Bəyazid Təhmasib Şaha xəncər çəkdimi?

0
4

Bəyazid Təhmasib Şaha xəncər çəkdimi?

Sultan Süleymanın Səfəvi sarayında boğdurduğu şahzadə

Tarixi filmlərdən və romanlardan öyrənmək heç də “işin gerçəyinə” gedən yol deyil.

Azərbaycanda da çox baxılan, srağagün axşam Türkiyə kanallarının reytinq cədvəllərində Baş nazir Ərdoğanı 9-cu sırada qərarlaşdıran “Möhtəşəm Yüzil” də hər nə qədər keçmişə, Osmanlı dövlətinə maraq yaratsa və Türkiyəyə turist cəlb etsə belə, tarixi gerçək şəkildə səhnələşdirmir.

Bir misal: İbrahim paşanın boğdurulmasından sonra onun övladları Sultan Süleymanın buyruğu ilə öldürülsə də, filmin son seriyalarında Parqalının guya ərgənləşmiş qızı Huri Cihan sultanla Şahzadə Bəyazidin sevgisindən dəm vurulur.

Amma orası tam dəqiqdir ki, Sultan Süleymanın sarayı tam bir intriqa yuvası idi, ondan sonra taxt-taca sahib olmaq üçün şahzadələr arasında amansız rəqabət gedirdi, bu rəqabətdə imperator iki oğlunun başını yemişdi.

Sultan Süleymanın beş varisi vardı, həm oğulları arasında yaşca ən böyük olduğuna, həm dürüst, cəsarətli xarakterinə və ağlına, həm də xalqın, ordunun, məmurların sevgisini qazandığına görə Mustafanın xələf olmaq ehtimalı daha yüksək idi. Hünkar özü də əvvəl-əvvəl xələfi olaraq onun adını çəkirdi.

Ancaq Mustafanın hakimiyyətə gələn yolunu kəsmək üçün əlindən gələni əsirgəməyən iki fiqur vardı- 1) Xürrəm sultan; 2) Damad Rüstəm Paşa.

Xürrəm sultanın başqa bir qadından- Mahidövran sultandan olan Mustafaya qarşı çıxmasının çox bəsit səbəbləri vardı- onun hakimiyyətə gələcəyi təqdirdə, Roksolana “validə sultan” ola bilməyəcək, ömrünü sarayda deyil, Allah bilir hansı cəhənnəmdə tamamlayacaq, onun doqquz ay qarnında daşıdığı şahzadələr isə dərhal boğdurulacaqdı. Damad Rüstəm paşa isə filmdən də bildiyiniz kimi, Mihrimah Sultanla evlənərək ailəyə daxil olmuş, bu sayədə sədrəzəmliyə yüksəlmiş, imperatorluğun ən zəngin adamlarından olmuşdu- öz mövqelərini qorumaq istəyirdi.

Xürrəm sultanın və Rüstəm paşanın təfriqəçiliyi ilə Sultan Süleyman Mustafaya əndişə ilə baxmağa başladı, zira, imperatorun qorxusu əbəs deyildi- onun atası Yavuz Səlim də hakimiyyətə məhz gəlmişdi.
Padşah elə bu səbəbdən Mustafanı daha uzaq sancaqlara göndərir, Xürrəmdən olan şahzadələri isə paytaxta daha yaxın bölgələrdə saxlayırdı.

1553-cü ildə, Mehmetin İstanbulu fəth etməsindən tam 100 il sonra Sultan Süleyman Səfəvilər üzərinə bir hücum düzənləyir, Naxçıvan yürüşü əsnasında Konyanın Eregli səmtində çadır qurur.

Şahzadə Mustafa öz əsgərləri ilə atasının qoşunlarına qarışır, ancaq onun ordugahda üsyan qaldıracağından qorxan imperator oğlunun ölümünə fərman verir. Padşahın çadırına salamlaşmaq üçün girən Mustafanı atası deyil, dili kəsilmiş, əli kirişli əsgərlər qarşılayır, onlar şahzadəni boğmağa başlayır. Əsgərlərdən qurtulmaq istəyən Mustafa “ata” deyə qışqırır, yardım istəyir, ancaq pərdənin arxasında dayanmış hünkar olub-bitənləri səssizcə seyr edir.

