Bakı məktəbində “zorlama hadisəsi”: gerçəklik, yoxsa şayiə?

0
7

Ötən gün 57 nömrəli məktəbdə zorlama hadisəsi barədə mətbuatda məlumat dərc olunub.

Nərimanov rayonunda baş verən hadisə ilə bağlı 18-ci polis bölməsinə zorakılığa mətuz qalmış uşağın valideyni, 1981-ci il təvəllüdlü Aynurə Kərimova (ad şərtidir) müraciət edib. İddiaya görə, onun 8 yaşlı oğlu elə həmin məktəbin şagirdləri olan 2000-ci il təvəllüdlü N.P və həmyaşıdı S.V tərəfindən zorlanıb.

Məktəb rəhbərliyi isə baş verənlərlə bağlı mətbuata heç bir açıqlama vermir. Hadisə ilə bağlı yerində məlumat almaq üçün sözügedən məktəbə yollandıq.

Bizi qapıda məktəbin adını çəkmək istəməyən xadiməsi qarşıladı. Niyə gəldiyimizi bilən kimi qəribə aqressiya ilə məktəbdə belə bir hadisənin baş vermədiyini və bunun uydurma olduğunu dedi. Məktəbin direktoru ilə görüşməyimizin mümkün olmadığını deyən xadimə təkrar-təkrar belə hadisənin olmadığını vurğuladı:

“Direktorun yanında adam var, direktor müavini də məktəbdə yoxdur. Sizi heç kimlə görüşdürə bilmərəm”.

Nə direktorla, nə də direktor müavini ilə görüşümüz mümkün olmadı. Xadimə telefonla əlaqə saxlayıb jurnalist gəldiyini bildirsə də, biz məktəbə buraxılmadıq.

Məktəbin şagirdləri də hadisə ilə bağlı məlumatsız olduqlarını deyirlər. Söhbətləşdiyimiz şagirdlərdən biri bildirdi ki, bir neçə gündür dərsə gəlmir, ona görə də, heç nə eşitməyib.

Yaxınlıqdakı mağazalardan birinin satıcısı da bildirdi ki, belə hadisənin olması barədə heç nə eşitməyib.

 

Virtualaz.org