Cəsarət və Müdrikliyin doğurduğu Qurtuluş!
Dəfələrlə Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Pənah Hüseynin ona telefon açdığının şahidi oldum.
Azərbaycan Xalq Cəbhəsinin (AXC) sıralarında olduğum üçün daim qürur duymuşam. AXC-nin Milli Azadlıq Hərəkatındakı rolunu inkar etmək nadanlıq olar. Təəssüf ki, Çağdaş Milli Azadlıq Hərəkatı tariximiz düzgün araşdırılmır və məhz həmin səbəbdən hələ də gənc nəsil kimin kim olduğunu bilmir.
1993-cü il 4 iyun hadisələri barədə indiyə qədər müxtəlif münasibətlər səsləndirilib, rəylər yazılıb. Etiraf etmək lazımdır ki, həmin münasibətlər, rəylər əsasən müxtəlif siyasi təşkilatların mənafeyinə uyğunlaşdırılıb. Belə bir vəziyyətdə 1993-cü ildə baş vermiş qiyamın əsil mahiyyətini üzə çıxarmaq təbii ki, çətindir. Ancaq hadisələrin şahidi kimi çalışacağam gördüklərimi, bildiklərimi qələmə alım.
4 iyun qiyamının əsil həqiqətləri…
Məlumdur ki, 1993-cü il 4 iyun qiyamının başında Surət Hüseynov dayanmışdı. Onun polkovnik olmasını nə o zaman qəbul etmişəm, nədə ki indi qəbul edirəm. Təəssüf ki, AXC-Müsavat iqtidarı zamanı Surət kimi geydirmə polkovniklərin sayı, hesabı itmişdi. Surət də həmin iqtidarın “milli qəhrəman” edib, ortaya çıxardıqlarından biri idi. Elementar hərbçilikdən anlamayan birisinə o qədər böyük səlahiyyət verilmişdi ki, sonradan qarşısıalınmaz qüvvə kimi bütövlükdə ölkənin başağrısına çevrilmşdi. Surətin Rusiya kəşfiyyat sturukturlarına bağlılığı inkaredilməz olduğundan bu barədə ətraflı söhbət açmağa ehtiyac duymuram.
Əslində, 1993-cü il 4 iyun qiyamına şərait daha əvvəl yaradılmışdı. AXC-Müsavat iqtidarında təmsil olunanlar bunu inkar etsələr də, təcrübəsizlikləri, intriqabazlıqları, yersiz iddiaları onların hakimiyyəti idarə etməsinə birmənalı imkan vermirdi. Ölkəni idarə etmək əvəzinə, bir-biriylə didişir, yersiz siyasi şoularla nəyəsə nail olmaq istəyirdilər.
Sirr deyil ki, AXC-Müsavat iqtidarı elə ilk günlərindən, o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən təcrübəli dövlət xadimi Heydər Əliyevə hucuma kemişdi. Özü də heç bir əsas olmadan. Ortada görünən inkaredilməz qisqanclıq vardı. Çünki 1991-ci ildən həm ermənilər, həm də ermənixislətli o zamankı Azərbaycan iqtidarı tərəfindən blokadaya alınmış Naxçıvanda Heydər Əliyev məcburən mini dövlət idarəçilik sistemi yaratmışdı. Məhz həmin idarəçilik sistemiylə Muxtar Respublika özünü düşməndən müdafiə edir, əhalinin gündəlik təminatını ödəyə bilirdi. Kommunist və Moskvanın birmənalı nökəri olduğunu inkar etməyən Ayaz Mütəllibovdan sonra AXC-in iqtidara gəlməsi Naxçıvanda sevinclə qarşılandı. Hamı Muxtar Respublikanın blokadadan qurtulacağını düşünürdü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyev AXC-nin hakimiyyətə gəlməsinə sevindiyini gizlətmədi və öz sevincini rəsmi müraciəti ilə ölkə əhalisinə bəyan etdi. Buna qədər isə 1991-ci ilin sentyabr ayının 3-də Naxçıvan Ali Məclisinə sədr seçilmiş H.Əliyev AXC-yə öz müsbət münasibətinin təzahürü olaraq, özünə həmin təşkilatın üzvü olan 2 müavini və Muxtar Respublikanın baş naziri vəzifəsinə cəbhəçilərin təyin olunması barədə sərəncama imza atmışdı. Belə ki, AXC üzvləri Asif Kələntərli, Qafar Məmmədov, Ali Məclisin sədr müavinləri, Becan Fərzəliyev isə Muxtar Respublikanın baş naziri təyin edilmişdilər. AXC fəallarından olan Elman Abbasov isə H.Əliyevin təşəbbüsü ilə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsinə layiq görülmüşdü.
Naxçıvana gəldiyi ilk gündən demokratik qüvvələrə rəğbətini gizlətməyən təcrübəli Siyasi və Dövlət xadimi H.Əliyev kommunistlər tərəfindən qarşısı alınmış Milli Azadlıq Hərəkatının proqramlı və idarəolunan ikinci mərhələsinin əsil liderinə çevrildi. Onun Naxçıvandakı uğurları bütünlükdə Azərbaycan xalqının Milli Azadlıq Hərəkatına olan rəğbətini xeyli artırdı.
