Vüqar Abbasov: “Deputat Mixiel Servaes mənə dedi ki, Niderland parlamenti gündə bir soyqırımı müzakirə etmir”

0
9

«Bunlara ölkəmizlə bağlı daha çox bilgi vermək lazımdır»

Vüqar Abbasov: “Deputat Mixiel Servaes mənə dedi ki, Niderland parlamenti gündə bir soyqırımı müzakirə etmir”

Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasovla müsahibə

-Vüqar bəy,bu günlərdə Hollandiya parlamentinin üzvü. Mixiel Servaeslə görüşünüz oldu. Ümumiyyətlə,bu tipli görüşləri keçirtmək asandırmı?

– Bəli, belə bir görüşüm oldu. Asanlığına gəlincə (gülümsəyir), asan olsa idi inanıram ki, çoxları belə görüşdən imtina etməzdi və siz indiyə qədər çox belə görüşlərin şahidi olardınız. Bilirsiz, bir millət vəkili ilə görüşüb şəkil çəkdirmək o qədər də çətin deyil. Bu ölkədə baş nazir də işə velosipedlə gedib-gəlir. Parlamentin qarşısında bir neçə saat dayansan istənilən qədər millət vəkili ilə şəkil çəkdirə bilərsən. Yaxud da burda parlamentə, onların saytından qeydiyyatdan keçməklə turist kimi də gedə bilərsən, ekskursiyaya və orda da yetərincə şəkil çəkdirmək olar (gülümsəyir). Mənim belə şeylərə nə həvəsim, nə də vaxtım var.

-Onların ölkəmiz haqqında fikirlər nədən ibarətdir?

-Söhbətlərdə daha çox ölkəmizdəki siyasi durumdan, insan haqlarından söhbət açmağa meyilli olurlar. Mən anlayıram. Ancaq həmçinin deyirəm ki, öz doğma yurdumuzdan, Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi qaçqın düşənlər də insandırlar və onların da haqqları var ki, ermənilər tərəfindən pozulub. Sual edirəm ki, bu haqlardan kim danışacaq? Bilirsiz, bunlar da insandırlar. Doğrudur, bunların siyasətçiləri olduqca hazırlıqlı, məlumatlı olurlar. Ancaq bu “olduqca” hələ “tam” demək deyil. Bunlara ölkəmizlə bağlı daha çox bilgi vermək lazımdır. Çox istərdim ki, görüşlərdə onların iradları ilə rastlaşmayım.

-Qarşıda Xocalı soyqırımını Hollandiya parlamentinə daşımaq olarmı? Bunu etmək üçün nələr etmək lazımdır?

-Son görüşümdə cənab Mixiel Servaes mənə dedi ki, Niderland parlamenti gündə bir soyqırımı müzakirə etmir və həmçinin ötən əsrin əvvəllərində Türkiyədə ermənilərə qarşı baş verən olayları da soyqrım kimi tanımamışıq. Qeyd etdi ki, biz çağıra bilərik ki, Xocalıda baş verənlər araşdırılsın, necə ki, Türkiyədə baş verənləri araşdırmağa çağırış etmişik. Mən ona əlimdə olan materialları göndərdim. Yeri gəlmişkən, Bakıda yaşayan dostum, Avropa Azərbaycanlıları İnformasiya Mərkəzinin rəhbəri Tale Həsənova da təşəkkür edirəm. Sosial şəbəkədə mənə material lazım olduğunu yazan kimi, internetdən mənə materiallar tapmağa yardımçı oldu. Təəssüf edirəm ki, sizin kimi dostlardan başqa bu işlərdə dəstək verən görmədim. Ancaq məqsədim şikayət etmək deyil. Demək istəyirəm ki, hamılıqla millət vəkilləri ilə görüşməyə cəhd etməyə ehtiyac yoxdur, onsuz da bu asan deyil. Görüşə bilənlərə dəstək vermək lazımdır ki, fürsət düşəndə materialları yerindəcə təqdim edə bilsin. Əgər mən bir başqasının hər hansı bir vasitə ilə bunu edə biləcəyini görsə idim, heç adımın hallanmasını istəmədən bacardığım dəstəyi verərdim. Ona görə ki, mənim məqsədim adımın hallanması yox, ölkəmin problemlərini çatdırmaqdır. Düşünürəm ki, nə demək istədiyim aydın oldu. Yeri gəlmişkən, bu yazını oxuduqdan sonra mənə “dəstək” təklif etmək gərək deyil, artıq buna ehtiyac yoxdur…

-Hollandiyalı deputatların Azərbaycana səfərlərini təşkil etmək olarmı? Bununla da onların ölkəmiz bağlı fikirləri əyani olaraq formallaşsın.

-Onlardan mütamadi olaraq ölkəmizə səfər edənlər var. Ancaq gərəkərsə buna cəhd etmək olar. Onların ora gəlməsindən daha çox, ölkəmizdə onlara hansı məlumatın veriləcəyi maraqlıdır. Bir neçə il öncə Avropa Parlamentindən ölkəmizə səfər etmiş iki millət vəkillərindən biri ilə əlaqə saxladım və ona Azərbaycanda keçirtdiyi görüşlər barədə suallar verdim. Mənzərə belə idi: görüşdükləri insanlarla siyasi məsələlərdən kənar söhbətləri olmayıb. Müxalifət üzvləri iqtidar tərərəfdən, iqtidar tərəf isə əks tərəfdən şikayət etməklə kifayətləniblər. Mən həmən vaxt bu qısa söhbəti müsahibə formasında Azərbaycan mətbuatına da verdim. Təbii ki, bunlar da olacaqdır. Ancaq bunların yanında bir neçə kəlmə də işğaldan, yeri gəlsə Xocalıdan da danışmaq olardı məncə. Ümumi maraqlar önə çıxmayında bütün dünyanın siyasətçilərini Azərbaycana göndərsək də xeyri olacağını düşünmürəm.

Elnur Eltürk

LEAVE A REPLY