Düz on il onların dələduz olduğunu yazırdım…

0
6

Ramiz Tağıyev

Düz on il onların dələduz olduğunu yazırdım…

MTN-də baş verənlər Stalinin “37”-i repressiyasından daha dəhşətli idi.

(Əvvəli ötən saymızda)

Hər gün təqib olunduğumu hiss etməyə bilməzdim. Bu işi də elə qeyri-peşəkarlıqla edirdilər ki, içimdə gülür, digər tərəfdən də dövlətimizin halına acıyırdım. Axı, belə naşılarla uğura getmək mümkün deyildi…
Günlərin birində isə dələduzlar artıq hücuma keçdi. Bizə qonaq gəlmiş qızım və kürəkənim evlərinə qayıdarkən qarşıları kəsilərək, ölümlə hədələndilər. Səsimizi ucaltsaq da, təəssüf ki, hər kəs Eldar Mahmudovun üstümüzə göndərdiyi terrorçulardan ehtiyat etdi. Məhz həmin gün sarsıntı keçirmiş qızımın ürəyində ciddi problem yarandı. Nəticədə ağır ürək əməliyyatına məruz qaldı. Bizi təqib edən, hədələyənlərin azğın sifətləri isə əbədi olaraq yaddaşımıza həkk olub.
Mənimlə görüşən, salamlaşan hər kəs nəzarətə götürülürdü. Dələduz “çekist” İlqar Əliyevin birbaşa göstərişiylə digər kürəkənim çalışdığı telekanaldan uzaqlaşdırıldı. Bu günə qədər də işə qəbul edilmək üçün müraciət etdiyi bütün müəssisələrdən rədd cavabı almaqdadır.
Bir zaman rəhbərlik etdiyim rayonda polis rəisi olmuş Faiq Əhmədovdan da MTN repressiyası yan keçmədi. Özü Dəmiryol İdarəsində, oğlu Ruslan isə MTN-də tutduqları vəzifələrindən azad edildilər.
Sırada ailəvi dostluq münasibətində olduğum iş adamı Eldar Əliyev də varmış. Onun başına gətirilmiş müsibəti təsəvvür etmək belə dəhşətlidir. Eldarı hətta azyaşlı övladının öldürüləcəyi ilə təhdid edirmişlər. “Millətim”in ötən saylarından birində E.Əliyevin 4 fevral 2010-cu il tarixində, saxlanıldığı MTN-nin İstintaq Təcridxanasından ölkənin rəsmi strukturlarına, hüquq müdafiəçilərinə ünvanladığı müraciət təkrar işıq üzü görsə də, mən, həmin müraciətin üzərində təkrar dayanmaq istəyirəm. Belə ki, Eldar misli görünməmiş mənəvi işgəncələrə məruz qoyularaq, barəmdə ağlasığmaz ifadələr verməyə məcbur edilmişdi Xatırladım ki, Eldar sıradan biri deyil, YAP-ın tanınmış simalarından, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və bacarıqlı iş adamıdır. Diqqət yetirin, tanış olun və özünüz qiymət verin, Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-də baş vermiş cinayətlərə!
Məlum müraciətdə E.Əliyev yazır: “Məni bu müraciəti etməyə vadar edən səbəb ailə üzvlərimin, əsas etibarı ilə 13 yaşlı oğluma terror təhlükəsi olduğuna görə gəldiyim nəticədir. Belə ki, MTN-nin özünü Adil kimi qələmə verən əməkdaşı onun istintaqla heç bir əlaqəsi olmadığı halda 02 fevral 2010-cu ildə, axşam saat 17-18 radələrində məni dindirmiş, məndən qanunsuz tələblər etdikdən sonra, mənim kompyuterimdən qanunsuz olaraq, oğurluq yolla götürülmüş və 13 yaşlı oğlumun qitara çalmaq klipini mənim yadıma salaraq belə bir ifadə işlətdi ki, “o uşaq çox gözəl, şirin uşaqdır, sən bir ata kimi kimi yaxşı fikirləş”. Bu mənim övladıma təhlükə olması barədə mənə verilən açıq mesaj idi və mən 3 ay haqq-ədalət gözlədiyimdən artıq dözə bilmədim və bu müraciəti verməyə məcbur oldum.”