1990-cı il Azərbaycan və Naxçıvan Ali Sovetinə seçkilərdə böyük dəstəklə qələbə çalıb, deputat mandatına layiq görülmüş böyük liderin Azərbaycan Ali Sovetinin sessiyalarında o zamankı prezident A.Mütəllibovun tərəfdarları tərəfindən çıxışına mane yaradılması Azərbaycan xalqının kütləvi etirazına səbəb oldu.
Çevriliş cəhdi…
Təsəvvür etmək çətin deyildi ki, nələr baş verir. SSRİ imperiyasının ermənipərəst rəhbəri Mixail Qorbaçov tərəfindən istefaya göndərilməsi əzəli düşmənlərimiz olan ermənilərin böyük sevincinə səbəb olmasını sanki A.Mütəllibov tərəfdarları görmürdü. Bu azmış kimi, H.Əliyevin böyük dəstəyilə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü də H.Əliyevə hücuma keçdi. 1992-ci ilin oktyabr ayının 25-də bir qrup silahlı AXC üzvü Naxçıvan Ali Məclisinin demokratik yolla sədri seçilmiş H.Əliyevə qarşı çevriliş cəhdi etdi. Təbii ki, bu baş tuta bilməzdi. Qədirbilən Naxçıvan əhalisi bir andaca ayağa qalxaraq çevrilişə cəhd edənlərə layiq olduqları cavabı verə bildi. Sirr deyil ki, həmin çevrilişin planı Bakıda-AXC-Müsavat iqtidarı yetkililəri tərəfindən hazırlanmışdı. Bu çevriliş planı bütünlükdə Azərbaycan xalqının etirazına səbəb oldu. Kütləvi etirazlar baş verməsə də, xalq AXC-Müsavat iqtidarının əsil mahiyyətini dərk edə bilmişdi.
Niyə “cəbhəçi”lərin hədəfinə çevrildim?
AXC Ali Məclisinin, Naxçıvan Vilayət İdarə heyətinin üzvü və Culfa rayon şöbəsinin sədri olmağıma baxmayaraq Ordubad və Naxçıvan şəhər cəbhəçilərinin silahlı qruplarının H.Əliyevə qarşı çevriliş cəhdlərini pisləyən bəyənatlar, müsahibələr verdim. Əslində isə, necə deyərlər, “atəşi öz üzərimə çevirdim”. Cəbhəçilər Bakıda və Naxçıvanda “Ramiz Tağıyev Heydər Əliyevin ən yaxın adamıdır. Onu zərərsizləşdirmək lazımdır” təbliğatı aparmağa başladılar. AXC-Müsavat iqtidarı rəsmiləri bütün qapılarını mənim üzümə bağlamışdı. Əbülfəz Elçibəyin də iştirak etdiyi Respublika fəallarının toplantısında söz alıb Naxçıvanda baş verənlər barədə əsil həqiqətləri ortaya qoymaq istəyimin qarşısı həmin toplantının sədarətində əyləşmiş, əslən Naxçıvandan olan Arif Rəhimov tərəfindən alındı. Belə ki, dəfələrlə söz istəsəm də, çıxışım üçün şərait yaradılmadı. Bəli, “bəylər” elə həmin zamanlar əsil həqiqətlərin aşkarlanmasına ehtiyat edirdilər. Yersiz intriqalara baş vurmuş bir çox “cəbhəçi”nin ucbatından ölkə demək olar ki, idarə olunmurdu. Təbii ki, belə boşluqdan Surət Hüseynov kimi yaramazlar istifadə etməyə çalışacaqdı.
AXC-Müsavat iqtidarının səriştəsizliyindən doğan hadisələr
Çinə, İrana, Rusiyaya yersiz-yersiz bəyənatlar verənlər unudurdular ki, ilk növbədə ölkəni idarə etmək, ölkə içi sabitliyi qorumaq lazımdır. Vəziyyət o həddə çatmışdı ki, AXC-Müsavat iqtidarında təmsil olunanalar bir-biri üçün əngəl yaradır, bir-birinin işlərinə kobud müdaxilələr edirdilər. Rəhbərlik etdiyim Culfa rayonunda da araqarışdırmaq istəyənlər peyda olmuşdu. Sonradan onlar özləri etiraf etdilər ki, onlara həm Bakıdan, həmdə ki onların tapşırığıyla digər rayonlardan, xüsusilə Ordubad cəbhəçiləri tərəfindən təlimatlar verilirmiş.
Bir dəfə ciddi cəhdlərdən sonra, 1993-cü ilin fevral ayında Əbülfəz Elçibəyin qəbuluna düşə bilmişdim. Bəyə Naxçıvanda baş verənlər barədə ətraflı məlumat verdim. Cəbhəçilərin H.Əliyevə qarşı ədalətsiz mövqe səgilədiklərindən söhbət açdım. Təklifim bu oldu ki, H.Əliyevin dövlətçilik təcrübəsindən istifadə olunsun. Əbülfəz bəy bunu özünün də arzuladığını, lakin bir çoxlarının- İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseynin ona H.Əliyevlə işbirliyi qurmağa imkan vermədiklərini söylədi.
