Fransua Ollandın regiona səfərinin gizlinləri…

0
9

Fransua Ollandın regiona səfərinin gizlinləri…

Fransa prezidenti nə üçün yalnız “ənənəvi”lərlə görüşdü?

Rəsmi Parisin Azərbaycana münasibəti sirr deyil. Əksər məqamlarda ermənipərəst olduqlarını gizlətməyən Fransa dövlətinin mövqeyində ciddi dəyişiklik baş verəcəyini gözləmək əlbəttə, diletantlıq olardı.

Fransa prezidenti Fransua Ollandın regiona səfər etməsi regiondakı gərginliklə birbaşa əlaqəlidir. Rusiyanın postsovet ölkələrinə ünvanlanmış “ultimatum”ları ABŞ və Avropa ölkələrini narahat etməyə bilməz. Ukraynada baş verənləri hələlik yalnız müşahidə etmək və ara-sıra Rusiyanı iqtisadi sanksiyalarla hədələməklə kifayətlənən Qərbin baş verənlərdən ciddi narahatlıq keçirməsi açıq-aşkar görünür. Fransa prezidentinin Bakıda Ukrayna hadisələriylə bağlı bəyanatlar verməsi bunu bir daha təsdiq etdi.

Ölkəmizin xarici siyasətində ABŞ və Avropa ölkələri ilə dostluq münasibətlərini qoruyub saxlamaq əsas prioritetlərdən sayılır. Son illər Fransa ilə də münasibətlər xeyli yaxşılaşmış, siyasi, iqtisadi əlaqələr inkişaf etmişdir. Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri həmin ölkənin mətbuatında da geniş şərh edilib. Sevindirici haldır ki, Fransa mətbuatı Azərbaycanın bir çox sahələrdə Fransanın etibarlı tərəfdaşı olduğunu, mədəni sahədə iki ölkə arasında sıx əlaqələrin yarandığını, xüsusilə Heydər Əliyev Fondu tərəfindən Fransanın bir çox tarixi abidələrinin bərpa oluduğu yüksək qiymətləndirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan kütləvi informasiya vasitələri Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırlatmış, F.Ollandın Azərbaycan və Ermənistana səfərlərinin münaqişənin dinc yolla həllində Fransanın səylərini artıracağına dair münasibətinə istinad edilmişdir. Fransanın nüfuzlu “Le Fiqaro”, “Le Monde”, “Liberation” qəzetləri və eləcə də xəbər agentlikləri bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində və inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulamışlar. Məlumatlarda Fransa ilə Azərbaycan arasında iqtisadi və mədəni sahədə əməkdaşlığın, dostluq əlaqələrinin 20 illik tarixi, ölkəmizdə 50-dən çox fransız şirkətinin fəaliyyət göstərdiyi xatırlanmış, güclü geosiyasi vəziyyətə malik Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövləti olduğu xüsusi olaraq qeyd edilmişdir.

Fransa mətbuatı inkişaf etmiş aparıcı ölkələrin dünyanı bürüyən maliyyə böhranından əziyyət çəkdiklərini xatırladaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyi və qüdrətli ölkəyə çevrildiyindən heyrətləndiyini gizlətməyib.

Əsrin möhtəşəm arxitektura abidəsi olan Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumundan söhbət açan Fransa mətbu orqanları bu tədbirin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açdığını, təhsil, kənd təsərrüfatı, metro tikintisi və digər sahələrlə bağlı ikitərəfli mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə daxil olmasından xəbər verdiyini bildirmişlər.

Bakıda fransız litseyinin tikintisindən bəhs edən Parisin mətbu orqanları bu təhsil ocağını ölkələrimiz arasındakı dostluğun rəmzi kimi dəyərləndirmişlər.

Ölkəmizin karbohidrogen ehtiyatlarından bəhs edən Fransa kütləvi informasiya vasitələri Azərbaycan qazının Ukrayna-Rusiya böhranı ilə əlaqədar yaranmış situasiyada Avropa ölkələrinin, o cümlədən Fransanın Rusiyadan asılılığına son qoyacağını bildirmişlər.

Bir çox qəzet səhifəsində Fransa və Azərbaycan prezidentlərinin görüşündə F.Olandın söylədiyi “Fransanın məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusən enerji sahəsinə dəstək verməkdir” fikri yer almışdır.

Fransa prezidentinin Azərbaycana səfərinin təbii ki, bir çox sirli məqamları var və bunları da zaman-zaman araşdırıb, münasibət bildirəcəyik. O cümlədən səfər Azərbaycan iqtidarı ilə müxalifəti arasında müəyyən paralellər aparmağa münbit şərait yaradır. Belə ki, Fransa prezidenti səfərindən Azərbaycan müxalifətinin bəzi nümayəndələri ilə görüşmək üçün zaman ayırdı.

Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidenti ilə keçirdiyi mətbuat konfransında “regionda ikinci erməni dövləti yaratmağa heç bir zaman imkan verməyəcəyik” deyə, bəyan etməsindən razı qalmayan Azərbaycan vətəndaşının olmasına şübhə ilə yanaşmamaq mümkün deyil. Ancaq ənənəvi müxalifət nümayəndələrinin, eləcə də Leyla Yunus kimilərinin Fransa prezidenti ilə görüşündən sonra Qarabağ problemini önəmli saymayan vətəndaşlarımızın olduğunu müəyyən etdim.

Fransua Ollandla iqtidarın ən çox hədəfində olan müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərimi görüşdü?

“Ənənəvi”lərin söylədiklərinə inansaq F.Olland Azərbaycanda iqtidarın ən çox hədəfində olan müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb. Əlbəttə, bu onların mövqeyidir. Fransa prezidenti ilə görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Real Hərəkatının məclis sədri Erkin Qədrli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Azadlıq radiosunun müxbiri Xədicə İsmayıl iştirak edib. Görüş barədə “Azadlıq” qəzetinə məlumat verən Əli Kərimli bildirib ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla bağlı müzakirələr aparılıb. Məlumatda həm də Azərbaycan-Avropa Birliyi münasibətləri, Azərbaycanın Avropa Birliyi assosiasiya sazişi imzalanmasına təşəbbüs və guya Azərbaycan hökumətinin Avropa birliyinə inteqrasiya siyasətinə yaratdığı əngəllərdən söhbət açıldığı barədə də müzakirələr aparıldığı qeyd edilib.

Azacıq diqqət yetirmək kifayət edir ki, kimin nəyə xidmət etməsi aşkar olunsun. Azərbaycan prezidenti növbəti dəfə cəsarətli mövqe sərgiləyərək Qarabağ probleminin həllində ermənilərə zərrə qədər güzəşt edilməyəcəyini bəyan edir. Ənənəvi müxalifət nümayəndələri isə həmin problemdən söhbət açmağı məqsədəuyğun hesab etmirlər. Təbii ki, “ənənəvi” lər Fransanın daima ermənipərəst mövqe sərgiləməsindən xəbərsiz deyildilər.

Onlar Azərbaycanın hər bir vətəndaşını gündəlik düşündürən Qarabağ problemindən söhbət açılacağı halda Fransua Ollandın qəzəblənəcəyindən ehtiyat ediblər. Xislətlərinə tam bələd olduğum üçün, bunu açıq söyləməyi lazım bilirəm. Əlbəttə, “ənənəvi”lər cənab İlham Əliyevin erməniləri və ermənipərəst ölkələri narahat edən bəyanatından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar. Onlar, görürsünüzmü cənab Olland, bizim Azərbaycan prezidentindən fərqli olaraq Qarabağ adlı problemimiz yoxdur, bizim dərdimiz insan hüquqları, demokratiya və azadlıqdır, demək istədilər. Yəni, xəyanətkar olduqlarını bir daha təsdiqlədilər. Guya Azərbaycanda fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, mətbuatın zorakılıqla susdurulması, sərbəst toplaşmaq azadlığına qadağa problemi yaşanırmış. Guya siyasi müxalifətə gündəlik təzyiqlər mövcud imiş. Hətta Leyla Yunus kimi “dahi” insan hüquqları müdafiəçilərinə fəaliyyət imkanları yaradılmayıb. Düzdür, Əli Kərimli Qarabağ mövzusunu dilə gətirdiyini bəyan edib. Bunu növbəti dəfə xalqı aldatmasından savayı bir zad adlandıra bilməyəcəyəm, çünki əldə etdiyim dəqiq məlumata görə həmin görüşdə Qarabağla bağlı bircə kəlmə belə işlədilməyib.

