FHN vətəndaşlara xəbərdalıq etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
DSXX-nın Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib ki, ötən il Xidmət tərəfindən rəsmi çimərliklərdə 550 xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı dəmir lövhələr quraşdırılıb: “Bu lövhələrdə yerin quruluşu, daşlı və ya qumlu olması, suyun dərinliyi və s. ilə bağlı məlumatlar verilir. Bundan əlavə 600-yə yaxın suyadavamlı maarifləndirici plakatlar çap olunaraq çimərliklərdə və çimərliyə gedən yolların üzərində quraşdırılır. Qeyri-çimərlik ərazilərində və ya çimərliyin qadağan olunduğu yerlərə gəlincə, əldə olunmuş razılığa görə, artıq rayon icra hakimiyyətləri və yerli bələdiyyələr tərəfindən həmin yerlərdə insanları maarifləndirmək üçün lövhələrin quraşdırılmasına başlanacaq”.
Sektor müdiri vətəndaşlara müraciət edərək, onlara rəsmi çimərliklərdə istirahət etmələrini tövsiyə edib: “Bütün rəsmi çimərliklərdəki xilasetmə məntəqələrində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) ilə birgə iş sayəsində hər gün səhər saat 9:00-dan axşam saat 9:00-dək “Təcili Tibbi Yardım” maşınları olur. Ona görə də insanlara müraciət edərək bildiririk ki, rəsmi çimərliklərdə çimsinlər. Bu, onların təhlükəsizlikləri üçün vacibdir. Təbii ki, qeyri-çimərlik ərazilərində də hər hansı hadisə baş verdikdə dərhal ən yaxın məntəqədən xilasedicilərlə yanaşı həmin “Təcili Tibbi Yardım” maşınları da hadisə yerinə göndərilir. Bununla belə vətəndaşlara özlərinin və dorğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunur”.
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən etibarən start veriləcək. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi isə artıq mayın 23-dən başlayaraq gücləndirilmiş iş rejiminə keçib.