Şahzadənin cəsədi bir Səfəvi xalçasına bükülərək çadırın qarşısına qoyulur, bununla Mustafanın Şah Təhmasiblə iş birliyi qurduğuna eyham vurulur. Onun ölümünü həzm etməyən yeniçərilər üsyan qaldırır, nəticədə Rüstəm paşa vəzifəsini itirir. Osmanlı dövləti üçün “sonun başlanğıcı” sayılan Mustafanın qətli anabir qardaşı olmasa da, taxt-tac qovğasında Mustafaya dəstək verən şahzadə Cahangirə də pis təsir edir, çox keçmədən o da ölür. Beləliklə, taxt yolunda Xürrəmdən doğulmuş iki şahzadə qalır- Səlim və Bəyazid.
İlk başda bu iki oğuldan hansının taxta çıxması Qanuni üçün fərq etmirdi, ancaq qardaşlardan hansının taxta çıxması 1555-ci ildə yenidən sədrəzəmliyə yüksəlmiş Rüstəm paşa üçün sıradan bir məsələ deyildi. Üstəlik, bu məsələ Sokollu Mehmet paşa kimi təsirli isimlərlə yanaşı, Lələ Mustafa paşa kimi yüksəlmək iddiasında olan hiyləgər fiqurları da yaxından ilgiləndirirdi.

Osmanlı xanədanının aqibətini Lələ Mustafa Paşanın timsalında nəhəng bir intriqantın planları müəyyən edəcəkdi…

“Böyük oyun” indi başlayacaqdı…

Lələnin tələsi

Əslində, Lələ Mustafa Paşa Azərbaycan tarixinə yad bir isim deyil.
29 may 1555-ci ildə bağlanmış Amasiya andlaşmasının pozulduğu bəhanəsiylə Osmanlı dövləti 1578-ci ildə Səfəvilərə savaş elan etmiş, bu qərarın alındığı Divan toplantısında Azərbaycana göndəriləcək orduya məhz Lələ Mustafa Paşa sərdar təyin olunmuşdu.

5 aprel 1578-ci ildə İstanbuldan dəbərən Mustafa paşa ordusunu Ərzurumda cəmlədi, Güney Azərbaycanda bir çox qalaları ələ keçirməklə yanaşı, Şamaxı döyüşündə də Səfəviləri enərək Quzey Azərbaycanı və Dağıstanı fəth etmişdi.

Zira, Osmanlı tarixində Mustafa Lələ paşa Kıbrısı fəth etməsi ilə ün qazanmışdı. Kıbrıs hücumu Osmanlı divanında müzakirə edilərkən təşəbbüsü dəstəkləmiş, 60 minlik piyada və dəniz qüvvətləri ilə adaya yürüş etmiş və 15 sentyabr 1570-də xüsusi törənlə Lefkoşaya girmiş, nəticədə “Kıbrıs fatehi” ləqəbini qazanmışdı.

Bəs, kim idi bu lələ?

Mustafa paşa boşnak idi və iddialara görə, Sokollu Mehmet Paşa ilə eyni kənddən idi, qohum idilər. Böyük qardaşı Dəli Hüsrəv Paşa vəzir idi və onun sayəsində saraya girmiş, Sultan Süleymanın bərbəri olmuşdu.
Dəli Hüsrəv Paşanın sədrəzəmliyə yüksəlməsi zaman məsələsi idi. Ancaq Sultan Süleymanın şəxsən qatıldığı Divanda sədrəzəm Xədim Süleyman paşa ilə mübahisə zamanı əsəblərini cilovlaya bilməyib xəncərə əl atmasından sonra imperator hər ikisini görəvdən aldı, sədrəzəmliyə isə nifaqı yaratmış Damad Rüstəm Paşa gətirildi.

Dəli Hüsrəv paşa sarayına qapanaraq etiraz aksiyasına başladı, ACLIQ ELAN ETDİ, 17 günlük “ölüm orucu”ndan sonra dünyasını dəyişdi, bu olaydan sonra qardaşı Mustafa Paşanın ulduzu isə heç zaman Damad Rüstəm paşa ilə barışmadı.

Rüstəm Paşa və qaynanası Xürrəm Sultan hakimiyyət ehtirası zəif olan və gününü eyş-işrətdə keçirən Səlimi deyil, xeyli dərəcədə Sultan Süleymana bənzəyən, iddialı və zirək Bəyazidi taxtda görürdülər.

Elə bu nədənlə də Mustafanın boğdurulmasından sonra Səlim Amasiyaya, Bəyazid isə Kütahyaya sancaqbəyi təyin edilmişdi və İstanbula daha yaxın olduğundan kiçik qardaş hakimiyyətin bir addımlığında sayılırdı.

Sultan Süleymanın getdikcə yaşlanmasının doğurduğu problemlərdən narahat olanlar və Şahzadə Mustafanın bir çox tərəfdarları da onun taxta çıxmasını istəyirdilər.

Ancaq 1558-ci ildə Xürrəm sultan öldü, Bəyazid isə sadəcə anasını deyil, həm də ən güclü siyasi və maliyyə dəstəkçisini itirdi.

