Eynulla, Elton və yollarda şütüyən neçə-neçə milyon…

0
21

Eynulla, Elton və yollarda şütüyən neçə-neçə milyon…

Mizan tərəzidə ağır gələcək tərəf haqqında ilkin proqnoz.

Nəqliyyat naziri Ziya Məmmədov və onun yalnız dəbdəbəli həyatları ilə gündəmə gələn yaxınlarına heç bir zaman rəğbət bəsləməmişəm. Zatən, mənim təkəbbürlü insanlara münasibətim isti olmayıb.

Cənab nazirlə cəmi bir dəfə üzbəüz görüşüm olub. Görüşümüz 1995-ci ildə yaşadığım Culfa rayonunun Yaycı kəndində baş tutmuşdu. Görüşümüzün səbəbi yəqin ki, Ziya müəllimin yadından çıxmayıb. Düzdür, həmin zaman o, hələ nazir deyil, nazirdən heç də səlahiyyətsiz görünməyən nazir müavini idi. O zaman yalnız dəmiryol sahəsinə rəhbərlik səlahiyyətinə malik olan nazirin müavini olmasına baxmayaraq, əli “uzun” görünürdü. Belə olmasaydı Culfa lokomotiv deposuna məxsus yüzə yaxın işlək elektrovozun doğranıb metallom kimi xarici ölkələrə satılmasına göstəriş verə bilərdimi? Tək bu deyildi, yüzlərlə yük vaqonları da sıradan çıxarılmışdı. Təbii ki, baş verənlərə göz yummayıb, ölkə prezidentinə-Böyük dövlət xadimi Heydər Əliyevə məlumat vermişdim. Məhz, elə həmin səbəbdən cənab Z.Məmmədov yaşadığım kənddə mənimlə görüşməyi lazım bilmişdi. Onunla görüşməkdən imtina etsəm də, hörmət bəslədiyim bir neçə tanışın təkidindən sonra razılaşmaq zorunda qaldım. Onsuzdakı iş-işdən keçmişdi, Culfa lokomotiv deposunda elektrovozlardan yalnız metallom yığınağı qalmışdı.

Oliqarxla jurnalistin ortaq dostu kim olub?

Bilmirəm təsadüfdür və ya nədir ancaq onu dəqiq bilirəm ki, Ziya müəllimlə, onun qohumlarının bu gün barışmaz rəqibinə çevrilmiş jurnalist Eynulla Fətullayevin ortaq dostlarının olduğundan da məlumatlıyam. Həmin dost onlara kifayət qədər dəstək verib, həm də necə deyərlər öz məqsədi üçün gen-bol onlardan istifadə edə bilmişdi.