F.Ollandla görüşə nə üçün adları yuxarıda sadalanan şəxslərin dəvət edilməsi xüsusi mövzu olsa da, bu barədə öz mövqeyimi açıqlamaq istəyirəm. Öncə xatırlatmaq istəyirəm ki, siyasi fəaliyyətimin 20 ildən artıq zamanını müxalifət düşərgəsində keçirmişəm. Həmin müddətdə 3 dəfə həbs edilmişəm. Deməli, iqtidarın ən çox hədəfində olan mənəm, nəinki F.Ollandla görüşə özlərini ermənilər kimi “əzabkeş”, “cəfakeş” obrazında təqdim edənlər. Həmin görüşə dəvət olunanlar sadəcə şəbəkə üzvüləridir ki, həmin şəbəkə uzun illərdir bir sıra xarici kəşfiyyat sturukturlarına xidmət göstərməklə Azərbaycanı dünyada nüfuzdan salmaqla məşğuldurlar. Elə götürək Əli Kərimlini. Hansı təzyiqə, təqibə məruz qalıb? Bu şəxsin fikri odur ki, özü və əlində cəmləşdirdiyi mətbu orqanlar hər kəsə hücum çəkə, şər-böhtan ata bilər. Sirr deyil ki, “Azadlıq” qəzeti yalnız Ə.Kərimlinin mənafeyinə xidmət göstərir. Onun senzurasından keçməyən bircə cümlə həmin qəzetin səhifəsinə çıxarıla bilməz. Qeyd etmək istəyirəm ki, “Azadlığ”ın təsis edilməsində, uğurlarında müəyyən qədər xidmətim olub. Ə.Kərimlinin təbliğinə yönəlmiş hər hansı münasibətimi sevincək “Azadlığ”ın səhifəsinə çıxarıblar. Ancaq təqibə-təzyiqə məruz qaldığım zaman “Azadlıq” AXCP sədrinin birbaşa göstərişiylə susmağa üstünlük verib. Və yaxud uzun müddətli həbsdən azad olunmağıma baxmayaraq “Azadlıq” Milli Azadlıq Hərəkatında kifayət qədər xidməti olmuş, siyasi fəaliyyəti ilə hətta keçmiş SSRİ məkanında tanınmış, həmin imperiyanın mətbu orqanlarının dəfələrlə tənqidinə məruz qalmış bəndəniz Ramiz Tağıyev barədə informasiya yaymağı lazım bilmir.

İndi Ə.Kərimli və onun ətrafına toplaşmış bir qrup şər-böhtançıdan sual etmək istəyirəm, hansı demokratiyadan, mətbuat azadlığından söhbət açırsınız? “Azadlıq”mı indi azad qəzet sayılır? Ə.Kərimli kimi zəif birinin əsirinə çevrilmiş, onun qara piarının yayılmasına uzun illərdir xidmət göstərməklə “Azadlıq” özünü necə azad mətbuatın nümunəsi hesab edə bilər?

“Turan” informasiya Agentliyinin illər öncə Azərbaycanın təbliğinə yönəlmiş fəaliyyətinə kölgə salmaq istəməzdim. Ancaq indi bu agentliyin fəaliyyəti qətiyyən adına uyğun gəlmir. “Turan”ın Avropa liberal dəyərlərini təbliğ etməsi və həmin adı daşıyan agentliyin direktoru Mehman Əliyevin Leyla Yunusla eyni məqsədlərə xidmət göstərməsi qəbul edilən deyil. Bir sözlə, cənab F.Ollandla görüşə dəvət almışların sırasında əzabkeş, cəfakeş millət fədailərinin olduğunu söyləmək diletantlıq olardı. Əgər son günlər tərbiyəsizliyi, həyasızlığı ilə öz çirkin əməllərini sığortalamaq istəyən Leyla Yunusu “cəfakeş” və “əzabkeş” obrazında təqdim etmək istəyirlərsə, bunun da cavabını vermək bir o qədər çətin deyil.

Leyla Yunusu Əli Kərimli ilə birləşdirən nədir?

AXCP sədri Ə.Kərimli onu da qeyd edib ki, guya regionda gedən proseslər müzakirə mövzularından biri olub. O, Ukraynadakı vəziyyətin, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, bütövlükdə isə Azərbaycan xalqı üçün aktual olan məsələlərin müzakirə edildiyini vurğulayıb.

Tutaq ki, belədir, AXCP sədri, Leyla Yunus qeyd olunan məsələlər barədə Fransa prezidenti ilə söhbətləşiblər. Qəribədir, birdən F.Olland AXCP sədri və ya digər görüş iştirakçılarına, siz, belə qızğın Avropaya inteqrasiya tərəfdarı idinizsə, onda nə üçün Rusiyanın proyekti olduğu artıq kimsədə şübhə doğurmayan “Milli Şura” adlı qurumu yaratdınız? Və yaxud Ukraynadakı vəziyyəti müzakirə edərkən, nə üçün həmin ölkəni dağıdanın Rusiya olduğunu bəyan etməkdə çətinlik çəkirsiniz?-suallarını versəydi.

Ə.Kərimli bundan sonra utanıb-qızarmadan görüşdə Avropa Şurasının Azərbaycanda etimadını itirdiyini vurğuladıqlarını açıqlayıb.Nə deyəsən belələrinə, özlərini Rusiyanın ağuşuna atmışlar, qabaqdan gəlmişlik edib Avropanı qınaq obyektinə çevirirlər. Guya Avropa Birliyi Azərbaycanda siyasi məhbus məsələsinə biganə münasibət göstərib.

Avropanın ola bilsin ki, həmin məsələyə münasibəti yetərincə olmayıb. Ancaq bunun da nədəni olmamış deyil. İndi düşünürəm ki, bu barədə söhbət açmaq yerinə düşər. Yəqin ki, Azərbaycan cəmiyyətinin Ə.Kərimlinin əqidədaşı, silahdaşı Leyla Yunusun Avropa Şurasına təqdim etdiyi siyasi məhbus siyahısından məlumatı var. Kimlər yoxdu ki, həmin siyahıda? L.Yunus Bakı metrosunda partlayış törədib, onlarla insanın həyatına son qoymuş “Sadval” terror təşkilatının üzvünü siyasi məhbus siyahısına nə üçün salıb? Belə sualla ona hər bir Azərbaycan vətəndaşı müraciət etməlidir. Başabəla “hüquq müdafiəçisi” onu da bilməmiş deyil ki, insanların kütləvi qətlinə hesablanmış terror hadisələri onu sifariş verən xarici kəşfiyyat orqanları tərəfindən Azərbaycanda çaxnaşma yaratmaq, hətta dövlət çevrilişinə nail olmaq məqsədilə maliyyələşdirilir. Hətta ölkəmizi parçalamaq cəhdlərinin olduğu da dəfələrlə aşkar olunub.

L.Yunusun “siyasi məhbus” siyahısında terrorçu vəhabilərin, İran ETTELAT-ı tərəfindən casusluq məqsədilə hazırlanmış xəyanətkarların adı da var. Çox güman ki, Avropa Şurası Azərbaycanda siyasi məhbus adları ilə dəllallıq edənlərin fəaliyyətini məqbul hesab etmədi. Həmin dəllalların siyahısında terrorçuların olduğunu müəyyənləşdirdikdən sonra, Azərbaycanda siyasi məhbus məsələsini bir daha müzakirəyə çıxarmağı məqsədəuyğun hesab etmədi Avropa Şurası. Axı, bir həqiqətdir ki, Avropa heç bir zaman terrora dəstək verməyib.

