“Şagirdləri bu qədər yükləmək olmaz!” – Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı

0
7
““Ümumi təhsil haqqında” qanun layihəsi ciddi və vacib sənədddir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz!”. 
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib. O bildirib ki, bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq:
“Çünki əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz”.
S.Novruzov söyləyib ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar:
“Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”.
Deputat çıxışı zamanı yeni məktəblərin tikilməsi məsələsinə münasibət bildirib:
“Yeni məktəblər tikilməlidir. Amma harada? Elə ərazilər var ki, orada çoxlu sayda məktəblər var. Amma həmin məktəblərdə 3 uşaq oxuyur. Bunun həlli var. Kanadada, ABŞ-da kənar yerlərdə yaşayan uşaqları avtobusla məktəbə gətirirlər. Bizdə də bu tətbiq edilə bilər”.
Deputat özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxunub. O deyib ki, kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur:
“Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir”.