MTN Eldar Əliyevdən nə istəmişdi?
Hüquq müdafiəçiləri onun müraciətinə nə üçün diqqət yetirmədilər?

E.Əliyevin azyaşlı övladının həyatına təhlükə yarandığına qətiyyən şübhə etmirəm. Qeyd etdim ki, daha öncə qızıma və ailəsinə təzyiq edilmişdi. Xatırladım ki, həmin zaman azyaşlı nəvəm də dəhşətli hadisəyə şahidlik etməli olmuşdu.
E.Əliyevin MTN-ə dəvət edilməsinin digər bir səbəbi isə onun iş adamı olmasıyla bağlı idi. Dələduz “çekist”lər həm də külli miqdarda gəlir əldə etmək istəklərini gizlətməyiblər. Müraciətində o, vurğulayır ki, 2009-cu ildə Abşeron rayonu ərazisində yerləşən bahalı obyektini maddi problemləriylə bağlı satıbmış: “Bundan bir qədər sonra məni MTN-ə çağırdılar və məndən müxtəlif sorğu-suallar etdikdən sonra, məni vəkillə təmin etmədikləri halda, mənə hədə-qorxu gələrək, ailə üzvlərimi itirəcəyim və uşaqlarımın familiyaları dəyişdirilərək başqa familiyalarla uşaq evlərinə veriləcəyini və mənim bir daha onları görməyəcəyimi bildirdilər. Mən məcbur qalıb onlar nə istədilər onu yazdım. İlk əvvəl məndən tələb olundu ki, mən Nəqliyyat nazirinin guya səsini yazıb onu şantaj edəcəyimi təsdiqləyim. Bunu yazdıqdan sonra mənim haqqımda 2 aylıq həbs qətimkan tədbiri seçildi və mənim istintaqımı Respublika Prokurorluğu apardığı halda, məni qanunsuz olaraq MTN-nin İstintaq Təcridxanasına saldılar. İstintaq Təcridxanasında məni qanuna ziddi olaraq MTN-nin özlərini Adil və Ramiz kimi qələmə verən işçiləri gündəlik olaraq dindirir və mənə bildirirdilər ki, onların istədiklərini deməsəm, mən Vətən xaini kimi qiymətləndiriləcəm və bütün əmlakımı itirməklə ailədən də məhrum olacam”.
Sözün düzü, MTN-də baş verən dəhşətlər məni bir o qədər qorxutmurdu. Valideynlərim ötən əsrin “37” repressiyasından çox söhbət açmışdılar. Bir az, necə deyərlər, qiyabi olsa da tanışlığım var idi. Ancaq bir məqam məni hədsiz narahat edirdi. Axı, “37”-i repressiyasında onlara müsibət yaşadan əsas simalar markaryanlar, qirqoryanlar olmuşdularsa, indi “sapı özümüzdən olan balta”ların əzəli düşmənlərimizi xatırlatmalarına dözmək hədsiz çətin idi…
E.Əliyevin müraciəti həm də özlərini hüquq müdafiəçisi adlandıran Çingiz Qənizadə və Leyla Yunusa da ünvanlanmışdı. Nədənsə onlar da susmağa üstünlük vermişdilər.

Bədnam “dinləmə əməliyyatı”nı kimlər uydurmuşdu?
Nəqliyyat naziri Ziya Məmmədov nə üçün susdu?

