Bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə maraqlı dəyişikliklər edilir. Bu barədə hüquqşünas Ərşad Hüseynov məlumat verib.
Ekspert dəyişiklikləri ümumi şəkildə “mini amnistiya” adlandıraraq onların qüvvəyə minməsindən sonra yüzlərlə adamın cinayət məsuliyyətindən və cəzadan azad olunacağını, bəzilərinin cəzasının xeyli yüngülləşəcəyini, bəzilərinin isə cəzadan azad olunmaq şansı qazanacaqlarını bildirib:
“Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır (30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaq). İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq. Ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri qaldırılıb. Məsələn, əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq”.
Ə.Hüseynovun sözlərinə görə, yeni dəyişikliklər həm də cinayət məsuliyyətindən azad olma imkanlarını da genişləndirir. Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.).
“Bununla belə, bəzi əməllərin sanksiyası da sərtləşir, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılır. Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlb etmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırırlır. Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq (məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 2000 manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 4000-8000 manat cərimə olunacaq)”.
Hüquqşünasın sözlərinə görə, bundan sonra cibgirlərin də işi ağaırlaşacaq. Cibgir 100 manatdan çox talayarsa, 3-7 il azadlığını itirə bilər. Əvvəllər isə buna görə maksimum 2 ilədək azadlıqdan məhrum etmə ilə canını qurtara bilərdi.