Ə.Kərimlini L.Yunusla birləşdirən əsas xüsusiyyət, onların hər ikisinin öz məqsədləri, ambisiyaları naminə istənilən avantüraya, şantaja əl ata bilmələridir. L.Yunus sanki öz ölkəsinin prezidenti kimi F.Ollanda məruzə etməsindən söhbət açıb: “Ölkədə 130 siyasi məhbus var. Onlardan 40 nəfəri vicdan məhbusudur. Olland bizdən siyahını səfirliyə verib-verməməyimizi sörüşdü. Dedim ki, çoxdan vermişik, aprelin 15-nin siyahısıdır. Bu həftə siyahını təzələyəcəyik. Əsas məsələ ondadır ki, Azərbaycanda repressiyalar güclənir, qərbyönümlü siyasətçilər , jurnalistlər, bloqqerlər, hüquq müdafiəçiləri təzyiq altındadır. Rauf Mirqədirovun həbsi isə qırmızı xətti keçməkdir”.

L.Yunusun ifrat şişirtmələrə əl atdığı açıq-aşkar görünür. Yəni, xislətinə uyğun olaraq növbəti dəfə vətəndaşı olduğu Azərbaycanı şantaj edir. Hətta Azərbaycanın guya hansısa qırmızı xətti keçməsini söyləməklə, yaşadığı ölkəylə ultimatumla danışmaqdan çəkinmir. Bundan soruşmaq gərəkdir ki, Azərbaycanın qarşısına qırmızı xətti kim çəkə bilər? L.Yunusun yaxın keçmişdə Vətən xaini Əlikram Hümmətovun da alovlu müdafiəçisi olduğunu xatırlatmaq yəqin ki, yerinə düşərdi. Onu da siyasi məhbus siyahısına salmışdı. Axı bir zamanlar L.Yunus Əlikramla AXC-nin idarə heyətində yer alaraq, eyni cinahdan həmin təşkilatın lideri Əbülfəz Elçibəyə qarşı barışmaz mübarizə aparmışdılar. Həmin sırada hələ indiyə qədər Əbülfəz Elçibəyi təhqir edən yazıları ilə tanınmış, keçmiş sosial-demokrat Zərdüşt Əlizadə də yer almışdı. Bunları qeyd etməkdə məqsədim Ə.Kərimlinin, L.Yunusun kor-koranə müdafiəçisinə çevrilmiş bir sıra gənclərə onları olduqları kimi təqdim etməkdir. Axı necə olur ki, Əbülfəz Elçibəyi lideri adlandıran Ə.Kərimli, AXC-nin dünyasını dəyişmiş liderinin əzəli və əbədi düşmənləri sayılan Z.Əlizadəyə, L.Yunusa rəğbətlə yanaşır. Necə olur ki, Ə.Kərimlinin birbaşa nəzarətində olduğu kimsədə şübhə doğurmayan “Azadlıq” qəzeti adlarını çəkdiyim şəxslərə daima tribuna ayırır. Z.Əlizadə , L.Yunus bir zamanlar AXC-dən ayrılaraq Əlikramla birgə Sosial Demokrat Partiyasını yaratmamışdılar? Kim məni inandıra bilər ki, L.Yunus, Z.Əlizadə bu gün Əlikramla əlaqəli deyillər. Və yaxud eyni missiyanı yerinə yetirmirlər?