Söhbətin kimdən getdiyini yəqin ki, rəqiblər artıq müəyyən edə bildilər. Söhbət məşhur “Quska“dan gedir. O “Quska”dan ki, bir zamanlar Eynulla onun yardımı ilə ərsəyə gətirilib, xeyli populyarlaşdıra bildiyi “Realnı Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərində barəmdə həqiqətə zərrə qədər uymayan yalanlar uydurmaqla məşğul idi. İş o həddə çatmışdı ki, həmin zamana qədər mənimlə bircə dəfə görüşməyən Eynulla guya “Realnıy Azərbaycan”a müsahibə verdiyimi bəyan edərək, həmin qəzetin səhifəsinə uydurma “müsahibə”mi çıxarmışdı. Təbii ki, “müsahibə”ni oxuyan və mənimlə tanışlığı olmayanlar yüzə-yüz anormal biri olduğum qənaətində olmalı idi. “Müsahibə” xüsusi sifarişlə hazırlaşmışdı və kimlərin həmin “müsahibə” də maraqlı olduğunu dəqiq bilirdim. Əlbəttə, özünü kimlərəsə şirin salmaq istəyən “Quska”-sabiq millət vəkili Hüseyn Abdullayevin də “müsahibə”nin işıq üzü görməsində xüsusi marağı olmuşdu. Bu həmin “Quska” idi ki, mən yaxın keçmişdə onu Ordubad polisinin təcridxanasından azadlığa buraxdırmış və onu sonrakı uzun müddətli həbsdən xilas edə bilmişdi. Tək bu idimi? Təəssüf ki, yox! Onun milyonerə çevrilməsi üçün ilk dəstəyi də məhz mən vermişdim. Demə, belələrinin “çörəkləri” dizləri üstündə olurmuş. Zaman söylədiyimi bir daha təsdiq etmədimi? Ona geniş imkanlar yaradan xeyirxah insanların üzünə ağ olmadımı? Onun etdiyi yüzlərlə qanunsuzluğa, qazandığı on milyonlara güzəşt edib göz yumanlara qarşı “Susma” çağırışını etməyə “Quska” qalxmadımı? Təəssüf ki, onun çirkli pulları ilə bəslənmiş qoçuların kötəyinə dəfələrlə məruz qalmış binəva maymaqlar “Susma”- nın dınqıltılarıyla dingildəməyə başlayıb, sabiq “qoçubaşı”nın qəhrəman obrazını yaratmaq istədilər. Həmin qoçubaşı ki, bir zamanlar maymaq, satqın Əbdürrəhman Vəzirovun sifarişi ilə oturub-durdu Naxçıvandakı rusbaşların yardımıyla mənim də üstümə hücum etmək cəsarətinə düşsə də, layiqli cavabını alaraq 3-4 ay “rusbaş”lar tərəfindən gizlənilməyə məruz qalmışdı. Ancaq, təəssüf ki, Eynulla bunların tam əksini yazaraq, guya mənim anti-Əliyevçi olduğumu, bu səbəbdən də “Quska” –nın mənə hücum etdiyini ictimailəşdirmişdi.

Sirr deyil ki, “Quska” həm də uzun müddət Ziya müəllimlə dost münasibətlərində olmuş və onların birgə metal biznesləri tərəflərə milyonlarla gəlir əldə etməyə imkan vermişdi. Təbii ki, metal o zaman Dəmiryol Nazirliyinə rəhbərlik edən Z.Məmmədovun əlində kifayət qədər idi.

Eynulla ilə yenidən görüşdüyüm məkan hara oldu?

Son dəfə həbsxana həyatım 3 il 1 ay sürdü. Müxtəlif baxışlı, düşüncəli insanlarla görüşməli oldum. Həyat Eynulla ilə məni bir daha qarşılaşdırdı. Bu dəfə bağlı qapı arxasında- Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təxridxanasının (BİT) təqsirləndirilən şəxslərlə vəkillərinin görüşməsi üçün ayrılmış məkanın foyesində təsadüfən rastlaşdıq. Nəzarətçilərin etiraz etməsinə baxmayaraq Eynulla ilə səmimi görüşüb, ayaqüstü 5-10 dəqiqə dərdləşə bildik. O, “tezliklə azadlığa çıxıram, sənin işinlə ciddi məşğul olcağam. Bilirəm, tam günahsız həbs edilmisən”-deyərək, etiraf edirəm ki, məni bir xeyli ümidləndirdi.

Zaman-zaman Eynullanı “Millətim”də digər qəzetlərdən daha cəsarətli yazılarla müdafiə etmişdik. Düşündüm ki, bəlkə həbsxana həyatı onu tamamilə dəyişib, hadisələrə, insanlara daha obyektiv yanaşmağı qərarlaşdırıb. Amma yanılmışdım…

Eynullanın azadlığa qovuşması barədə xəbəri sevinclə qarşıladım. Ümumiyyətlə, kim saxlamağı bacarmadığımdan onun bir zaman yazdığı şər-böhtanla dolu yazıları çoxdan unutmuşdum. Məni yaxından tanıyanlar bilir ki, əlimdən heç bir zaman pislik gəlməyib, əksinə, imkanım daxilində hər kəsə yaxşılıq etməyə çalışmışam. İnsanlarla onların siyasi baxışlarına görə deyil, insani keyfiyyətlərinə rəğmən münasibətim olub.

