“Ahıskalılar öz torpaqlarına geri qayıdacaqlar”

0
5

“Ahıskalılar öz torpaqlarına geri qayıdacaqlar”
Öztəkin Kaşukçi: “Qardaş Azərbaycanın dayaqlarının güclü olması geopolitik baxımından da Türkiyəyə güc verir və mövqelərini gücləndirir”

Kocaeli Çalışma və İş kurumu İl müdiri Öztəkin Kaşukçinin müsahibəsi

– Öztəkin bəy, Azərbaycanla bağlı fikirlərinizi eşitmək maraqlı olardı. Ölkəmizi necə gördünüz və hansı təəssüratlarla ayrılırsınız?

– Bu, Azərbaycana ikinci səfərimdir. 12 il öncə Azərbaycana səfər etmişdim və indi çox dəyişikliklər baş verib. O zaman binalar, parklar yeni qurulurdu və Azərbaycan bu səviyyədə deyildi. Bu gün isə Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib. Azərbaycanın belə səviyyədə inkişaf etməsi məni hədsiz dərəcədə sevindirir. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan dövləti yeni qurulur. Bilirsiniz, dövlət uşaq kimidir. Böyüyür, dəliqanlı olur və sonra ata olur. Bu gün əsas odur ki, onun əfəndi olmasıdır. Azərbaycan belə dövlətdir.

– Azərbaycanın güclü olması Türkiyə üçün nə deməkdir?

– Güclü Azərbaycan Türkiyənin gücüdür və eynilə Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Qardaş Azərbaycanın dayaqlarının güclü olması geopolitik baxımından da Türkiyəyə güc verir və mövqelərini gücləndirir. İki dövlət bir-birinə çox dəstək olur. Azərbaycan-Türkiyə son illər çox inkişaf edib. Dövlət rəhbələrimizin qarşılıqlı səfərləri sıxdır. Bu əlaqələrimizin daha da inkişaf etməsinə səbəb olur. Ölkə başçıları dəstək açıqlamaları verirlər. Xüsusilə, prezident İlham Əliyevin beynəlxalq tədbirlərin birində Ermənistan prezidentinin ünvanına “Türkiyə burada yoxdursa, mən varam” sözləri əsl qardaşlıq simvolumuzun dayanaqlı olduğunu göstərdi. Bizim bir millət, iki dövlət olduğumuzu dünya birliyi gördü. Eyni zamanda baş nazir Rəcəb Təyyub Ərdoğanın “Qarabağ problemi həll olunmamış Ermənistanla sərhəd açıla bilməz” bəyanatı gerçək birliyimizi əks etdirir. Bununla yanaşı, əlaqələrimizin iqtisadi-sosial önəmini artırmalıyıq. İnsanlarımızın rifahı artmalıdır. Əgər bu gün cibimizdə pul yoxdursa, o zaman biz güclü ola bilmərik. Maddi imkanlarımız artmalıdır. Azərbaycanda qeyri-neft sektoru sahəsi inkişaf etdirməli və ölkə iqtisadiyyatının inkişafında kənd təsərrufatının xüsusi çəkisi artmalıdır. Mən Bakıda olduğum müddət ərzində bir çox yerlərə getdim. Bir çox sahələrdə çalışan insanlar ixtisaslaşmalıdırlar. Zamanında Türkiyə bu problemi yaşadı. Amma bu gün Azərbaycan bunu keçir. Gənclər savadlarını artırmalı və dünya dillərini öyrənməlidirlər. Biz yalnız belə güclü ola bilərik.

– Prezident İlham Əliyevin məlum bəyanatı Türkiyədə necə qarşılandı?

– Təbii ki, sevinc və alqışlarla qarşılandı. Biz bir millət, iki dövlət olduğumuzu bir daha bəyan etdik. Prezident İlham Əliyevin cavabı bunu sübut etdi. Yerli media İlham Əliyevin çıxışına xüsusi önəm verirdi. Hətta keçmişdə Türkiyədə İlham Əliyevin siyasətini qəbul etməyənlər belə, İlham Əliyevin şəxsiyyətini və siyasi kursunun qəbul etməyə başladılar. Gördülər ki, İlham Əliyev Türkiyəni necə müdafiə edir. Bunlar hamısı tarixdir və insanlarımızın yaddaşına köçürülür.

– Bir ahıska türk olaraq deyə bilərsinizmi, hazırda ahıskaların problemi nə yerdədir?

– Bu gün ahıskalılar dünyanın hər tərəfinə səpələnmiş şəkildədir. Azərbaycanda 200 minə yaxın ahıskalı yaşayır. Ahıskalılar öz kimliklərini və türklüklərini itirən millət deyil. Amerika və s. yerlərdə yaşasalar belə, onlar öz adət-ənənələrini yaşadırlar və bu şərtlədən kənara çıxmırlar. Ahıskada necə yaşayırdılarsa, bu gündə eynilə elə yaşayırlar. Düzdü, onların problemləri çoxdur. İstərdik ki, onlar daha çox oxusunlar və savadlı olsunlar. Yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunsunlar. Müxtəlif vəzifələrdə işləsilər. Türkiyə dövləti öz ərazisində yaşayan ahıskalıların problemlərini həll edəcək. İnanırıq ki, onlar öz torpaqlarına geri qayıdacaqlar. Azərbaycan prezidenti bunu dəstəkləyir və Gürcüstan prezidenti ilə görüşündə də bu məsələni diqqətə gətirmişdi.

Elnur Eltürk

LEAVE A REPLY