SOS: 70 uşaq təhlükədə, qəzalı bina, siçovul məskəni

0
4

Uşağın cəmiyyətlə, kollektivlə ilk tanışlığı bağçadan başlayır. Buna görə, uşaq bağçalarında təlim-tərbiyə, tədris, qidalanma xüsusi diqqət tələb edir. Övladımızı etibar etdiyimiz müəssisə uşağın təhlükəsizliyinə də cavabdeh olmalıdır. Doğrudur, özəl uşaq bağçalarında tədris, qidalanma, təhlükəsizliyin təminatı və digər bu kimi tələblərə əməl edilir. Amma bu müəssisələrin fantastik qiymətləri əhalinin yalnız kiçik bir hissəsi üçün əlçatandır. Deməli, əsas yük yenə də dövlət uşaq bağçalarının üzərinə düşür. Amma təəssüf ki, dövlət bağçalarının əksəriyyətində vəziyyət ürəkaçan deyil. Nisbətən təmirli bağçalarda rüşvət vermədən uşağı müəssisəyə qəbul etmirlər, başqa birində qidalanma normal deyil, digərində natəmizlik hökm sürür. Hətta bəzi bağçalarda uşaqlar qaçqınlarla eyni otaqları paylaşmağa məcbur olurlar. İllərdir təmir edilməyən binalar hər an uşaqların başına uça bilər.

Virtualaz.org saytı xəbər verir ki, belə bağçalardan biri -Xətai rayonu, Gəncə prospekti, 14 ünvanında yerləşir.

 

Burda hər gün yaşam uğrunda savaş gedir…

…Nə darvazası, nə də hasarı var. Bina müharibənin dəhşətini xatırladan xarabalığa bənzəyir. Dörd bir yanı tikinti materiallarının qalıqları, şüşə qırıntıları ilə əhatələnib. Uçub-dağılmış otaqlardan körpə səsi eşidilməyincə buranın uşaq bağçası olduğuna inanmaq çətindir.

188 saylı bağçanın 4 korpusunda məcburi köçkünlər məskunlaşıb. Yerdə qalan iki korpusda 70-dən çox uşaq qalır.

Dar, qaranlıq dəhlizdən keçib sağ tərəfdəki otağa giririk. Tavanı, döşəməsi uçmuş balaca otaqda təxminən 35-40 uşaq yatıb. Dərhal müəllimlər bizi əhatəyə alır. Adını açıqlamaq istəməyən müəllimə binada təmir işləri aparıldığını, buna görə də, 2 həftədən sonra gəlməyimizi məsləhət görür. Müəllimlərdən biri otağın küncündə qoyulmuş masada yemək hazırlayır.

Bir yandan üfunət iyi, digər tərəfdən yan otaqda aparılan təmirin tör-töküntüsündən nəfəs almaq çətindir. “Binanın yarısında qaçqınlar qalır. Bağça yalnız 2 korpusda yerləşir. Hacıbala Abutalıbov neyləsin, bağçanın təmirə ehtiyacı vardı. O da təmir etdirir. Müdirəmiz neyləsin, qaçqınları bağçadan çıxara bilməz axı”, – sual vermədən danışmağa başlayan müəllimə bizi otaqdan çıxarmağa çalışır.

Digər otaqlardakı pəncərələrin şüşələri qırılıb. Şüşə qırıntıları uşaqların istifadə etdiyi pilləkənlərə atılıb. Yaxınlıqdakı binaların tullantıları da bağçanın həyətinə atılır. Müəllimə tullantılara baxdığımızı görüb yenidən danışmağa başlayır: “Uşaqları hər gün təmiz havaya çıxarırıq. Burada gəzmələrinə icazə vermirik. Baxın, yaxınlıqda məktəb var, o məktəbin həyətinə aparırıq ki, orada oynasınlar”.

Qəflətən təmir olunan otaqdan çıxan plakatlar pəncərədən bayıra atılır. Fotoqrafın “ehtiyatlı ol” xəbərdarlığı ilə təhlükədən yayına bilirik.

