”Millətim” hələ çox qaranlıqlara aydınlıq gətirə biləcək”.
Lalə Ramizqızı: “Məndən əvvəlki rəhbərliyinin müəyyən səhvləri olsa da, ancaq adımızın “qara” siyahıya düşməsini haqq etməmişdik”
Bildiyimiz kimi bu günlərdə Mətbuat Şurası adları qara siyahıya salınmış 18 qəzetin adını həmin siyahıdan çıxardı. Nə qədər qəribə görünsə də, həmin siyahıda “Millətim”in də adı uzun müddət yer almışdı. Əlbəttə, daima obyektivliyini qoruyub saxlayan, birmənalı olaraq millətimizə, dövlətimizə təmənnasız xidmət göstərən “Millətim” “qara” siyahıya düşməyi haqq etməmişdi. Ədalətin bərpa olunmasına “Millətim”in Mətbuat Şurası tərəfindən “qara” siyahıdan çıxarılmasına sevincimizi gizlətmirik. Təbii ki, ən çox sevinən 4 il müddətində “Millətim”ə rəhbərlik edən Lalə Ramizqızıdır. Məhz bunu nəzərə alaraq onun mövqeyini öyrənməyi qərara aldıq.
-Lalə xanım, Mətbuat Şurasının qərarı sizin üçün gözlənilməz olmadı ki?
-Açıq söyləyim ki, yox! Mən bu günü bir neçə ildir gözləyirdim. Ədalətin gec-tez bərpa olunacağına inanırdım. “Millətim”in məndən əvvəlki rəhbərliyinin müəyyən səhvləri olsa da, ancaq adımızın “qara” siyahıya düşməsini haqq etməmişdik. Axı indiyə qədər kiminsə qapısını döyüb nə isə istəməmişik.
-Bəs necə oldu ki, “Millətim”in adı “qara” siyahıya düşdü?
-Nə qədər qəribə görüsə də adımızın ora düşməsinə özünü azad mətbuatın media kapitanı adlandıran birisi səbəb oldu. O şəxs ki, uzun illər rəhbərlik etdiyi qəzet ölkədə az qala hər kəsə şər-böhtan atıb, hər kəsi təhqir edib. “Millətim”in baş məsləhətçisi-atam Ramiz Tağıyevin günahsız olaraq həbs edilməsində də həmin şəxsin rəhbərlik etdiyi qəzetin xüsusi “xidməti” oldu.
-Nə üçün həmin şəxsin adını çəkmirsiniz? Ramiz bəyin həbs edilməsində həmin şəxsin rolu nədən ibarət olub ki?
-Yenidən o cür adamlara zamanımızı sərf etməkdə maraqlı deyilik. Sevinirəm ki, onun və ətrafındakıların əksəriyyətinin iç üzünü bu gün hər kəs bilir. Bizim onları ifşa etməyimizə artıq lüzum görmürəm. O ki, qaldı Ramiz Tağıyevin həbs edilməsində onların “tarixi xidməti”nə, bu da sirr kimi qalmadı. Həmin qəzet atam həbs edilməmişdən yazmışdı ki, guya bir qrup şəxs nəqliyyat naziri Ziya Məmmədovu gizli dinləyib və onun keçirdiyi gizli müşavirənin audio yazısını onlara təqdim edib. Təsadüfi deyil ki, atamın həbs edilməsi ilkin olaraq, həmin dezinformasiyaya əsaslandırılmışdı. Nə qədər tələb etsək də, həmin qəzetin qeyd etdiyi audio kaset üzə çıxmadı. Uzun araşdırmalardan sonra atamın üzərindən şər-böhtana əsaslanaraq qaldırılmış cinayət işi götürüldü. İndi bilmirəm həmin qəzetin baş redaktoru olan şəxs xəcalət çəkir ya yox, ancaq onu bilirəm ki, elə şəxsin “37”-dəki evyıxanlardan, çuğullardan-“şeytanlıq” edərək, yalanları, şər-böhtanlarıyla ailələri, nəsilləri repressiyaya məruz qoyanlardan, ölümə göndərənlərdən heç bir fərqi yoxdur.
-Atanızın bəraət alması ona edilən haqsızlıqlardan xəbər vermirmi?
-Var olsunlar o şəxslər ki, atama ən çətin anlarında dayaq durub, haqlı olduğunu nəzərə alaraq, tez bir zamanda azadlığa qovuşmasına yardım etdilər. Ədalət gec də olsa qələbə çalır. Həmişə belə olur. Biz haqsızlığa qarşı mübarizə aparanda daima buna inanırıq.
-“Millətim”in və xüsusi ilə sizin Ramiz bəyin həbs olunduğu müddətdə əzablara qatlaşdığının şahidi olduq. Həmin günləri necə xatırlayırsınız?
-Sözün düzü həmin günləri xatırlamaq belə istəmirəm. Əzab o qədər dəhşətli oldu ki, ürəyim tab gətirmədi. Ağır ürək əməliyyatına məruz qaldım. Atamın dostları yardım etməsəydi, indi həyatda olmazdım.
-“Millətim”in “qara” siyahıdan çıxarılmasını mübarizənizin tərkib hissəsi adlandırmaq olarmı?
-Qətiyyən! Biz Mətbuat Şurasına qarşı heç aqressiv olmadıq. Atam Mətbuat Şurasının rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyətini çox yaxşı tanıdığından həmişə inanırdı ki, onlar mütləq barəmizdə ədalətli qərar çıxaracaqlar. Onun dediyi kimi də oldu. Bizi Mətbuat Şurasında çox hörmətlə qarşıladılar. Əflatun müəllim hətta təəccübünü gizlətmədi ki, “siz necə olub ki, bu siyahıya düşmüsünüz?”
Atamla birgə getmişdik Mətbuat Şurasına. Açıq söyləyim ki, Şuranın rəhbərliyində təmsil olunanların hamısı yüksək səviyyəli ziyalılardır. Onlara bir daha minnətdarlığımı bildirirəm. Düşünürük ki, bundan sonra Mətbuat Şurası ilə daha yaxın əməkdaşlıq edək. Mətbuat Şurası ilə əməkdaşlıq qəzetlərin əksər probleminin həll edilməsinə yardım edə bilər.
-“Millətim”in “qara” siyahıdan çıxarılması fəaliyyətinizə yeni nəfəs gətirəcəkmi?
Təbii ki, bir sıra yeniliklərin olacağını gözləyə bilərsiniz. Ancaq bu heç də “qara” siyahıdan çıxmağımızla bağlı olmayacaq. “Millətim” öz mübariz keyfiyyətlərini hələ çox-çox nümayiş etdirəcək. İnanıram ki, bundan sonra da “Millətim” hələ çox qaranlıqlara aydınlıq gətirə biləcək.
Söhbətləşdi: Nicat Sadiq