Anar Niftəliyev həyat yoldaşının ölümündə günahkar olan həkimin həbsinə razılaşmayıb
“Nəsimi rayon Prokurorluğunda aparılan istintaqın gedişindən, istintaq hərəkətlərinin aparılmamasından narazılığımı bildirərək ötən ay Baş Prokurorluğa müraciət etdim”.
Bunu Modern.az-a mərhum tənqidçi-jurnalist Elnarə Tofiqqıznın həyat yoldaşı Anar Niftəliyev bildirib. Bunun üçün səbəbləri və arqumentləri olduğunu qeyd edən jurnalist Nəsimi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayevin araşdırdığı işin gedişindən narazı olduğunu vurğulayıb:
“Baş Prokurorluğun və Prezident Administrasiyasının nəzarətində olan bir işdə istintaq hərəkətsizliyinin olması təbii ki, məni qane etmədi. Buna görə də Baş prokurora müraciətimdən sonra prokurorluq işi dərhal Nəsimi prokurorluğundan tələb etdi. Hazırda iş Bakı şəhər Prokurorluğundadır. İşə baş müstəntiq Vaqif Süleymanov nəzarət edir. Mənim əsas narazılıqlarımdan biri təkrar ekspertizanın təyin olunması, bir sıra boşluqlarla bağlı idi. Baş prokurorluq mənim narazılığım əsasında istintaq hərəkətlərinə başlayıb”.
Yenidən ifadə vermək üçün çağırılmadığını deyən A. Niftəliyev müstəntiqin vaxtaşırı prosesin gedişi ilə bağlı ona məlumat verdiyini bildirib: “Bildiyiniz kimi, zərərçəkən kimi aparılan istintaq hərəkətləri ilə tanış olmaq, prosesdə iştirak etmək, vəsatətlər vermək, müstəntiqə işin açılmasında yardım etmək kimi hüquqlarım var. Nəsimi rayon Prokurorluğu işi artıq tamamlamışdı, təqsirləndirilən şəxs qismində anestezioloq Firuz İbrahimovun 124-cü maddə ilə (ehtiyatsızlıqdan ölümə səbəb olma) cinayəti sübuta yetirildi. Lakin təkcə onun məsuliyyətə cəlb edilməsinə, buna görə də qərarın icrasına razı olmadım. Nəsimi rayon Prokurorluğunda müstəntiq Ələkbər Rzayev digər iki həkimin vəkili kimi çıxış edirdi. Bütün məsuliyyətin anestezioloqun üstünə atılması, digər iki həkimin azadlıqda gəzməsi məni qane də bilməzdi. Düşünürəm ki, hər üç həkim günahkardır. Həmin həkimlər hətta sənəd saxtakarlığına da yol veriblər. Bu səbəbdən də o qərarın icrası dayandırıldı və işə artıq Baş Prokurorluqda baxılır. İstəyim digər iki həkimin də günahının sübuta yetirilməsidir. İstədiyimiz nəticəyə varacağımıza inanıram”.
Qeyd edək ki, mərhum tənqidçi Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib.