AZAL-ın bilet monopoliyası
Türkiyənin istirahət mərkəzlərinə Tiflisdən “yaşıl işıq”; Azərbaycanlılar Antalya və Bodruma Tiflisdən getməyə məcbur olublar
AZAL-ın bilet monopoliyasının arxasında nə dayanır?
Yayın gəlişinə sayılı günlər qalır və insanlarımız üçün istirahət planları da aktuallaşır. Bu məvaciblə, bu şərtlərlə, bu seçimlərlə və hər şeydən önəmlisi bu monopoliya ilə harada, necə istirahət etməli? Azərbaycanın istirahət məkanlarında infrastruktur, xidmət, personal… kimi şərtlərin normadan aşağı olmasını nəzərə alanda çox adam vətənpərvərliyi bir kənara qoyub, sərhədləri aşmaq istəyir. Bu halda isə qarşıya çıxan əsas problem anormal həddə bahalaşdırılmış bilet qiymətləridir.
Turizm agentliklərinə müraciət edən vətəndaşlara ailəvi “turpaket”lər təqdim olunarkən məlum olur ki, buradakı məbləğin 70 faizini bilet qiymətləri təşkil edir. Çox vaxt da maddi imkanı nisbətən məhdud olan ailələr məhz biletlərin qiymətlərindəki şişirtməni görüb, bu paketdən imtina edirlər. Bir çox hallarda isə nisbətən ucuz variantlar üçün Bakı-Antalya-Bakı, Bakı-Bodrum-Bakı, Bakı-İzmir-Bakı turları əvəzinə Gəncə-Antalya-Gəncə, Gəncə-Bodrum-Gəncə, ya da Tiflis-Antalya-Tiflis, Tiflis-İzmir-Tiflis turlarını seçirlər.
Son bir neçə ayda Tiflisdən baş tutan səfərlərlə bağlı seçimlər artıb. Belə ki, artıq yerli turizm şirkətləri də bunu əhaliyə variant olaraq təqdim edir. “Cibinə” qənaət etmək istəyən ailələr üçün bu seçimin üstünlüklərinə baxaq.
Öncə internetdə yazılan elanlardan danışaq. Məsələn, əksər turizm agentliklərinin təqdim etdikləri siyahıda 5 ulduzlu “Kervansaray Kundu” otelinin adı var. Burada 1 nəfərin 7 gecə, 8 gün istirahət etməsi (aviabilet daxil olmaqla) 1000 manatdır. Təbii ki, uçuş Bakıdan baş tutarsa. Amma uçuş Tiflisdən baş tutacağı halda tur paketin qiyməti cəmi 740 manatdır. Xatırladaq ki, qiymətlərə otel (7 gecə, 8 gün), aviabilet, qidalanma, transfer, sığorta daxildir.
Turizm agentliklərindən birində çalışan ekspert bizə açıqlamasında bildirdi ki, bu ildən etibarən Tiflis turları populyarlaşıb. Buna səbəb qiymətlərdəki böyük fərqdir. Belə ki, 2 nəfərin Bakıdan 1 həftəlik (7 gün, 8 gecə) Antalya istirahət paketinin qiyməti 1500 manatdırsa, bu, Tiflisdən 1000 manata başa gəlir. Ekspert tur paketin tərkibindəki bütün elementlərin (otel, istirahət şərtləri, qidalanma) eyni olduğunu, amma Tiflis tur paketlərin qiymətinin iki nəfər üçün 500 manat ucuz olduğunu bildirdi. Onun dediyinə görə, son vaxtlar xüsusən ailələr bu seçimə üstünlük verir. Çünki Bakıdan 4-5 min manata başa gələn 4 nəfərlik tur paketlər Tiflisdən uçuş seçimində 2000 manatdan baha deyil.
Əslində isə bu mənzərənin səbəbi bilet qiymətlərinin bahalığıdır.
Daha dəqiq desək, AZAL-dakı süni qiymət artımı mənzərəni daha da qəlizləşdirir. Məsələn, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar 677 TL (245 AZN), AZAL-la uçanlar isə 747 TL (270 AZN) ödəməli olur.
Tbilisidən eyni hava yolları şirkəti ilə eyni tarixdə uçuş bileti isə (Tiflis-İstanbul-Tiflis) 159.98 avroya başa gəlir. Yəni təxminən 2 dəfə ucuz qiymətə İstanbula bilet əldə etmək olur.
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır. Onun bildirdiyinə görə, hava yolları vasitəsilə sərnişin daşınması ilə məşğul “Turan Air” şirkəti ötən il fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət — “Silk Way Business Aviation” MMC təmsil edir: “Ancaq bu şirkətin bazarda payı çox cüzidir — sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşüb. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Çünki Azərbaycanda təyyarə benzininin qiyməti də aşağıdır.
Buna baxmayaraq, şirkət monopolist mövqeyindən istifadə edərək tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib. Avropada, elə Türkiyədə bir çox başqa — birbaşa və dolayı sistemlər fəaliyyət göstərir ki, insanlar daha asan və daha ucuz biletlər tapa bilsinlər. Məsələn, təyyarələrin dolma nisbəti 60 faizə qədərdirsə, uçuşa 6-7 saat qalmış qiymətlərdə kəskin endirimlərə gedirlər. Saytlar vasitəsilə onlayn-bilet almaq mümkün olur. Azərbaycanda bu yoxdur. Azərbaycanda standart, qaldırılmış qiymətlər var. Azərbaycanda bir şəxsin, bir qurumun diktə etdiyi qiymətlər var”.
Müsahibimiz bildirdi ki, məhz bu səbəbdən Gəncədən İstanbula uçuş həyata keçirən “OnurAirz” şirkəti Bakıya buraxılmır. “OnurAir”in saytında Gəncədən İstanbula tək gedişli biletin qiyməti 79 avro olaraq göstərilib: “Ümumiyyətlə, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimləməsi daha düzgün olardı. Bu şirkət təbii inhisarlar kateqoriyasına daxildir. Ancaq Tarif Şurası yalnız daxili uçuşların tənzimlənməsini öz üzərinə götürüb. Yaxşı olardı ki, bu missiyanı da Tarif Şurası öz üzərinə götürsün. Bu halda AZAL-ın mövsümü amillərlə bağlı qiymətləri qaldırması hallarına son qoya bilər. Əslində xarici təcrübədə mövsümlərdə qiymətlərin ucuzlaşması tendensiyası var. Çünki mövsümlərdə sərnişin daşınması kəskin artır. Bu aviaşirkətlərin gəlirlərinin kəskin artımı deməkdir. Ona görə də hesab edirəm ki, bu seqmentdə rəqabət mühiti yaranana qədər Tarif Şurası tarifləri müəyyən etməlidir”.
Sevinc TELMANQIZI