Ötən əsrin 37-ci ilində atamın ailəsi Ordubaddan, anamgil isə Culfadan sürgünə göndərilmişdilər. Atam Yusifin 13, anam Fatimənin isə cəmi 7 yaşı varmış. Tale onları uzaq Qazaxıstan çöllərində qovuşdurub. Hər ikisi söyləyirdi ki, düz 39 gün mal vaqonunda yol getməli olublar. Özü də eşitdikləri bu olub ki, qatar sonda hansısa okeana düşəcəkmiş. Azyaşlıların hansı hissi keçirdiklərini təsəvvür etmək çətin deyil.
Dostum Eldarın MTN-də yaşadıqlarını indi anlayışla qarşılayıram. O da ailəsini, övladını itirmək təhdidiylə üzləşibmiş: “MTN işçiləri məndən mənim evimdə olan sənədlərim və şəxsi kompyuterimdə olan informasiyaları soruşduqda mənə aydın oldu ki, onlar qanunsuz olaraq ailə üzvlərim evdə olmayanda mənim evimə girmiş, evimdə saxladığım sənədlərin surətini çıxartmış və kompyuterimdə olan, biznesimə aid olan bütün informasiyaları əldə etmişlər. Belə şantajdan sonra mənə bildirildi ki, mənim azadlığımın yeganə yolu onları maraqlandıran şəxsin tutulmasında onlara yardım etməyim ola bilər. Mən ağır təhqirlərə, həyat yoldaşımın həbsi təhlükəsi və uşaqlarımı itirəcəyimə görə razılaşdım”.
Bəli, MTN-nin bütün qanunsuzluqları, cinayətləri (əlbəttə, bu MTN-dəki ləyaqətli əməkdaşlara qətiyyən aid deyil-R.T) mənim –bəndəniz Ramiz Tağıyevin həbs edilməsinə yönəldilmişdi. Səbəbsiz deyildi, mən, onların bu gün artıq ölkəyə məlum olan qanunsuz əməlləri, zorbalıqları, reketlikləri, rüşbətxorluqları və bir çox digər dələduzları barədə faktlara söykənən, həqiqətləri qələmə alırdım. MTN-nin fəaliyyətinin sözün əsil mənasında məcrasından çıxması dövlətçilikdən kifayət qədər anlayışı olan bir vətəndaş kimi məni narahat etməyə bilməzdi. Bu mənada dostlarım-məni meydanda tək buraxmayan dəyərli və cəsarətli qələm sahibləri Fərəməz Novruzoğlu, Sərdar Əlibəyli, Əvəz Zeynallı və Elxan Şükürlüyə xüsusi olaraq minnətdaram. Fərəməz və Elxana MTN-ə çağırılaraq xəbərdarlıq da edildi.
E.Əliyev müraciətində qeyd edir ki, onu tam əsassız olaraq Nəqliyyat naziri Ziya Məmmədovu dinləyib, şantaj etməkdə suçlayıblar. Burada xatırlatmaq yerinə düşərdi. E.Əliyev MTN-ə dəvət edilməmişdən bir müddət öncə “Yeni Müsavat” qəzetində kimlərinsə Nəqliyyat nazirini gizli dinləməsi barədə məlumat yayılmış və hətta dinləmənin audioyazısının da həmin qəzetə təqdim edildiyini açıqlamışdı. Maraqlı informasiya idi… Əslində həmin məlumat Z.Məmmədovun vurulmasına xidmət göstərirdi. Belə ki, məlum yazıda qeyd olunurdu ki, Nəqliyyat naziri öz yaxın çevrəsi ilə gizli müşavirə keçirib və onlara müxalifətlə, xüsusi olaraq müxaliifətyönlü qəzetlərlə əlaqə yaratmaq barədə göstəriş verib. Yazı açıq-aşkar xüsusi “mətbəxt”də hazırlanmış dezinformasiyaya bənzədiyindən, əhəmiyyət verməmişdim. Bu, eyni ilə digər qəzetlərdən birində “Əbubəkr” məscidinin guya DİN əməkdaşları tərəfindən partladılmasına işarə vuran dezinformasiyanı xatırlatmışdı. F.Novruzoğlu həmin məqamı dərhal tutduğundan və hansı “mətbəxt”də hazırlandığını bildiyindən MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin reket mətbu şəbəkəsini ifşa edən tutarlı, hədəfə dəyən cavabını ortaya qoymuşdu.
“Yeni Müsavat”ın dezinformasiyasının həbsimə hazırlıq xidməti göstəməsini ağlıma belə gətirməmişdim. Yalnız həbs olunduqadan sonra həmin qəzetin həbsimi sevinclə qarşılayıb, hətta neçə il həbsə məruz qalacağım barədə xəbər yayımlamasından sonra ssenarinin necə və kimlər tərəfindən yazıldığını müəyyənləşdirə bildim. İstintaqdan dəfələrlə tələb edib, qeyd olunan audioyazının-kasetin ortalığa çıxarılmasını istəsəm də, bu baş vermədi. Təbii ki, baş tutmayacaqdı, çünki nə gizli müşavirə keçirilmişdi, nədə ki, “dinləmə əməliyyatı” olmuşdu. Əslində, MTN-nin dələduz “çekist”ləri Z.Məmmədovu özləri şantaj edib, çox güman ki, milyonlar əldə etməyi planlaşdırıbmış…

