Müsavatda qarşıdurma, yoxsa dağılma?
Qarşıdurmaya səbəb regionçuluqdurmu?
Müsavat başqanının müşaviri Səxavət Əlisoyun qurultayı zamanında keçirmək, təxirə salmamaq təklifi nədənsə bir çox partiyadaşını qıcıqlandırıb. Son günlər S.Əlisoya edilən hücumları bununla əlaqələndirən, məsələnin səbəbini partiyanın üst qatında arayanlar da var. Müsavatçı sabiq millət vəkili İkram İsrafilin S.Əlisoya qarşı çıxmasını məhz ikinci səbəblə əlaqələndirirlər.
S.Əlisoyu təşkilatın sıraviləri dəstəkləsələr də, Müsavat rəhbərliyi ondan qurtulmağın yollarını aramaqdadır. Kifayət qədər təmiz vicdanlı, heç bir çirkin oyunda adı hallanmamış S.Əlisoydan hətta Müsavat başqanı İsa Qəmbərin də ehtiyatlanması sirr deyil.
Müsavat başqanı müşavirinin iqtidara qarşı barışmaz mövqeyi dəfələrlə təsdiqlənsə də, bunu İ.İsrafil barədə söyləmək mümkün deyil. Belə ki, bundan öncə-2005-ci il Milli Məclisə seçkilərdə S.Əlisoy və hətta yaxın qohum-əqrəbasının ciddi təzyiqlərə məruz qaldıqları söylənilsə də, İ.İsrafilin həmin seçkidə deputat mandatıyla “ödül”ləndirildiyi yaddaşlardan silinməyib.
S.Əlisoya edilən təzyiqlərin əsas səbəblərindən biri onun əslən naxçıvanlı olmasıdır. Onun həmyerliləri Sülhəddin Əkbər və İbrahim İbrahimlinin Müsavatdan qəfil istefa etmələri, həmin regiondan olanlara pataloji nifrətini gizlətməyən partiyanın icra aparatının rəhbəri Arif Hacılının əlinə əlavə arqumentlər verib.
Müsavat başqanı İ.Qəmbərin partiyadaxili çəkişmələrə kifayət qədər susqunluq nümayiş etdirməsi S.Əlisoy və tərəfdarları tərəfindən etiraza səbəb olub. Görünən odur ki, başqan özü də müşavirindən qurtulmağın yollarını aramaqdadır. Çünki müşavirin başqan tərəfindən istefaya göndərilməsi, naxçıvanlıların birmənalı olaraq Müsavatla əlaqəni kəsməkləriylə nəticələnə bilər.
Düzdür, başqanın həmin regionla yaxın qohumluq əlaqələri olsa da, inandıqlarının çevrəsində naxçıvanlıları “yıxıb-sürümək”dən çəkinmədiyi bildirilir.
Müsavatın indiki durumunda S.Əlisoy daha güclü görsənir. Müşavirin tələbi haqlı olduğundan qarşı tərəf ondan ehtiyatlanmağa başlayıb. Qarşıdurmaların baş alıb getdiyi Müsavatın təşkilat olaraq durumu isə faciəvi qiymətləndirilir. Hətta Müsavat yetkililərinin proqnozuna görə, belə qarşıdurmalar təşkilatın axırına çıxa bilər. Bəzi müsavatçılar isə daha maraqlı rəy söyləyib: “Başqan yaranmış vəziyyətdən məmnundur. O, özündən sonraya güclü Müsavatın qalmasını istəmir. Yəqin bir zaman kənardan baxıb, söyləmək istəyir ki, gördünüz, Müsavatı yalnız mən saxlaya bilirdim”.
Nihat