 

“Bağça bağlansa, işsiz qalacaqlar”

“Yük maşını keçəndə bina titrəyir. Hər gün uşağı bağçaya qoyanda əlim ürəyimin üstündə gedirəm”, – bunu azyaşlı övladının arxasınca gələn valideyn Samirə Nəbiyeva deyir.

Onun sözlərinə görə, həyat yoldaşından ayrılandan sonra işləməyə məcbur olub: “Yaxınlıqda iki bağça vardı. Həm təmiri normal idi, həm də ərazisi təmiz idi. Həmin bağçaları əvvəl özəlləşdirdilər, sonra da söküb yerində bina tikdilər. Bu bağça evimizin yanındadır. Uşağa baxan yoxdur, mən isə onu saxlamaq üçün işləməliyəm”.

S.Nəbiyeva deyir ki, binanın təhlükəli olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət etmək istəyiblər. Amma valideynlərin şikayət təklifinə direktor “yox” deyib. “Nə müəllimlər, nə də direktor şikayət etməyimizə icazə vermədi. Dedilər ki, bağça bağlansa, işsiz qalacağıq. Hətta narazılıq edənlərə əsəbləşdilər. Neyləsinlər, hərə evinə bir parça çörək aparmağa çalışır”.

“Bəs uşağınızın təhlükəsizliyi sizi narahat etmir?” sualına “başqa əlacım yoxdur” cavabını alırıq.

 

“Tavan başımıza uçdu, bir uşaq yaralandı”

Bağça binasında 20-dək məcburi köçkün ailəsi məskunlaşıb. Bundan əlavə, həyətdə taxtadan evlər tikilib.

Binanın birinci mərtəbəsində tavan bir neçə yerdən çatlayıb. İkinci mərtəbədə isə yeni təmir işləri aparılsa da, tavanda iri çatlar əmələ gəlib.

Laçından məcburi köçkün düşmüş Vəzifə Şükürova deyir ki, ötən il tavan uçub və böyük oğlunun başına düşüb: “Ötən ilin yayında tavan uçdu, oğlum yaralandı. Buna görə də, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Binanın qəzalı vəziyyətdə olduğuna dair rəy verildi. Amma tavanın təmirinə köməklik edilmədi. Meriyanın Kamran adlı əməkdaşı dedi ki, ölüm olmayıb. Ölüm olsaydı, biz təmir edərdik. Məcburiyyət qarşısında özümüz təmir elədik. Amma artıq yeni çatlar yaranıb”.

70 azyaşlının, 20 ailənin yaşadığı binanın zirzəmisi kanalizasiya suyu ilə dolub. V.Şükürova deyir ki, bağçada təmirə başlayandan sonra siçovullar ətrafa dağılıb: “Bina qəzalı vəziyyətdədir. Biz öz hesabımıza kosmetik təmir etdiririk, amma heç 1-2 ay keçməmiş yenidən çatlar yaranır, döşəmə, tavan uçur”.

8 nəfərlik Şükürovlar ailəsi bir otaqda yaşayır. “Oğlanlarımı evləndirəndən sonra otağı taxta ilə 3 yerə bölmüşük. Hərəsinə yalnız çarpayı yerləşdirə bilmişik. Hər il köçürüləcəyimizi gözləyə-gözləyə artıq 20 ili yola verdik”.

Zəngilan rayonundan qaçqın düşən Zülfüşan Məmmədova isə deyir ki, 4 nəfərlik ailəsi ilə bir otaqda yerləşib: “Bizə dedilər ki, heç yerə şikayət etməyin, 2016-cı ilin yanvarında köçürüləcəksiz. Amma yanvardan indiyədək heç kim bizimlə maraqlanmayıb”.

 

“Taxta evlər alışsa, yanğının qarşısını ala bilməyəcəklər”

Bağçanın dörd bir yanında taxtadan evlər tikilib. Pəncərəsi, bacası olmayan evlərin içində hətta ağac da bitib.

“Yük maşınları keçəndə ev sirkələnir, başımıza uçacağından qorxuruq. Yoldan keçənlər siqaret çəkib kötüyünü yerə atırlar. Neçə dəfə biz gedib söndürmüşük. Adi qığılcım baş verərsə, hamısı yanacaq”, – bunu isə taxta evdə qalan laçınlı məcburi köçkün Yeganə Həsənova deyir.