Prokurorluq MTN-nin dələduz “çekist”lərinin bütün qanunsuz əməllərinə göz yumdu…

Bəli, MTN-nin İstintaq Təcridxanasında zülm çəkən E.Əliyevin səsinə səs verən tapılmadı. Bütün müqəddəs qanunları tapdaq altına salan harınlamış “çekist”lər gün-gündən daha da azğınlaşır, yeni cinayətlərə imza atmaqdan əsla çəkinmirdilər. Məqsədləri həm külli miqdarda rüşvət almaq və mən cəzalandırmaqdan ibarət idi. Bu barədə E.Əliyev məlum müraciətində yazırdı: “MTN məndən tələb edirdi ki, mən, 12 il ailəvi dostluq münasibətində olduğum “Millətim” qəzetinin əməkdaşı, jurnalist Ramiz Tağıyevin üzünə durum ki, onu həbs edə bilsinlər. Ramiz Tağıyev daimi olaraq MTN-nin apardığı belə çirkin oyunlardan geniş yazdığına görə MTN onu cəzalandırmağı mənim vasitəmlə qanunsuz olaraq həyata keçirmək istəyir. Hazırda mən, istintaqa 3 müxtəlif, bir-birini inkar edən ifadələr vermişəm ki, bunların da hamısı tam yalan və iftiradır. Bu ifadələrin hamısı məndən təzyiq altında alınır. Hal-hazırda mən İstintaq Təcridxanasında saxlanılıram, lakin ailəm böyük təhlükə altındadır, onların təhlükəsizliyinə heç bir zəmanət yoxdur”.
İlahi, nələr baş verirmiş?! İki ali təhsil almış ziyalıya, onun günahsız ailəsinə müsibətlər yaşatmaq təhlükəsizliyimizdən sorumlu olan “çekist”lərə yaraşırdımı? Düşünürəm ki, yeganə yol məni MTN-ə dəvət edib, onları nə üçün tənqid etməyimin səbəbini sorğulamaqdı. Əlbəttə, bundan yayınırdılar, çünki yazdıqlarımın inkaredilməz faktlara söykənməsi dələduz “çekist”ləri rahatsız etmişdi.
Təəssüf ki, istintaq orqanı-Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi dələduz “çekist”lərin köləsinə çevrilmiş, onların verdiyi bütün qanunsuz göstərişlərin fərqinə varmadan icraçısı olmuşdu. Yoxsa, istintaq orqanının başı üstündən təqsirləndirilən şəxsi tam qanunsuz olaraq MTN-nin ayrı-ayrı kabinetlərinə sürükləyib, hədə-qorxu ilə bir-birini təkzib edən müxtəlif ifadələr almaq mümkün olardımı? Əfsuslar olsun, “ölkədə MTN-nin qarşısına çıxa biləcək kişi yoxdur” ultimatumunu verən dələduz “çekist”lər taleyimizi sanki hərraca çıxarmış kimi görünürdülər. Ağıllarına gələn ilk cinayət maddəsini irəli sürür, bir neçə ay onunla bizləri ağır cinayətdə suçlamağa çalışır, alınmadıqda isə dələduz falçılartək yenidən kitaba əl atırdılar.