7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən xüsusi sifarişlə Qaradağda yerləşən, məhbuslar arasında “cərimə müəssisəsi” adalanan 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap edildikdən sonra azadlıq barədə heç düşünmür, gündəlik qəbul etməli olduğum dərmanlardan imtina edib, yalnız həyatıma son qoymaq barədə düşünürdüm. Elə həmin məqsədlə cəzaçəkmə müəssisəsinə çıxmaq təklifini rədd edib, həmin müəssisənin cərimə təcridxanasının daimi sakininə çevrilmişdim. Kimdə bilməsə, Eynulla cərimə təcridxanası barədə kifayət qədər məlumatlı olmalıydı. Orada dünyadan təcrid olursan. Yalvarıb-yaxardıqdan sonra mütaliə etmək üçün bir kitab və yaxud köhnəlmiş qəzet verirdilər. Səhhətim günü-gündən pisləşsə də, özümü sırdırmır, təsadüfi hallarda həkimə müraciət edirdim. Ayağımda baş qaldırmış ağrı, şəkər xəstəliyindən əziyyət çəkməyim bəs deyilmiş kimi, ayağımda əmələ gəlmiş şişin qaralması halımı daha da pişləşdirmişdi. Təxminən 4 ay olardı ki, cərimə təcridxanasında saxlanılırdım. Açıq söyləyim, 12 saylı cəzaçəkmə müəssisəsinin sərt qanunlarıyla yaşamaq əzablı idi. Ara-sıra müəssisənin rəisi Avtandil Ağayev məni qəbul edir, müəssisənin yaşayış ərazisinə çıxmağımı məsləhət bilirdi. Etiraz edirdim. Sərt xarakterli A.Ağayevin həm də böyük ürəyi var idi. Nədənsə onun vəzifəsindən azad edilməsi xəbərini ürək ağrısı ilə qarşıladım. Pentiensiar Xidmətdə məhkumların sözün əsil mənasında islah edilməsi üçün çalışan müəssisə rəislərinin sayı çox təəssüf ki, həddən artıq azdır.

Günlərin birində məni növbəti dəfə cəzaçəkmə müəssisəsinin inzibati binasına apardılar. Düşündüm ki, yenə A.Ağayev məni dilə tutub, müəssisəyə köçürülməyə razı salmaq istəyəcək. Ancaq rəis müavininin kabinetinə aparıldıqda vəziyyətin xeyrimə olmayacağını, yəni təzyiqlə cərimə təcridxanasından çıxarılıb, müəssisənin yaşayış ərazisinə çıxarılacağımı təhmin etdim. Yanılmışdım. Rəis müavininin kabinetinə daxil olub, Eynullanı görərkən ürəyimdə hansı sevinc hisslərinin baş qaldırdığını təsəvvür edə bilməzsiniz. Həmin sevinci yaşamaq üçün öncə ən azı 4 ay dünyadan təcrid olunub, cərimə təcridxanasında əsil cəhənnəm əzabı çəkmək lazım idi. Axı Eynulla mənə söz vermişdi ki, azadlığa çıxınca mənim işimlə ciddi məşğul olacaq. Sevincim cəmi bircə dəqiqə çəkdi. Çünki artıq qarşımdakı Kürdəxanıda-Bakı İstintaq Təcridxanasında gördüyüm Eynulla deyildi. Soyuq baxışıyla, mənim xəstə görkəmimi süzüb, sanki bir xeyli sevinmiş kimi göründü. O, artıq mənimlə müstəntiq kimi danışırdı. Elə bil qarşısında kimsənin sındıra bilmədiyi, sınmaqdansa ölümü üstün tutan Ramiz Tağıyevin olduğunu unutmuşdu. Elə həmin an ona kimliyimi xatırlatdım. İntuisiyam məni heç bir zaman aldatmadığı kimi onda da aldanmadım. Eynulla xüsusi missiya ilə yanıma göndərilmişdi. Çox güman ki, kimlərsə mənim mövqeyimi öyrənərək, mənə yaxşılıq etmək istəyirdilər. Ancaq Eynullanı seçməkdə düzgün etməmişdilər. Elə mənim kimi. O, kimsəyə, eləcə də mənə yaşılıq edə bilməzdi. Mənimlə görüşün alınmaması naminə əlidən gələni etdi; Ramiz Tağıyev cəmiyyət üçün təhlükəli adamdır deyib, ondan cavab gözləyənlərə barəmdə həqiqətdən uzaq nələrisə söylədiyinə şübhəm qalmayıb.

