Keçmiş “süd kralı” Azərbaycan neftini Ermənistana satır?

0
7

Keçmiş “süd kralı” Azərbaycan neftini Ermənistana satır?

Gürcü əsilli milyarder, süd məhsulları istehsal edən məşhur “Vimm-Bill-Dan” şirkətinin keçmiş həmsahibi, İsveç vətəndaşı David Yakobaşvili Azərbaycanda və Ermənistanda biznesi işlərinin vəziyyəti barədə “Forbes” jurnalının rus versiyasına danışıb.

Virtualaz.org saytı xəbər verir ki, keçmiş “süd kralı” David Yakobaşvili Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanda 140 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkənin, Gürcüstanın Poti və Batumi limanlarındakı iki neft terminalının sahibidir.

Belə ki, D.Yakobaşvili 2011-ci ildə “Vimm-Bill-Dan” şirkətindəki 10,5 faizlik payını “PepsiCo”ya 610 milyon dollara satıb. Həmin pulların bir hissəsini London və Monakoda daşınmaz əmlaka yatırıb, bir hissəsinə Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın səhmlərinin 2 faizini alıb. Qalanını isə Gürcüstanın “Petrocars Energy Group” şirkətinin majoritar səhm paketini (80 faiz) almağa sərf edib.

Fəaliyyət sahəsi neft treyderliyi olan “Petrocas Energy Group” şirkəti bundan əvvəl 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri işləyən, Mixail Saakaşvilinin yaxın tərəfdaşlarından olan David Kezeraşviliyə məxsus idi.

“Forbes” yazır ki, Saakaşvilinin partiyasının 2012-ci il oktyabr parlament seçkilərində məğlub olmasına bir neçə ay qalmış Kezeraşvili bütün aktivlərini Yakobaşviliyə satmağa qərar verdi (görünür, Saakaşvilinin yaxın ətrafında seçkiləri uduzacaqlarını əvvəlcədən bilirdilər).

Kezeraşvili “Petrocas Energy Group” şirkətində 70 faizlik paya malik olub. “Outdoor.ge” reklam agentliyi, şəkər istehsalı zavodu və “Acara” kazinosu da ona məxsus idi. D.Yakobaşvili deyir ki, o, Gürcüstandakı aktivlərə cəmi 470 milyon dollar verib.

Milyarder etiraf edir ki, Gürcüstandakı aktivləri ona yaxşı gəlir gətirir: “Hazırda qoyduğum vəsaitin 20 faizi həcmində gəlir əldə edirəm”.

D.Yakobaşvili deyir ki, onların Azərbaycan və Ermənistandakı kontragentlərlə artıq formalaşmış qarşılıqlı münasibətləri var.

“Ona görə də bizim tərəfdaşlara inzibati resurslarla öyünən hansısa adamlar yaxınlaşıb “Petrocas”la əməkdaşlıqdan onların xeyrinə imtina etməyi təklif edəndə işləri aparmaq çətinləşir. Üstəlik bu adamların bir qayda olaraq heç bir real biznesi olmur. Belə çıxır ki, onlar sadəcə olaraq təkərin altında daş qoyur və bizə, bizim tərəfdaşlarımıza işlə məşğul olmağa imkan vermir. Tərəfdaşlarımızın saysız-hesabsız elçilərdən başları hərlənir” – deyə biznesmen Gürcüstanda işlərin necə olduğu barədə danışarkən bildirir.

Hazırda “Petrocas Energy Group” Azərbaycan, Ermənistan, Türkmənistan və Qazaxıstanda da neft treyderliyi ilə məşğuldur. D.Kezeraşvili deyir ki, Gürcüstana qonşu ölkələrlə işləmək daha asandır.

“Bu ölkələrdəki tərəfdaşlarla münasibətlər hələ Kezeraşvilinin vaxtında formalaşmışdı, biz bu münasibətləri inkişaf etdirməyə çalışırıq. Hər ölkənin öz xüsusiyyətləri var və biz həmişə onu nəzərə alırıq. Məsələn, Azərbaycanda və Ermənistanda nüfuz dairəsi çoxdan məsul ailələr arasında bölüşdürülb. Və xarici investorun girə biləcəyi biznes sahəsi məhduddur. Əvəzində orada hamının əməl elədiyi oyun qaydaları var. Hətta bu qaydalar yazılı olmasa da… Ona görə də qarşılıqlı mənfəət prinsipi əsasında bu ölkələrdə işləmək olar” – deyə Yakobaşvili bildirib.

Yakobaşvili deyir ki, keçmiş sovet respublikaları arasında investisiyalar üçün ən münbit ölkə Qazaxıstandır.

“Qanun orada tam gücü ilə işləyir, hüquqi qaydalar dəqiq göstərilib, biznesə məcmu vergi yükü Rusiyaya nisbətən daha azdır. Hakimiyyət xarici investorlara açıqdır, oraya pul qoymağın perspektivləri var” – deyə keçmiş “süd kralı” bildirir.

Biznesmen deyir ki, Baltikyanı ölkələrdə gözəl investisiya mühiti var, investorlar üçün hər şərait yaradılıb, böyük güzəştlər verilib. Ancaq Yakobaşvili bu ölkələrə yatırım qoymaq fikrində deyil: “Çünki biznes aparmaq imkanı məhduddur, əhalidə sərbəst pul azadır, bazarın həcmi kiçikdir, ona görə də pul qazanmaq çətindir”.

Bəs “Petrocas Energy Group”xarici bazarlarda satmaq üçün nefti və neft məhsullarını kimdən alır? Gürcü əsilli keçmiş “süd kralı”nın neft və neft məhsulları biznesinə Azərbaycan neftinin, yaxud neft məhsullarının Ermənistana da satışı daxil ola bilərmi? Axı Yakobaşvilinin Ermənistanda da benzindoldurma məntəqələri var.

Virtualaz.org saytı araşdırıb ki, şirkət nefti Rusiyanın “LUKoil”, Rumıniyanın “Rompetrol”, Azərbaycanın SOCAR, Yunanınstanın “Hellenic” şirkətlərindən alır. 2012-ci ildə şirkətin dövriyyəsi 800 milyon dolları keçib.

“Petrocas Energy Group”un neft treydinqinin həcmi yarım milyon tondan çoxdur, şirkət xam nefti Türkmənistan alır, Azərbaycan vasitəsilə sisternlərdə daşıyır və daha sonra Vyetnama, Böyük Britaniyaya satır.

Yakobaşvilinin şirkətinin Azərbaycandan aldığı neft məhsullarını Gürcüstan üzərindən Ermənistana aparması nəzəri olaraq mümkündür və istisna deyil. Hərçənd ki, Ermənistanın neft məhsullarını əsasən Rumıniyadan və Yunanıstandan idxal etdiyi göstərilir.

Bununla belə neft və neft məhsullarının treydinqi hazırda mürəkkəb offşor şəbəkələr üzərindən həyata keçirilir və bu dolaşıq şəbəkədə izləri tapmaq üçün əsl Şerlok Holms olmaq lazım gələrdi…

D.Yakobaşvilinin özünə gəldikdə isə onun ali təhsili belə yoxdur. Əmək fəaliyyətinə Gürcüstanın mühafizə polisində başlayıb, 1982-ci ildə o, donuzçuluq fermasında mühafizəçi işləyərkən özünə yetişdirib satmaq üçün 200 çoşka alıb. Sonradan donuzları dövlətə sataraq bir neçə min rubl qazanıb və biznesdə ilk kapitalını əldə edib

LEAVE A REPLY