SSRİ xiffətini çəkənlərə xatırlatma
Son zamanlar, yəni, Volodya Putinin Ukraynanın Krım vilayətini işğal etməsindən sonra, bizim, necə deyərlər, rusbaş ruskoyazıçnılarımız SSRİ-nin xiffətini çəkdiklərini açıq-aşkar büruzə verməyə başlayıblar. Guya, həmin imperiyanın zamanında hamı “ver yeyim, ört yatım” deviziylə yaşayırmış. Tənbəllik etmədim, bir-iki İvan, Nataşa aşiqini tapıb, nə üçün SSRİ-ni sevdiklərini öyrənməyə çalışdım.
-Adınızı söyləyin, zəhmət olmasa.
-Məni hamı Vitya çağırır.
-Əsil adınızı, deyin, xahiş edirəm.
-Pasportumda, deyəsən, Vəliyulla yazılıb.
-Necə düşünürsünüz, müstəqil ölkəmiz yaxşıdır, yoxsa keçmiş SSRİ?
-Əlbəttə, SSRİ.
-Səbəbini söyləyə bilərsinizmi?
-Onda işlədiyimiz müəssisədə növbəyə yazılıb ev ala bilirdik.
-Bilirəm. Məndə çox şahidi olmuşdum ki, SSRİ zamanında hər şey üçün uzun-uzadı növbələrə dayanmaq lazım gəlirdi. Hətta bir dəfə Avstraliyadan gətirildiyi söylənilən kenquru ətindən almaq üçün anamla düz 14 saat növbədə dayandıq. Bir dəfə isə, xəstələnmiş qonşumuzu həkimə aparmaq üçün taksini 3 saatdan sonra tapa bildilər.
-Zato, SSRİ-də SSRİ idi də. Dünyaya meydan oxuyurdu. Kubaya qədər gedib çıxmışdıq eyy! Vyetnam, Koreya uşaqları Bakıda oxuyurdu. Bilirsən, necə xoşlayırdılar SSRİ-ni?
-Vitya, bizə Kuba lazımdı, yoxsa Vyetnam? Acından ölən dövlətlərdi. İndi də zamanla ayaqlaşa bilmirlər. Xəbərin var ki, Almaniya Demokratik Respublikasıyla Federativ Almaniya birləşəndə birinci ikincidən nə qədər geri qalmışdı? Heç xəbərin var, Kommunist Koreyası-Şimali Koreya, Cənubi Koreyadan neçə yüz il geri qalıb?
-Noolsun ki… 1 may, 7 noyabr paradlarının xoş xatirələrini unutmaq olar? Milyonlarla insan bir ağızdan Uraaa, Uraaa qışqırırdı, limonadnan kojikin hələ də dadı damağımdadır.
-Vitya, nə pislik etdi SSRİ bizə etdi, biz SSRİ-yə canla-başla xidmət edirdik, faşistlərə Bakı neftinin hesabına qələbə çalmadılar? Əvəzində həmişə pislik gördük, Zəngəzuru SSRİ əlimizdən alıb ermənilərə hədiyyə etmədimi? İrəvandan mərhələ-mərhələ bizləri didərgin salan SSRİ adlı imperiya olmadımı? Bəs, Qarabağı nə tez unutdun, Vitya? Axı sən də yaxşı bilirsən ki, Qarabağ bizim müqəddəs torpağımızdır. SSRİ imperiyası ermənilərə şərait yaradıb, Qarabağın düşmən əlinə keçməsinə yardım etmədimi? Bakıya hücum çəkib, qardaş və bacılarımızın qanını tökən SSRİ imperiyasının “qızıl ordusu” olmadımı?
-Ay brat, hansı ölkədə qan tökülür? “Zato”, otururduq qatara “svabodnı” gedib çıxırdıq Moskvaya. Günlərim olub eyy, mənim oralarda. Vallah, o zamanın kolbasa, sosiskalarının da dadı başqaydı.
-Vitya, indi nə deyirsən, bir dənə kolbasa, sosiska dadına müstəqilliyimizdən imtina edək. İndi istəyirsən qatara otur, istəyirsən təyyarəyə min, dünyanın istənilən nöqtəsinə get. Camaat hər gün Türkiyəyə, Cənubi Azərbaycana gedir, öz doğmalarını, əzizlərini görür. SSRİ imperiyası buna imkan verirdimi?
-Mənə Türkiyə, Cənubi Azərbaycan lazımdır?
-Vitya, ağ elədin, deyəsən. Sənin kimilərə bilirsən rəhmətlik Çingiz Aytamatov nə adı qoymuşdu?
-O kimiydi ki?
-Sən Çingiz Aytamatovu tanımırsan? Onda bir-iki rus şair və yazıçının adını çək.
-Puşkin, Lermontov varıydı…
-Şeirlərindən bilirsən?
-Mən neyliyirəm şeiri eyy…
-Vitya, ötən əsrin 80-90-cı illəri yadına düşür?
-Hə, necə ki?
-Ət, yağ tapa bilirdin? Ancaq xahiş edirəm düzünü de. Mən onu bilirəm ki, qızlarını ərə verənlər mebel üçün illərlə növbəyə dururdu. Qardaşım 25 il ev növbəsindəydi, o da qismət olmadı. Axırda, yəni 25 ili tamam olanda sovet hökuməti dağıldı. Yazıq, sonradan birotaqlı yataqxanada dünyasını dəyişdi.
Ay brat, nə fərqi var ki, guya indi hamı ət-yağ ala bilir? Bakı, Bakıydı eyy. Rus, erməni hamısı mehriban yaşayırdı. Görürsən, Rüstəm İbraqimbekov kimi “qeniy” Bakıda ermənilər gedəndən sonra mədəniyyətin aşağı düşdüyünü deyib.
-Çox nahaq, Vitya! Bakıya dünya ölkələrinin liderləri gəlib-gedir. Dünyanın tanınmış şou-biznes ulduzları tez-tez Bakıda konsertlər verir. Hamısı Bakıdan ayrılanda şəhərimizdəki inkişafa, yüksək mədəniyyətə heyran olduqlarını gizlətmir.
Üç rəngli bayrağımız daima dünya idman arenalarında dalğalandıqca qürur duyuruq. Azdırmı, bunlar? İnşallah daha böyük qələbələrimiz olacaq.
Hə, Vitya, sənin kimilərinə rəhmətlik Ç.Aytamatov bilirsən nə ad qoymuşdu?
-Nə?
-Manqurt, Vitya, Manqurt! Vətənini, Millətini sevməyən öz doğma anasını sevməmək, hətta tanımamaq qədər böyük qəbahət olduğunu sənin kimiləri hardan bilsin, Vitya!? Sən burda sosiska, kolbasa, parad Urası kimi nostalji hisslər yaşamaqla öz-özünü nə qədər aldatdığının fərqində deyilsən. Rüstəm İbraqimbekov dediyin də rus vodkasına aldanıb. Bir dön, Türkiyəyə bax, gör müqəddəs bayraqları üçün necə fədakarcasına etiraza qalxıblar. Vitya, qayıt özünə, Vəliyulla olmağın məsləhətdir. Eşitməmisən, Türk özünü dərk edib, özünə qayıdanda daha böyük olur!
Turan Türk