Yol polisi, keçidlər və icra hakimiyyəti başçılarının yolu…

0
7

Yol polisi, keçidlər və icra hakimiyyəti başçılarının yolu…

Hər il yüzlərlə kilometr yeni yollar çəkilsə də, nədənsə bu problemi birdəfəlik həll etmək mümkün olmur. Yolu çəkib sona çatana qədər başlanğıcda yeni problemlər üzə çıxır.
Paytaxtımızda yolların təmirində bir xeyli irəliləyiş olsa da, hələ kifayət qədər görülməmiş işlər var. Belə görünür ki, bərbad vəziyyətdə olan yolların yenilənməsi üçün, həmin əraziyə mütləq ölkə prezidenti cənab İlham Əliyevin səfəri baş tutmalıdır. Bu özünü Sabunçu qovşağının ətrafında müxtəlif istiqamətdə hərəkəti asanlaşdırmaq üçün yeni yolların salınmasında büruzə verdi. Ölkə rəhbəri müvafiq göstərişlər verərək müasir yolların ərsəyə gətirilməsinin lazımlığını qeyd etdi.
Ancaq nə yazıq ki, rayon icra hakimiyyəti başçılarını yol təsərrüfatı maraqlandırmır. Hər dalanda, hər döngədə yeni ticarət obyektlərinin açılmasında maraqlı görünən icra başçıları sanki rəhbərlik etdikləri rayonların yollarından xəbərsizdirlər. Və yaxud pusqu qurmaqla sürücüləri cəzalandırmağa daima hazır olan Dövlət Yol Polisi əməkdaşları nədənsə sürücülərin avtomobillərini idarə etdikləri yolların tam bərbad olduğuna əhəmiyyət vermək istəmirlər. Hər tərəf çala-çuxur olduğundan sürücü istər-istəməz avtomobili “ilanvari” hərəkət etdirmək məcburiyyətində qalır. Bu isə təbii ki, tez-tez qəza vəziyyətinə şərait yaradır. Xətai rayonundakı əksər yolların bərbad olması xüsusilə diqqət çəkir. Neapol dairəsindən Köhnə Günəşli istiqamətindəki yol daha çox dərə-təpəni xatırladır. Buna birtəhər dözmək mümkün olsa da, həmin rayonun Ukrayna dairəsində piyadalar üçün heç bir keçidin olmamasına biganə qalmaq hədsiz çətindir.
Nəzər alsaq ki, yay mövsümüdür, Xətai rayonunun əhalisi həmin ərazidə yeganə istirahət məkanı olan Heydər Əliyev adına parka axışır, onda vəziyyətin nə qədər mürəkkəb olduğunu dərk etmək çətin olmaz. Qeyd edim ki, həmin ərzidə dəfələrlə piyadanın ölümüylə sonuclanan avtomobil qəzaları baş verib. Təəssüf ki, nə icra hakimiyyəti, nədə ki Yol Polisi məsulları Ukrayna dairəsində piyadalar üçün keçidin inşasına təşəbbüsdə bulunmayıb. Yəni insan həyatı Xətai rayonu məsulları üçün bu qədərmi önəmsizdir?
Düşünürəm ki, illərdir Ukrayna dairəsində piyada keçidinin inşa edilməməsinin məsuliyyəti məhz Xətai rayonu İcra hakimiyyəti rəhbərliyinin üzərində qalır. Belə nəticə çıxarmaq olar ki, icra aparatının məsullarından heç biri rayon ərazisini piyada gəzməyib. Gəzsələr də hər gün yağışdan sonra çoxalan göbələklər kimi artan ticarət obyektlərini “tanıya” biliblər.
Xətai rayon Yol Polisi əməkdaşlarının da diqqətinə bir məqamı çatdırmaq istəyirəm. Tutaq ki, yeraltı keçid yoxdur, onda nədən piyadalar üçün yolu daha rahat adlamağa şərait yaradan xətlər olmasın? Rayon sakinlərinin ən çox istifadə etdiyi Heydər Əliyev adına parka rahat keçmək üçün yollarda işarə xətləri çəkmək bir o qədər çətindir? Həmin ərazidə piyadaların sərbəst keçidini təmin etmək üçün Dövlət Yol Polisi nəzarəti gücləndirə bilməzmi?
Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Nədənsə, rayon icra hakimiyyəti rəhbərlikləri özlərinə sərf etməyən məsələlərdə sərbəst qərar verməyi lazım bilmirlər. Açıq söyləyim, əgər yeraltı piyada keçidlərində ticarət obyektləri yaradılmasına imkan verilsə, onda həm rayon rəhbərləri, həm də onlara yaxınlıqları ilə seçilən iş adamları az müddətdə saysız-hesabsız dəbdəbəli piyada keçidləri inşa etdirərlər. Əslində bunda qəbahət görmürəm. Bəlkə bu yolla insanların həyatına təhlükə yaradan amilləri aradan qaldırdılar.
Son zamanlar müəyyən qədər etikalı sürücülərlə rastlaşmaq olur. Bir çox hallarda sürücülərin sürəti azaldıb, piyadaların yolu sərbəst keçmələrinə şərait yaratdıqlarına şahid olmuşuq. Hətta sürücülərin bir-birinin avtomobilinə hörmətlə yol vermələrilə də rastlaşmışam. Təki belə olsun.
Qoy insanlar bir-birinə sevinc bəxş etsinlər, nəinki ölüm təhlükəsiylə üz-üzə qoysunlar. Bir ani səhv böyük bədbəxtliklər yaradır, neçə-neçə ailəni gözüyaşlı qoyur.
“Böyük”lərin –məsul şəxslərin səhvləri, vacib işlərin həyata keçməsini ləngitmələri isə daha böyük faciələrə səbəb olur. Avtomobilinizdə yolları rahat şütüyən Dövlət Yol Polisi və İcra hakimiyyəti rəsmiləri arada bir piyadaların hərəkətinə nəzər yetirməyinizi xahiş edirik.

Nicat Sadiq

LEAVE A REPLY