Azərbaycandakı bərbər salonlarında HEPATİT-C xəstəliyi

0
20

Qadın və kişi salonuna gedəndə ehtiyatlı olun!
İndi şəhərin istənilən yerində kişi və qadın salonları-bərbərxanalara rast gəlmək olar. Əslində vacib iaşə obyekti olan belə yerlərdə sanitar-gigiyenik vəziyyət heç ürəkaçan deyil. Həmişə müştəri tələbatı olan bərbərxana açmaq yalnız maliyyədən asılı olan vəziyyətdir. Daha doğrusu, bizim ölkədə belədir. İşin əsasında isə vacib standartlar, eləcə də ciddi sağlamlıq məsələləri durur.
Çoxu hələ də başa düşmək istəmir ki, hər kəsin üz tutduğu bu yerlər eyni zamanda yoluxucu xəstəliklərin yayılmasında son dərəcə əlverişli məkanlar hesab olunmalıdır. Xüsusən, zəruri sanitar-gigiyenik normalara əməl edilmədikdə, insan həyatı üçün təhlükəli olan Hepatit B, C viruslarına və QİÇS-ə yoluxma ehtimalı bərbərxanalarda daha böyük risk daşıyır. Görəsən, küçələrdə addımbaşı rast gəldiyimiz “gözəllik salonları“ insanların gözəl görünmələrini hədəfləyərkən, onların təhlükəsizliyini də təmin edirmi? “Qafqazinfo” vəziyyətlə bağlı araşdırma aparıb.

Bərbərlər sanitar-gigiyenik qaydaların nə olduğunu heç bilmir

Bərbərxanalarda apardığım müşahidələr bu sahədə ciddi çatışmazlıqların mövcud olduğunu göstərdi. Xüsusən, paytaxtın kənar rayonlarında fəaliyyət göstərən “kişi salonları“nda heç bir sanitar-gigiyenik normalara riayət edilmədiyinin şahidi olmaq mümkündür. Hətta ərazidə fəaliyyət göstərən bərbərxanaların bir neçəsində bərbərin eyni ülgüclə bir neçə müştəriyə xidmət göstərdiyini görmək olar. Maraqlıdır ki, qadın gözəllik salonlarında da manikür-pedikür alətləri çox halda heç spirtlə də təmizlənmir. Halbuki, gigiyenik normalara görə, müştəri üçün istifadə edilən daraq belə təmizlənməlidir. Bərbərlər isə bir ağızdan belə müdafiə olunurlar. “Müştərilərin çoxunu tanıyırıq,onların xəstə olmadığına əminik” Müşahidə onu göstərir ki, bəzi bərbərlər öz obyektində səliqə-səhmana fikir verməyə çalışırlar. Gigiyenik qaydalar barədə düşünmək belə istəmirlər. Onların fikrincə, heç əhali də xəstəliyə yoluxması barədə məlumatlı deyil. Bahalı salonların isə, yalnız xidmət haqqı yüksəkdir, heç orada da gigiyena tələblərinə cavab verilmir. Şəhərin mərkəzi rayonlarında yerləşən bərbərxanalarda ilk baxışdan hər şeyin təmiz və səliqəli olduğu nəzərə çarpsa da, bu cür salonlarda da sanitar-gigiyenik normalara əməl edilmədiyinin şahidi olursan. Əksər bərbərxanalarda alətləri sterilizə edən aparatlar gözə dəymir. Hamı gözəlləşməyə tələsir, amma bunun arxasında nə boyda təhlükə ola biləcəyindən xəbərsizdir.