Y.Həsənova deyir ki, oğlu, qızı, gəlini, nəvəsi bir otaqda məskunlaşıb: “Taxtadan tualet tikmişik, amma hamam yoxdur. Kişilər evdə olmayanda evin içində yuyunuruq. Bağçanın tozu, torpağı bizim evlərin içinə dolur. Təmir işləri aparılıb, baxın, bütün zibillər həyətə atılıb. Ətraf binalardan da bura zibil atırlar. Çünki nə darvaza var, nə də hasar”.

Taxta evlərdən birində əmək veteranı, 92 yaşlı Dürdanə nənə məskunlaşıb. “Bağçada yaşayan ailələr qeydiyyata alınıb. Bizə nə vaxt mənzil verəcəklər? Nəvələrim nəmişlikdən xəstəliyə tutulublar. 20 ildən çoxdur bu şəraitdə yaşayırıq”, – deyir nənə.

Beləliklə, zibilliklər içində itib-batan qəzalı bağçadan ayrılaraq Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsində yerləşən 278 saylı bağçaya üz tuturuq.

Bağçanın girəcəyindəki zibil tullantıları, pəncərələrə şüşə əvəzində taxta parçaları vurulması, ətrafdakı sahibsiz heyvanlar vəziyyətin digər bağçadan fərqli olmadığını göstərir. Ətrafda yaşayanlar deyirlər ki, zibil tullantıları vaxtlı-vaxtında daşınmadığından, ərazi sahibsiz heyvanların oylağına çevrilib. “Başa düşmürəm, valideynlər niyə etiraz etmirlər? Bura uşaq etibar etmək olmaz axı. Biz dəfələrlə şikayət etmişik. Uşaq bağçası deyil, təhlükə mənbəyidir”, – bağçanın yaxınlığında yaşayan Nurlan Qocayev deyir.

Zibil tullantıları bağçanın içərisinədək yayılıb. Lakin bağçaya daxil olub, baş verənləri öyrənmək cəhdimiz boşa çıxır. Direktorun yerində olmadığını, buna görə də, suallarımıza cavab verə bilməyəcəklərini deyirlər.

Qeyd edək ki, qəsəbədə 2 uşaq bağçası var. Hər iki bağçada məcburi köçkünlər məskunlaşıb. Buna görə də, qəsəbə sakinləri uşaqlarını bağçaya qoymaqda çətinlik çəkirlər.

Qəsəbə sakini Əhməd Rəhmanov deyir ki, bir yandan yer azlığı, digər yandan natəmizlik valideynləri çıxılmaz vəziyyətdə qoyub. “Digər ərazilərdə uşağı bağçaya qoymaq üçün pul istəyirlər. Rüşvət bir yana, yol pulu və vaxt tələb olunur. Buna görə də, bağçalardakı köçkünlərin evlə təmin edilməsini, işləyən aztəminatlı ailələrə şərait yaradılmasını tələb edirik”.

Nəsimi rayonunda yerləşən 146, 14, 95 saylı uşaq bagcalarında da məcburi köçkünlər məskunlaşıblar.

 

Köçkünlər köçürülməyəcək

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən sayta bildiriblər ki, hələlik uşaq bağçalarında məskunlaşan ailələrin köçürülmə prosesi dayandırılıb. Bağçalarda məskunlaşan ailələrin nə vaxt köçürüləcəkləri bəlli deyil.

Bakı Şəhər İcra Hakimiyyəti köçkünlərin köçürülmədiyini əsas gətirərək məsuliyyətdən yayınır. Təhsil Nazirliyi isə yalnız tədrisin keyfiyyətinə nəzarət etdiyini deməklə barmağını digər iki quruma tuşlayır. Uşaqların gələcəyinə, təhlükəsizliyinə cavabdeh olan qurumların reaksiyası isə vəziyyətin yaxın illər ərzində dəyişəcəyi ümidlərini puça çıxarır. Buna görə də, seçim yenə valideynlərin ixtiyarına buraxılır, qərar verərkən min dəfə düşünmək lazımdır…

Jalə

Fotolar Samirənindir

Virtualaz.org