Fələyin çərxinin tərsinə dövran etdiyini görən Bəyazid özünə tərəfdar toplamaqla qardaşı ilə açıq mübarizəyə başladı. Düşən nifaqı yatırmaq üçün Sultan Süleyman Səlimi Konyaya, Bəyazidi isə Amasiyaya göndərdi, amma böyük qardaşından fərqli olaraq, Bəyazid əmri yerinə yetirməmək üçün xeyli oyalandı.

Səlimlə Bəyazidin üz-üzə gəlməsinə ən maraqlı fiqur isə əvvəllər ikincinin, daha sonra birincinin lələsi olmuş Mustafa paşa idi.

Mustafa Paşa başa düşürdü ki, Bəyazid taxta çıxacağı təqdirdə Rüstəm paşanın yerini tuta bilməyəcək, Səlimin cülus keçirəcəyi halda isə Bəyazidə lələlik etdiyindən aqibəti heç də yaxşı olmayacaq.

Situasiyanı öz xeyrinə dəyişmək üçün lələsi Bəyazidi Səlimin üstünə qaldırırdı, iki şahzadədən birinin kəlləsi gedəcəyi halda sağ qalana dəstək verib önünü açmağı düşünürdü.

Rüstəm paşa ilə hüsumətindən dolayı imperatorun gözündən salınmış Mustafa Paşa uzaq bir sancağa bəylərbəyi göndərilmişdi. Səlim Konyaya təyin edilməsindən sonra Rüstəm paşanın tövsiyyəsi ilə böyük şahzadəyə lələ olaraq göndərildi. Damad Rüstəm paşa Bəyazidin əski lələsini ora göndərtməklə hər ikisinin sıradan çıxmasına zəmin hazırladığını düşünürdü. Ancaq hiyləgər Lələ tezliklə Səlimin etimadını qazandı, Bəyazidin inamından istifadə edərək aldığı bilgiləri Səlimlə bölüşdü, Səlim isə öz növbəsində bütün informasiyaları atasına ötürdü.

İş o yerə çatdı ki, qardaşlar cəng meydanında üz-üzə gələsi oldular.

29 may 1559-cu ildə Bəyazidin təxminən 30 minlik qoşunu Qanuninin siyasi iradə, əsgəri güc və Sokollu Mehmet paşanın yardımçılığı ilə dəstəklədiyi Səlimin ordusu ilə Konya yaxınlığında üz-üzə gəldi və o, döyüşü uduzdu.

Padşah əfv xahişini qəbul etmədiyindən, Bəyazid övladlarını da götürüb avqust ayında Səfəvilərə üz tutdu, İrəvana gəldi.

O dönəmdə İrəvan hakimi olan Şahqulu xan Ustaclı Şah Təhmasibi bir məktubla olaydan xəbərdar etdi, Bəyazid özü də Səfəvi sarayına müraciət edərək sığınacaq istədi.

Təhmasib Şahın sualı: “1500 tümənlə Sultan devirməkmi olar?“

Təhmasib şah İravan hakimi Şahqulu bəy Ustaclıya bir aman məktubu yazaraq Bəyazidi Qəzvinə gətirilməsini əmr edər, eyni zamanda, işin içini öyrənmək üçün öz adamlarına Osmanlı ailəsində olub-bitənlərin araşdırılmasını tapşırar.

Təzkirəçilərin yazdıqlarına görə, Sultan Süleyman sağ ola-ola Osmanlı şahzadələrinin cəngə girməsi Şahı çox təəccübləndirir, ancaq əlinə düşən fürsəti qaçırmamaq üçün Bəyazidi sarayında görmək istəyir. Axı zamanında Təhmasibin qardaşı Əlqas Mirzə də Sultan Süleymana sığınıb Səfəvi taxtına göz dikmişdi…

Bununla belə, Təhmasib Bəyazid haqqında yüksək fikrə düşmür, onu “ağılsız”, hətta “Əlqas Mirzədən daha ağılsız” adlandırır. Çünki Bəyazid öz adamlarını tacir qiyafətində Şahın hüzuruna göndərərək 1500 tümən borc istəyir, taxta çıxanda əvəzini birə on qat qaytaracağını vəd edir. Təhmasib haqlı olaraq “1500 tümənlə Sultan devirməkmi olar” sualını verir, fəqət o əsnada gerçək bir hökmdar kimi davranır- vəziri Molla Qəzvininin və mehmandar Allahverən ağanın cibinə yolxərci olaraq xeyli qızıl qoyub Bəyazidin arxasınca göndərir.