Ə.Elçibəylə prezident olduğu müddətdə ikinci görüşümüz 1993-cü ilin gərək ki, iyun ayının 14-də onun keçirdiyi yığcam, qapalı yığıncaqda baş tutdu. Mən, Culfada məni sevməyən, hətta biryolluq sıradan çıxarmaq istəyən AXC-Müsavat iqtidarını müdafiə etmək üçün 225 nəfərlik könüllü batalyonumla Bakıya gəlmişdim…
İyun ayının 5-də isə Naxçıvanda H.Əliyevin qəbulunda olmuşdum. Gəncədə qan töküldüyünü eşidib, narahat olduğumdan Ümummilli lider olduğuna heç bir zaman şübhə etmədiyim əsil ağsaqqalın qəbuluna getmişdim. Üç saata yaxın H.Əliyevin yanında oldum. Bu üç saat ərzində dəfələrlə Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Pənah Hüseynin ona telefon açdığının şahidi oldum. Onlar təkidlə H.Əliyevi Bakıya dəvət edir, ölkənin xilasının yalnız ondan asılı olduğunu etiraf edirdilər. Bunu istənilən an müqəddəs Qurana əl basaraq təsdiq etməyə hazıram.
Söhbət əsnasında H.Əliyev mənə dedi ki, “Ramiz, xatırlayırsanmı, bir neçə ay öncə sənə demişdim, bunlar ölkəni idarə etmək əvəzinə intriqantlıqla məşğuldurlar. Yadındadırmı, sənə dedim, Bakıya gedəndə İsa Qəmbərdən, Arif Hacılıdan soruş ki, onların məndən başqa dərdləri-sərləri yoxdur. İsa Qəmbər gedib Gəncədə 2 saat çıxış edir, bir saat yarımını mənim tənqidimə sərf edir. Arif Hacılı Zaqatalada Şeyx Şamilə abidə açılışı edir. O da, 2 saatlıq çıxışının əsas hissəsini mənim tənqidimə həsr edib. Bunların başqa işi-gücü yoxdurmu?”
Göründüyü kimi əsas vəzifələrinin nədən ibarət olduğunu unudub, ölkəni idarə etmək əvəzinə, uğuru yalnız başqalarını tənqid etməkdə arayan İ.Qəmbər, P.Hüseyn, A.Hacılı kimiləri Surətin “caynağ”ından yalnız onların bəyənmədiyi böyük dövlət xadimi H.Əliyev ala bildi.
Naxçıvandakı görüşümüzdə mən Heydən Əliyevdən xahiş etmişdim ki, Gəncə hadisələrinə münasibət bildirək. O, mənimlər razı olduğunu, yalnız Gəncədə baş verənlərin yerindəcə araşdırılmasından sonra obyektiv münasibət bildirməyin mümkünlüyünü bildirmişdi. Təbii ki, təcrübəli dövlət xadimi ilə birmənalı razılaşmışdım. Axı, necə münasibət bildirmək olardı.
H.Əliyev dəfələrlə bəyan edib ki, ölkənin çətin durumunda, faciələrlə üzbəüz qaldığı anda Ə.Elçibəyin və eləcə də bütün ölkə əhalisinin dəvətini qəbul edərək Bakıya gəlib. Onu hakimiyyətdən çox, ölkəni çətin durumdan xilas etmək düşündürüb.
Yalnız nadanlar inkar edə bilər ki, Azərbaycanı Heydər Əliyev sözün əsil mənasında parçalanmaqdan, böyük fəlakətlərdən xilas etməyib. Təəssüf ki, yaxın keçmişdə Surət Hüseynov kimi birinin ətrafına yığışmış 10-15 adamın əlində aciz qalmış biriləri indi Heydər Əliyevin böyük xilaskar olduğunu inkar etməyə çalışırlar. Danışırlar, özü də boş-boşuna danışıb, yalnız özləri-özlərini inandıra bilirlər ki, yenidən hakimiyyətə gəlib, Azərbaycanı idarə edə bilərlər.
Azərbaycanı uğura aparan yeganə yol, onun xilaskarı –Böyük Dövlət Xadimi, Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursudur. Ola bilsin ki, nə zamansa ölkəni idarə edən iqtidarlar dəyişsin, H.Əliyev siyasi kursunun əbədi olacağına isə qətiyyən şübhə etmirəm. Çünki qardaş Türkiyə Cümhuriyyətində Atatürk nə qədər sevilirsə, Azərbaycanımızda da Heydər Əliyev bir o qədər sevilir. Bu hər iki liderin danılmaz, əbədiləşmiş haqlarıdır.
15 İyun Qurtuluş Gününüz mübarək, Sevimli Millətim!
Ramiz Tağıyev