Gənc jurnalist, Kanal13-ün Xəbərlər Departamentinin rəhbəri İsmayıl İslamoğlu Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazıb. O, bir neçə gündür təhdidlərə və təziqlərə məruz qaldığını qeyd edib. Gənc jurnalistin sosial şəbəkədə yazdığı açıq məktubu olduğu kimi sizlərə təqdim edirik:
“Mətbuat Şurasının sədri Cənab Əflatun Amaşova açıq məktub! Əflatun bəy, siz öz çıxışlarınızda daima Azərbaycan mətbuatının və jurnalistlərinin yanında olduğunuzu qeyd edirsiz. Nəzərinizə çatdırım ki, bir gənc jurnalist olaraq, son zamanlar üzərimə olan basqılar artmaqdadı. Bu azmış kimi, dünəndən təhdid olunuram. Mətbuatın azad olduğunun iddia edildiyi bir ölkədə, jurnalist yazdığı yazılardan dolayı, hər cür təziqlərə və təqiblərə məruz qalır. Siz isə buna reaksiya vermirsiniz, cənab Amaşov! Nəzərinizə çatdırmaq istədirdim ki, keçən ilin sonlarında evimin önündə iki şəxs tərəfindən başımdan küt alətlə vurularaq, xəsarət aldım. Təəssüflər olsun ki, kiçik bir oğurluq hadisəsinin üstünün açıldığı bir ölkədə, jurnalistin vurulması kimi böyük bir olayın üstü hər cürə cəhdlə ört basdır edildi. Ortada kamera görüntüləri, arxamca gəlib məni izləyən iki nəfərin video faktlarının olmasına baxmayaraq! İndi isə bu hadisəni bu və bu kimi yollarla təkrarlamaq istəyirlər. Mətbuat Şurasının sədri olaraq, bu məsələyə biganə qalmayaraq, tədbir və ölçü götürəcəyinizi gözləyirəm və buna ümidvaram! Hörmətlə, İsmayıl İslamoğlu!”
Qeyd edək ki, İsmayıl İslamoğlu 2005-ci ildə güllələnərək qətlə yetirilən Elmar Hüseynovun yaxın qohumu və hüquqi davamçısıdır.