Bakıda “piknik” qadağandır

0
7

Bakıda “piknik” qadağandır

Dünyanın bir çox ölkələrində insanlar istirahət etmək üçün müəyyən ərazilərdə piknik edə bilsələr də, Azərbaycanın paytaxtı Bakıda buna icazə verilmir. Paytaxtda hətta yaşıllıqda yalnız oturaraq istirahət etmək istəyənlər də polislər tərəfindən ərazidən uzaqlaşdırılır.

Paytaxtın ən gözəgəlimli ərazilərindən olan Bakı bulvarına nəzarət edən Nazirlər Kabineti yanında Bakı Bulvar İdarəsi bulvardakı yaşıllıq sahələrində insanların “piknik” etməsinə icazənin hansı səbəbdən verilmədiyini açıqlayıb. İdarənin rəsi müavini Nazim Məcidov Trend-ə bildirib ki, bulvarda “piknik” etməyə icazə verilmir. Bunun əsas səbəbi isə yaşıllıqların qorunması ilə bağlıdır: “İqlim şəraiti ilə əlaqədar bizim ərazidə 1 metr yaşıllıq sahəsini salmaq və mühafizə etmək çox çətin olur. Belə yaşıllıqları salmaq çox böyük fiziki əmək hesabına, əziyyətlə başa gəlir. Digər tərəfdən, belə yaşıllıqlara tələbat çoxdur. Ona görə də insanlara həmin ərazilərdə oturmağa və “piknik” etməyə icazə vermirik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə Trend-ə bildirib ki, “piknik” sahələrinin yaradılması üçün Bulvar, Şəhidlər xiyabanı ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, boş yer yoxdur.

Əvvəllər Bakıda insanların “piknik” edə bilməsi üçün bir neçə yerin olduğunu xatırladan C.Qocayev indi həmin yerlərin hamısının ayrı məqsədlər üçün istifadə edildiyini qeyd edib: “Əvvəllər dəniz sahilləri ilə yanaşı, insanlar aeroporta gedən yollarda, zeytun sovxozlarının ərazilərində özləri üçün süfrələr aça bilirdilər. Ancaq nizamsız məskunlaşma ucbatından həmin yerlər sıradan çıxıb. Həmin yerləri yenidən yaratmaq elə də asan məsələ deyil. Çünki həmin yerlərdəki insanlar köçürülməli və bu yerlərdə yenidən meşəlik salınmalıdır”.

LEAVE A REPLY