Ömrüm boyu dəyişkən kişilərə nifrət etmişəm. Eynullanın bir az ara kəsimində kəskin dəyişməsi məni məyus etdi. Digər tərəfdən, yenidən mübarizə aparmaq üçün onun dəyişkənliyi mənə əlavə stimul verdi.

“Haqq ədalət uğrunda mübarizə aparacağıma əbədi andım var “

Əlbəttə, Eynulla və digərləri ilə ədavət aparıb, ömrümün qiymətli zamanını boş davalara sərf etmək fikrindən çox uzağam. İndi düşünürəm ki, mən ondan nə üçün yardım gözləməliydim? Eynullanın mənə olan münasibətinə görə, onun bu günkü fəaliyyətinə qiymət vermək fikrində də deyiləm. Əksinə, onun apardığı haqlı davaları alqışlayıram.

Son zamanlar Eynullanın məmur balalarının qudurğan əməlləri barədə yazdıqlarına mövqe bildirməmək, susqunluq nümayiş etdirməyi düzgün hesab etmədim. Axı onun yazdıqlarının həqiqət olduğuna dəfələrlə şahidlik etməli olmuşam. Qiyməti yüz minlərlə ölçülən avtomobillərin yarışmasını mənim kimi şəhər sakinləri dəfələrlə izləməli olub. Söhbət heç də avtomobillərinin qiymətindən getmir. Şəxsən mən ölkəmizdə hər kəsin zəngin yaşamasını arzulayanlardanam. Niyə də olmasın ki? İnkaredilməz sürətli iqtisadi inkişaf imkan verəcək ki, günlərin birində hər bir Azərbaycan vətəndaşı arzuladığı yaşayış səviyyəsinə yetişsin. Ancaq bu heç də o demək deyil ki, biz digərlərinin həyatına müdaxilə etməli, onları aşağılamalı, hərəkətimizlə, gündəlik yaşam tərzimizlə başqalarını narahat etməliyik. Axı nə üçün daima qalmaqallı hadisələrdə Nəqliyyat nazirinin oğlu Anarın və yaxud digər qohumlarının adı hallanmalıdır. Özü də faktlarla, sübutlarla.

Sıravi bir vətəndaşın övladı ”Polad Ələmdar”la yeyib-içib, sonra həmin epizodun kamerayla çəkilmiş görüntülərini mobil telefonlara ötürsə idi, bəlkə də bunu normal qarşılayardım. Burada da qəribə nəisə aramağına dəyməzdi. Ancaq nazir övladına bunu yaraşdırmaq bir az çətindir. Vəyaxud nazirin qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynarın bahalı avtomobillərini nümayiş etdirmək üçün “qaza” tam basması…

Eynulla haqlıdır, yazdıqlarına bu dəfə şübhə etmirəm. Xarakterinə az-çox bələd olduğum üçün onun haqlı olduğunu əminliklə qeyd edirəm. Əgər o, bir mövzunun üstünə təkrar-təkrar qayıdırsa, deməli haqlı olduğuna, əlinə keçmiş faktların dəqiqliyinə inanır. Məhz haqlı olduğu üçün Eynullaya dəstək verməyə çalışacağam. Mənim həyat kredom budur, haqq-ədalət uğrunda mübarizə aparmağa əbədi andım var.

Böyük prezidentin ətrafında cılızların qalması mümkünsüzdü!

Cənab İlham Əliyevin dünyanın ən cəsarətli və ləyaqətli prezidenti olduğu barədə dəfələrlə mövqeyimi bildirmişəm. Prezidentin Türkiyə Cümhuriyyəti ilə Ermənistan arasında sərhədlərin açılmasına qətiyyətlə etiraz etməsini kim unuda bilər ki? Yalnız bədxahlar, düşmənlər inkar edər ki, dünyanın süpergüclərinin planlaşdırdığı Türkiyə-Ermənistan sınırlarının açılmasının qarşısını Azərbaycan prezidenti İlham Əliyevin qətiyyəti almayıb.

