Azərbaycanda güllələnmiş məhkumlar – “Bayıl türməsində onların qulağının dibinə iki atəş açılırdı” – Keçmiş rəis ölüm hökmündən danışır
Hazırda dünyanın müxtəlif ölkələrində ən ağır cinayət törətmiş şəxslərə ya ölüm hökmü, ya da ömürlük həbs cəzası tətbiq olunur. Ölüm hökmü cinayətkarlara verilən cəzaların ən ağırıdır. Lakin bu cəza bütün ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunmur.
Ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etməkdir. Bu həm hüquqi, həm cinayət hərəkəti kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi qalmaqdadır. Bəzi ölkələrdə isə o, qanunla qadağan edilib. Ölüm hökmünün ən çox yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daş-qalaqdır.
Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələrinə görə, dünyada ən ağır cinayət törətmiş şəxslərə ölüm hökmü çıxarılmasını istəyənlər də var, ömürlük həbs cəzası kəsilməsinə tərəfdar olanlar da.
Amma ölüm hökmünün əleyhinə olanların göstəricisi daha yüksəkdir. Ölüm hökmünün qalmasına tərəfdar olanların arqumentləri müxtəlifdir. Məsələn, onlar ən ağır cinayətlər sayılan vətənə xəyanətin, qəsdən adamöldürmənin ömürlük həbslə cəzalandırılması ilə razı deyillər. Bəziləri düşünür ki, ölüm hökmünün ləğvi ağır cinayətlərin artmasına səbəb olub.
Ölüm hökmünün əleyhinə olanların da öz arqumentləri var. Onlar hansısa təsir altında ağır cinayətlər törətmiş insanlarla qəddar davranmanı müasir dövrün qayda-qanunlarına zidd hesab edirlər. Məsələn, təsəvvür edin ki, azyaşlı qızı zorlanmış ata belə alçaq hərəkətə yol vermiş cinayətkarı məhv edib. Bu halda həmin atanı ölümə məhkum etmək olarmı? Amma o da doğrudur ki, bütün ağır cinayətlər belə təsirlər altında baş vermir.
Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da mərhum prezident Heydər Əliyevin qərarına əsasən ləğv edilib.
Keçmiş SSRİ dövründə Azərbaycanda ölüm hökmü cəzası alan cinyətkarlar güllələnirdilər. Azərbaycanda barəsində ölüm hökmü çıxarılan cinayətkarlar Bayıl təcridxanasının 5-ci korpusunda güllələnirdilər. 1923-93-cu illər ərzində yüzlərlə Azərbaycan vətəndaşının yolu «ölüm kamerası»ndan keçib. Orada sonuncu güllə səsləri 1993-cu ilin fevralında eşidilib.
O zaman qüvvədə olan təlimata əsasən, Bayıl həbsxanasına gətirilən güllələnəcək cinayətkarlara öncə əfv edilmələri barədə müraciət yazmaq təklif olunurdu. Əfvlə bağlı ərizə yazılandan sonra Respublika Prokurorluğuna göndərilməli idi. Prokurorluq da öz növbəsində həmin müraciəti əvvəlcə respublikanın Ali Sovetinə, sonra isə SSRİ Ali Sovetinə göndərməli idi. Müraciətə baxılana qədər məhbus «Bayıl»dakı 5-ci korpusda qalmalı idi. Bütün SSRİ məkanında barələrində ölüm hökmü çıxarılan məhkumlar adətən təkadamlıq kameralarda saxlanılırdılar. Onlara yaxınları ilə görüşə, habelə gəzintiyə çıxarılmırdılar. Yalnız sutkada bir dəfə ayaqyoluna aparıla bilərdilər.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov Modern.az-a bildirib ki, güllələnmə qərarı icra olunmazdan əvvəl birinci növbədə məhkumun bağışlanma ərizəsini yazmaq hüququ var idi.
“Məhbus özü savadsız olanda həbsxana rəsinin onun adından məktub yazmaq hüququ vardı. Ərizə yazılmadığı təqdirdə isə güllələnmə həyata keçirilmirdi, çünki, bu məhkumun hüququ idi.
Əfv ərizəsini yazmaqda məqsəd güllənmə hökmünün 20 illə əvəzlənməsi üçün idi. Əgər müsbət cavab gəlirdisə, məhkum güllələnmədən azad olurdu və ən yaxşı halda 20 il cəza çəkirdi”.
Keçmiş rəis deyir ki, SSRİ Ali Sovetinə göndəriləm ərizəyə mənfi cavab gəldikdən sonra hökm icra olunurdu. Əfvə mübət cavab verildiyi təqdirdə isə məhkumun cəzası 20 illə əvəz olunurdu.