L.Yunusun hansı əxlaqın sahibi olduğunu Azərbaycan cəmiyyəti yaxşı ki, telekanallar vasitəsilə seyr edə bildi. Əri adlandırdığı ərfason bir şey olan Arif Yunus isə adi dindirilməyə tab gətirməyərək artistliklə özünü xəstəyə bənzətməyi bacardı. Əlbəttə, qarşıya onların həbs edilmə tələbi qoyulsaydı, inzibati orqanlar ər-arvadı dərhal həbs edərdilər. Ancaq görürüsünüz, bu gün müəyyən güzəştlərlə onları həbsdən azad etmiş Azərbaycan iqtidarına minnətdarlıq etmək əvəzinə L.Yunus Fransa prezidentinə yaltaqlanmağı daha üstün tutur. O, F.Ollanda yaltaqcasına təşəkkürünü belə dilə gətirib: “Birinci sözüm o oldu ki, çox sağ olun, mən 100 faiz əminəm ki, siz bura gəldiyiniz üçün mən bu gün azadlıqdaydım. Dedim, siz bura gəlmisiniz, mən sizinlə görüşürəm. Ona görə məni, həyat yoldaşımı həbs etməyiblər ”.

Görürsünüzmü, bu erməni xislətinin həyasızlığını! Axı bütün dünyaya məlumdur ki, Azərbaycan iqtidarı hədsiz müstəqildir. Təsir dairəsinə düşməyi xoşlamayıb və şükür ki, belə də yoluna davam edir. Açıq söyləyim, iqtidarın belə mövqeyi, ələbaxım, xaricilərə nökərçilik etməyə alışmış bəzi müxalif qüvvələrin mövqeyindən daha doğmadır. O da sirr deyil ki, Azərbaycan iqtidarı istəsəydi Leyla Yunus və ərinin barəsində həbs qətimkan tədbiri seçilərdi. Təbii ki, araşdırma aparılır və təqsirli olduqları barədə faktlar ortaya çıxacağı halda, düşünürəm ki, onlar məsuliyyətdən kənarda qalmayacaqlar.

Olland İrəvandan Azərbaycan müxalifətinə hansı mesajı göndərdi?

F.Ollandın Azərbaycana səfəri ərəfəsi Ə.Kərimli də L.Yunus kimi vay-şivən salaraq həbs olunacağını və bundan sonra hətta AXCP-nin fəaliyyətinin dayandırılacağını söyləməyə başlayıb. Təbii ki, bu onun bir növ şakəridir. Uzun illərdir Azərbaycan cəmiyyəti onun bu cür vay-şivənini eşitdiyindən, söylədiklərini də ciddiyə almır. Atalarımızın bir gözəl məsəli var, “dostunu göstər, deyim kimsən”. AXCP sədrinin ən yaxın dostlarının dünyada rüsvay olmuş Xədicə İsmayılova və bu yaxınlarda özü-özünü Xədicədən də betər rüsvay edən Leyla Yunusun olduğunu nəzərə alsaq, onda söhbəti heç uzatmağına dəyməz.

Azərbaycandan Ermənistana səfər etmiş F.Olland orada daha şən görünürdü. Dəfələrlə Türkün ən qatı düşməni olduğunu açıqlayaraq erməni sevgisini gizlətməyən Fransa prezidenti, Ə.Kərimli, L.Yunus, X.İsmayıl kimilərinə İrəvandan həm də mesaj göndərdi.

O, bəyan etdi ki, gələn il Ermənistana bir də səfər edəcək. “Əzabkeş”, “cəfakeş” ermənilərin guya “genosid”ə məruz qalmalarının 100 illiyini qeyd etmək üçün gələcək, Əli Kərimli və dostlarının utanıb-qızarmadan imdad dilədikləri Fransa prezidenti Fransua Olland.

İndi siz söyləyin hörmətli və dəyərli oxucular, kimi Azərbaycanımızın taleyi daha çox düşündürür, regionda ikinci erməni dövləti yaradıla bilməz deyib, F.Ollandı məyus edən cənab İlham Əliyevmi, yoxsa F.Ollandın erməni sevgisindən xəbərdar ola-ola ona yaltaqlanıb, ondan nicat diləyən Əli Kərimli və dostlarının?

Mövzuya qayıdacağıq…

Ramiz Tağıyev

LEAVE A REPLY