“Anamın qaşını tatuaj etdirməyə biz məcbur etdik”

Fikrimcə, ağır yoluxucu xəstəliyin yayılmasında diş kabinetləri qədər, bərbərxanalar da böyük rol oynayırlar. İşin əsasında təbliğat, insanların maarifləndirilməsi dayanır. Hər bir müştəri gedəcəyi yeri özü seçməli, tələblərini qabaqcadan bilməlidir. Lazım gələrsə, sual verməkdən də çəkinməməlidir. Belə ki, bahalı salona getmək hələ xəstəliyə yoluxma riskinin olamaması demək deyil. İşin bir tərəfi də var. Çoxu xəstə olduğundan bixəbər gəzdiyi kimi, bilsə belə bunu bərbərə demək istəməz. Bu isə həmin şəxsin məsuliyyətsizliyi və eqosundan xəbər verir. Onu da qeyd edim ki, söhbəti gedən yoluxucu xəstəliklər qanla təmas olduqda yoluxma baş verir. Belə ki, zədələnmiş dəriyə xəstə qanın düşməsi belə xəstələnmə riskini böyüdür.
Aytən adlı xanım anasının “gözəllik salonunda” Hepatit C kimi ağır xəstəliyə yoluxduğunu deyir. Onun dedikləri iddia kimi görünə bilər. Çünki bu xəstəlik yoluxmadan altı ay sonra aşkara çıxır. Aytən isə bir ildən çox müddətdə anasının hər hansı həkimə getmədiyini, yalnız qaş tatuajı etdirdiyini deyir. “Anamın qaşlarının tükü çox seyrəlmişdi. Biz onu tatuaj etdirməyə məcbur etdik. Özü heç razı deyildi. Bahalı salonların birinə getdi, iki gün ardıcıl prosedur nəticəsində qaşlarını dərialtı rənglənməylə “bərpa etdi”. Bir neçə ay sonra
halsızlaşdı, rəngi xoşumuza gəlmədi. Həkimə apardıq, həkim qan müayinəsinin cavabında Hepatit C çıxdığını dedi. O vaxta qədər heç xəstəlik barədə məlumatımız yoxdu. Öyrəndik ki, xəstəliyin müalicəsi ilkin mərhələdə olsa da, baha başa gəlir. İndi anam hər ay İrana müalicəyə gedir. Hər kəsi ayıq olmağa çağırardım. Heç kəs yoluxmanın məhz orada baş verdiyinə inanmır, amma bu belə də olub.

Xəstəliyə yoluxmamağa heç kəs təminat vermir

Qadın və kişi salonlarındakı vəziyyətə nəzarət necədir? Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, təmsil etdiyi qurum mütəmadi olaraq bərbərxanalarda monitorinqlər aparır. “ Yoxlamalarımız təqribən bir ay davam edır və yoxlamalar tam başa çatdıqdan sonra bizi qane etməyən obyektlər bağlanır, ya da cərimə olunur. Yoluxucu xəstəliklərin və virusların yayılmasında bu cür salonların hansı paya sahib olduqları barədə dəqiq bir rəqəm söyləmək mümkün deyil. Çünki xəstənin nə zaman və harada virusa yoluxduğunu çox vaxt müəyyən etmək olmur. Amma istənilən halda bu cür yerlərdə sanitar-gigiyenik normalara əməl edilməməsi potensial təhlükə mənbəyi hesab olunmalıdır. Heç kim təminat verə bilməz ki, bərbərin ondan əvvəlki müştərisi Hepatit C, yaxud da QİÇS daşıyıcısı deyil. Ona görə də hər kəs öz təhlükəsizliyinə diqqət etməlidir. İlk növbədə, salonun təmizliyinə fikir vermək lazımdır, daha sonra bərbərin istifadə etdiyi alətlərin sterilizə olunduğundan əmin olmaq lazımdır. Eyni zamanda üz qırxdırarkən bərbərdən birdəfəlik ülgüclərdən istifadə etməsini tələb etmək lazımdır. Hər hansı salondakı pis vəziyyət barədə bizə də xəbər verilə bilər. Dəqiq ünvan göstərilməklə şikayətçi Mərkəzimizə iradını deyə bilər, biz dərhal araşdırma başladarıq.” Mütəxəsis onu da qeyd etdi ki, eyni zamanda bərbərlər özləri də ildə iki dəfə tibbi komissiyadan keçməlidir.
Deyilənlərdən o nəticəyə gəlmək olar ki, hər kəs özü fərdi şəkildə bu barədə düşünməli, müştəri daha tələbkar olmalıdır. Çünki sahibkara, bərbərə qalsa, onun üçün əsas gəlir əldə etməkdir, kiminsə sağlığı barədə düşünəni heç yoxdur.

LEAVE A REPLY