M.Zeynalov bildirir ki, o zamanlar adətən bir və bir neçə insanı öldürənlər güllələnməyə məruz qalırdı. “Hökm keçmiş “Bayıl həbsxanası”nın zirzəmisində icra olunurdu. Hökmün icrası zamanı adətən ali məhkəmənin nümayəndəsi, prokurorluğun nəzarət idarəsinin işçisi, həkim və ən əsası da Bayıl həbsxanasının rəisi iştirak edirdi. Əslində hökmü həbsxananın rəisi həyata keçirməli idi. Lakin həbsxana işçilərindən biri bu işi həyata keçirirdi”.
M.Zeynalov deyir ki, güllələnmə prosesi zamanı məhkumun əlləri arxadan bağlanırmış, ağzına qışqırmasın deyə, rezindən hazırlanmış tıxac tıxayırmışlar.
Hökm zamanı ölümə məhkum edilmiş dustağın qulağının dibindən iki güllə vurulurmuş.
“ Atəş açıldıqdan sonra həkim məhkumun nəbzini yoxlayırdı, əgər ölmürdüsə, daha bir güllə vurulurdu. Öldükdən sonra ölüm faktı qeydə alınırdı” – M.Zeynalov deyir.
M.Zeynalovun sözlərinə görə, il ərzində Azərbaycanda 15-20 nəfər adam güllələnirdi. “Ölümə məhkum edilmişlərin çox cüzi bir hissəsi əfvə düşürdü. Tanınmışlardan kiminsə bu əfvə düşməsi faktını deyə bilməyəcəm. İsgəndər Quliyev və Saşa Babayev bir neçə dəfə əfv üçün Ali Sovetə müraciət etdi, lakin təsdiq gəlmədiyi üçün 1982-1983-cü illərdə güllələndilər”.
Güllələnmiş məhkumların harada dəfn olunmalarına gəlincə isə M.Zeynalov deyir ki, onları naməlum yerdə torpağa basdrırdılar.
“Hökmün icrasından nə əvvəl, nə də sonra məhkumların ailələrinə xəbər verilirdi. Bununla bağlı qanunvericlikdə bir qadağa yox idi, lakin icazə də verilmirdi. Hökm icra olunurdu, uzun müddət məhkumun ailəsi onun öldüyünü bilmirdi. Bəzən də olurdu ki, qəzetdə hökmün icrası ilə bağlı məlumat gedirdi, lakin rəsmi heç nə deyilmirdi.
Hətta məhkumların yaxını gəlib soruşanda ona bildirirdilər ki, Ali Məhkəmədən öyrən, ali məhkəmə deyirdi ki, get həbsxanadan öyrən, beləcə süründürməçilik olurdu. Çox vaxt da yaxınları bezdiyindən həmin məhkumların axtarışını dayandırırdılar”.
Bayıl həbsxanasında ölüm hökmünün icrası 3-6 ay, hətta 1 ilədək uzana bilərdi. DİN-dən Bayıl həbsxanasının rəisinə içərisində SSRİ Ali Sovetinin qərarı olan xüsusi qovluq göndərilirdi. Həmin qovluqdakı cavaba uyğun olaraq ölüm hökmü ya 20 illik həbs cəzası ilə əvəz edilir, ya da ki, hökm yerinə yetirilirdi.
Qeyd etdiyimiz kimi, tükürpədici hökmlər yarımzirzəmi «ölüm kamerası»nda həyata keçirilirdi. Güllələnmə prosesində dörd nəfər-həbsxana rəisi, nəzarət üzrə prokuror, tibbi ekspertizanın rəhbəri və uçot işləri ilə məşğul olan nümayəndə iştirak etməli idi. Güllələnmədə «Naqan» tipli silahdan istifadə olunurdu. Qaydaya görə atəş məhbusun başının sol qulaq tərəfdən arxasına açılmalı idi. Bu, başın elə bir nöqtəsi sayılırdı ki, oraya açılan birinci atəş məhkumu öldürməli idi. Prosesdə iştirak edənlərə psixoloji təsirdən xilas olmaları üçün 50 qram spirt icməyə icazə verilirdi. Bu vaxta qədər Bayıl həbsxanasında nə qədər insanın güllənləndiyi sirr olaraq qalır. Digər keçmiş SSRİ respublikalarında olduğu kimi, Azərbaycanda da güllələnlərin cəsədləri yaxınlarına verilməyib və onlar naməlum qəbiristanlıqda ad və soyadları göstərilmədən basdırılıb.
1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.