Ölkə prezidenti bu günlərdə bir daha öz Böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Onun Çexiyanın paytaxtı Praqada Ermənistan prezidenti S.Sərkisyanı birmənalı susdurması damarlarında əsil Türk qanı daşıyan hər kəsi sevindirməyə bilməz. Açıq söyləyim, İlham Əliyevə təmənnasız rəğbətim var. Onun millətsevər siyasi kursu mənim üçün daha doğmadır. Özlərini bir zaman millətçi kəsimin nümayəndələri adlandıran, sonradan gah Rusiyanın ağuşuna atan ənənəvi müxalifətin sırasından nə zamansa İlham Əliyevə rəqib ola biləcəyini təsəvvür etmək belə istəmirəm.

Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi də məyus edir. Təəssüf ki, prezidentin uğurlarının kölgəsində öz qanunsuz hərəkətləriylə narazılıq yaradan bəzi məmurlar hələ də “iş” başındadır.

Həmin məmurların prezidentin söylədiyi kimi qudurğan övladlarının gündəlik yaşam tərzləri xalqda ikrah hissi oyadır. Ölkə prezidentinin və ailəsinin sadəliyi fonunda həmin təkəbbürlü məmurların qudurğan övladlarının qanunsuz əməlləri qəbuledilməzdir.

Əlbəttə, söylədiyimi bütün məmurlara və onların övladlarına şamil etmək düzgün olmazdı. Yüksək əxlaqa malik, Vətən və Millətsevər məmurların olduğunu kimsə inkar edə bilməz. Məhz elə ədalətli məmurların olmasına rəğmən mən bu gün sağ-salamat azadlıqdayam. Ölkəmizdə haqq-ədalətin bərqərar olmasına rəğmən bu gün ailəmlə, sevdiyim insanlarla birgə azadlıqdayam. Bu gün dünyanın bir çox bölgələrində və eləcə də regionumuzda baş verən qanlı hadisələrin fonunda sakit, sabit, hər gün uğurlara, yeniliklərə imza atan ölkəmizin misli görünməmiş inkişafında ölkə prezidenti başda olmaqla, onun komandasında təmsil olunan ləyaqətli məmurların müstəsna xidmətləri inkaredilməzdir. Ancaq bəzi məmurların harınlığı, övladlarının qudurğanlığı açıq-aşkar görünən, hər addımda hiss olunan uğurlara müəyyən qədər kölgə salmaqdadır. Belə neqativ halları ifşa edənlərə etiraz etmək yox, səhvləri etiraf edib, islah olunmaq məsləhətdir. “Görünən kəndə bələdçi lazım deyil”, deyiblər. Bu gün neçə sorğu keçirsək belə Nəqliyyat naziri və onun rəhbərlik etdiyi sahə barədə xoş sözlər, rəylər eşitmək çətin olacaq. Yol təsərrüfatı nə gündədir? Bunu xalq görmürmü? Milyonlar hesabına yollar bərbad hala düşür. Və yaxud dəmiryol xəttlərinin eyni hissəsində bir neçə ay müddətində bir neçə dəfə qəza baş verir. Kimsə cəzalandırılmır. Əlbəttə, cəzalandırıla bilməzlər də. Çünki, həmin sahələrdə çalışan məsulların böyük əksəriyyəti cənab Ziya Məmmədovun yaxın qohum-əqrəbalarıdır.

Dünyanın əksər ölkələrində ən yüksək əməkhaqqı alanlar nəqliyyat sahəsində çalışanlar olsalar da, Ziya müəllimin sayəsində hətta ölkəmizdə ən aşağı məvacib alanlar dəmiryol və yaxud digər nəqliyyat sahələrində çalışanlardır. Əvəzində isə, Nəqliyyat nazirinin əziz xələf qohum-əqrəbaları qiyməti yüz minlərlə və hətta milyonlarla ölçülən hərəkətdə olan, yəni saatda 240 km sürətlə şütüyən avtomobillərə, şütüməyib, məğrur-məğrur dayanaraq, ölkənin əksər məkanlarında hər kəsə meydan oxuyan villaların sahibidirlər.

Ortaya bir sual çıxır; indi kimdir günahkar, Eynulla, Elton yoxsa şütüyən və ya şütüməyən neçə-neçə daşınan, daşınmayan milyonlar?

Ramiz Tağıyev

LEAVE A REPLY