Prezident: “Rusiya ilə münasibətlərimizin inkişafına önəm veririk”
Prezident İlham Əliyev Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırıb. Dövlət başçısı D. Roqozinin eyni zamanda Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.
Prezident ikitərəfli münasibətlərin inkişafına Azərbaycanın da önəm verdiyini vurğulayaraq Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ölkələrin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirib.
Rusiya Federasiyası baş nazirinin müavini Azərbaycanla Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərimizin inkişafına dair prezident İlham Əliyevin söylədiyi fikirləri yüksək qiymətləndirdiyini bildirib.