial şəbəkələrdə ətrafına toplaşmış savadsız, siyasi baxışları məhdud olan qadınlardan da istifadə etməyə çalışsa da, bu çox zaman uğursuz alınır. AXCP sədrinin “facebook” dostluğunda bir neçə min insan olsa da, onların yalnız kiçik hissəsindən dəstək ala bilir. AXCP-nin sosial şəbəkələrdəki ən fəalları Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı və Kəmalə Bənəniyarlıdır.
Müsavatçılar da sosail şəbəkələrdə fəaldır. Facebookda ən fəal müsavatçı olaraq Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılını qeyd etmək olar. A.Hacılı AXCP fəallarından sosial şəbəkələrdə daha təmkinli görünür. Məhz həmin səbəbdən Müsavat yetkilisi AXCP sədri Ə.Kərimlidən dəfələrlə artıq dəstək ala bilir. A.Hacılı zaman-zaman öz şəxsi arxivindəki şəkil və digər yazılı materiallardan istifadə etməklə “facebook” səhifəsini bir qədər maraqlı edə bilir.
Müsavat başqanı İsa Qəmbər daha çox yersiz atmacalarıyla yadda qalmaq istəyir. Statusunda Braziliyada keçirilən dünya çempionatına toxunan başqan, guya futbol matçlarının gecəyarısından sonraya düşməsindən sevindiyini bəyan edərək, “sutkanın digər vaxtlarında siyasi məhbusların problemləriylə məşğul ola biləcəyik” kimi yersiz münasibətləriylə gülüş hədəfinə çevrilib.
“Facebook”da jurnalistlər kifayət qədər aktiv görünürlər. Bu sırada hələlik “Bakı-Xəbər” qəzetinin yazarı, Azinform saytının rəhbəri Məhəmmədəli Qəribli və keçmiş məhbus Ruslan Bəşirli liderlik edirlər.
“Millətim”in yeni saytı Millətim.info da artıq “facebook” sosial şəbəkəsində ən çox izlənilən səhifələrdən biridir. Qəzetimizin baş redaktoru Lalə Ramizqızı da facebookda maraqlı statuslarıyla tez-tez görünənlərdəndir.
APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Publika.az saytının rəhbəri Aynur Camalqızı da sosial şəbəkələrdə ən aktiv qadınlardan sayılırlar.
“Millətim”in baş məsləhətçisi, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev “facebook”a cəmi bir neçə ay əvvəl qatılsa da indi dostluğunda 500 nəfər var. Baxmayaraq ki, dostluğunda olanların əksəriyyəti Milli Azadlıq Hərəkatının fəalı, AXCP, Müsavat və digər radikal müxalifət təşkilatlarının üzvləridir, baş məsləhətçimizin yazdıqları əksəriyyət tərəfindən bəyənilir. Qeyd edim ki, müəyyən etirazlara baxmayaraq, R.Tağıyev öz mövqeyini açıq-aşkar ifadə etməkdən qətiyyən çəkinmir. Hətta bəzən ən radikal AXCP üzvlərinin “Millətim”in baş məsləhətçisini dəstəkləmələri hər kəsi təəccübləndirir.
İqtidar nümayəndələri sosial şəbəkələrdə bir o qədər fəal görünmürlər. Bu sırada ölkə prezidenti İlham Əliyevin olduğu dəqiq bilinməyən səhifəsi öndədir. Ölkə prezidentinin səfərləri, qəbulları barədə xəbərlər və onları təsvir edən şəkilləri böyük əksəriyyət tərəfindən bəyənilir. Cənab İlham Əliyev sosial şəbəkələrdə də ən çox dəstəklənəndir.
İkinci sırada ölkənin birinci xanımı Mehriban Əliyevadır. Onun rəhbərlik etdiyi Heydər Əliyev fondunun gördüyü işlər barədə xəbərlər on minlərlə insan tərəfindən bəyənilir. Xatırladım ki, ən aparıcı müxalifət partiyalarının sədrlərinin yazıları cəmi 100-ə qədər insan tərəfindən oxunur.
Fövqaladə Hallar (FHN) naziri Kəmaləddin Heydərovun da “facebook” səhifəsi var. Burada əsasən nazirin gündəlik fəaliyyəti barədə məlumatlar yer alır. Qeyd etməliyəm ki, FH naziri sosial şəbəkələrdə də fövqaladə gücə malikdir. Onun səhifəsində yayılan istənilən məlumat minlərlə insan tərəfindən bəyənilir. Sevindirici haldır ki, K.Heydərova sosial şəbəkələr vasitəsiylə edilən müraciətlərə dərhal reaksiya verilir.
Təəssüf ki, əksər iqtidar məmurları sosial şəbəkələrdə ya görünmür, yada ki, çox zəif görünürlər. Millət vəkillərindən Etibar Hüseynov, Zahid Oruc sosial şəbəkələrdə maraqlı mövqelər sərgiləməklə geniş kütləni cəlb edə biliblər.

Nicat Sadiq

LEAVE A REPLY