Bəyazid Şah Təhmasibin həm özündən qorxur, həm də geri veriləcəyindən ehtiyyat edirdi. Şahzadənin təlaşı əbəs deyildi- bir yandan atası və qardaşı Bəyazidin törədə biləcəyi iğtişaşları əngəlləmək üçün onu geri almaq zorunda idilər. Digər tərəfdən, Bəyazid özü də Səfəviləri az asıb-kəsməmiş, “Şahsi” təxəllüsü ilə yazdığı şeirlərdə “rafizi” sayaraq lənətlədiyi Təhmasib şahın başını bir qılıncla yerə diyirlədəcəyindən dəm vurmuşdu. Zira, Şah yüzbaşı Mir Həsən bəy və şahzadənin yaxın adamlarından olan Çavuşbaşı Əli ağanın yanında and içərək Bəyazidi öldürməyəcəyinə, özünü və uşaqlarını Sultan Süleymana verməyəcəyinə inandırır.

Bəyazid öncə Təbrizə gəlir. Şəhərdə onu törənlə, təmtəraqla qarşılasalar da, şahzadə gözlərini atının iki qulağı arasından ayırmayaraq onun üçün ayrılmış iqamətgaha gəlir. Bir neçə gün Təbrizdə qaldıqdan sonra Qəzvinə yola düşür. Bəyazid Qəzvin yolunda olsun, görək Sultan Süleyman və Şahzadə Səlim nə edir?

Osmanlı imperatoru xəbəri alınca öz paşalarından birini xüsusi məktub və qiymətli hədiyyələrlə Qəzvinə göndərir, oğlunun təhvil verilməsini istəyir. Şahzadə Səlim də eyni təşəbbüsü göstərir.

Ancaq Təhmasib bir diplomat kimi səriştə göstərərək həm şahzadəni geri vermir, həm Osmanlı ilə dostluq və qardaşlıqdan dəm vurur, həm də oğlunun “cəhalət üzündən” üsyan etdiyini, başqa yolu olmadığı üçün ona sığındığını vurğulayaraq Sultandan Bəyazidin əfvini xahiş edir.

Bu məktuba cavab olaraq Qanuni Təhmasibə Bəyazidin xətalarını, onu üsyana təhrik edən Əbdülqəni, Dursun, Axsaq Seyfəddin adlı adamlarını öldürməsini, cocuqları ilə birgə Amasiyaya qayıdarsa, oğlunu əfv edəcəyini yazır. Bir yandan da Şahzadə Səlimin adamları, o sıradan Lələ Mustafa Paşa Qəzvindən ayaq kəsməyərək Bəyazidin təslim edilməsində israr edir.

Bu arada Qəzvində məskunlaşmış Bəyaziddən də Şaha gələn xəbərlər heç də yaxşı olmur. Təzkirəçilərin yazdığına görə, Təhmasibə Bəyazidin onu qonaq çağıraraq zəhərləyəcəyi, rus çarı və çərgəzlərlə iş birliyi qurmağa cəhd etdiyi bildirilir. Bəyazidin “zəhərli halva” ilə Səfəvi şahını öldürmək istəməsini araşdırmaq üçün Təhmasib təhqiqatçılar ayırır, ancaq niyyəti faş olduqda, bu işdən xəbərdar olanları Bəyazid öldürtdürür.

Təzkirəçi Qazı Əhməd yazır: “Bəyazid fəsadçıların təhriki ilə padşaha xəyanət etmək həvəsinə düşdü. Yüzbaşı Həsən bəy padşahı onların niyyətlərindən xəbərdar etdi. Xalq xəbəri eşidən kimi Bəyazidin qapısına yürüyüb onu söyməyə və daşlamağa başladı. Səhər tezdən əmirlərdən bir neçəsi onu uşaqları ilə birgə saraya gətirdilər, adamlarını öldürdülər. Böyük oğlu Orxanı Həsən bəyə, Mahmudu Məsum bəyə, Mehmeti Gürcübaşına, Abdullahı Mir Seyid Şərifin himayəsinə verdilər. Özünü isə sarayda saxlayıb, mühafizəsini gürcülərə tapşırdılar.”

Bu olaydan sonra Təhmasib Bəyazidi atasına təslim etmək qərarına gəldi, andını pozması üçün Sultandan 1 milyon 200 min dəyərində qızıl və Qars qalasını istədi. Üstəlik, Şahzadə Səlim də taxta çıxacağı zaman Səfəvilərlə müharibə etməyəcəyinə söz verdi.

Tarixçi Şərafəddin Turanın yazdığına görə, 16 iyul 1562-ci ildə Bəyazid və oğullarının ardınca gələn Osmanlı elçiləri Qəzvinə çatdılar. Bəyazid 23 iyulda Təhmasibin sarayında osmanlılara təslim edildi və elə oradaca boynuna keçirilən kəməndlə boğuldu.

Onun Qəzvin sarayındakı oğulları, üstəlik Bursadakı üç yaşında olan daha bir oğlu da eyni üsulla öldürüldü.
Meyitlər Sivasa aparıldı və qala divarlarının çölündəki “Məlik Əcəm” türbəsində dəfn edildi.

Taleh Şahsuvarlı

LEAVE A REPLY