Burada E.Əliyevin müraciətinə bir daha diqqət yetirmək lazım gəlir: “Məni günahlandırırlar ona görə ki, mən, bir il bundan qabaq rəsmi bank köçürməsi ilə, sərhəd xidmətinin razılığı və gömrük orqanının rəsmi bəyənnaməsi ilə aldığım şəxsi təhlükəsizlik cihazları guya ki, qanunsuzdur. Poçtla aldığım və bütün rəsmi sənədləşməsi olan bağlamanın üstünə də bir ədəd heç mənə aidiyyatı olmayan və sənədlərdə göstərilməyən başqa bir əşya da qoyub məni hədələyirdilər ki, bu əşyanı da boynuma alım ki, mənimdir və təsdiq etməliyəm ki, guya bu əşyalar vasitəsilə mən, R.Tağıyevlə hansısa dövlət obyektinə girib, sənəd oğurlamağı planlaşdırmışıq. Tam absurd və heç bir əsası olmayan belə ittihamla mən həbsdə saxlanılır, ailəm isə təzyiq altındadır.”
Göründüyü kimi dələduz “çekist”lər bizi Vətənə xəyanətdə günahlandırmaq istəyirmişlər. Guya biz hansısa nazirlikdən sənəd oğurlayıb, xaricə ötürmək istəyirmişik. Dələduz və bir qrup şərəfsiz “çekist” özləri ilə bizi səhv salmaq istəyirmişlər. Axı, məni tanıyan hər kəs yaxşı bilir ki, ömrüm boyu pul hərisi olmamışam. Müxtəlif rəhbər vəzifələrdə çalışsam da, nə malım, nədə ki mülküm olub. Dələduz “çekist”lər nə qədər araşdırsalar da, yaşadığım kirayə mənzildən savayı heç nə aşkar edə bilməmişdilər. İndi sıra sizdə, cənab Eldar Mahmudov!!! Özünüz və ətrafınıza topladığınız “OBXSS”-lərdən ibarət reket dəstənizin topladığı milyonların, milyardların hesabını millətə verin! Dəyəri milyonlarla ölçülən villaları kimlərin canı, qanı bahasına ərsəyə gətirdiyinizin hesabını vermək sırası sizdə!

Növbəti “cinayət”im nə imiş?

Eldar Əliyev gözəl dost, yaxşı insan, dəyərli ziyalıdır. İndi, onun harada olmasından da məlumatım yoxdur. Sona qədər tab gətirməsə də, Eldarı qınamaq fikrindən çox uzağam. İnsan balasıyla, ailəsiylə təhdid olunmuşdu. Onun dövlətçiliyimizə olan inamını sındırmışdılar. Yaxşı olar ki, bu barədə elə onun öz dəsti-xətti ilə yazdıqlarına diqqət yetirək: “Mən bu günə qədər MTN-i dövlətimizin və millətimizin təhlükəsizliyinin keşiyində duran bir qurum kimi tanımışam. Onun fəaliyyətinə hörmətlə yanaşmışam. Orada işləyən oğul və qızlarımız yüksək əqidə, ləyaqət, ədalət sahibləri olmasına inanmışam və bu həqiqətən də belə olmuşdur. Lakin, indi bu təcridxanada mənim başıma gətirilən faciələrdən görürəm ki, MTN artıq öz fəaliyyətində dövlətimizi, millətimizi hörmətdən salan, qanunsuz olaraq vətəndaşlarımıza problem yaradan bir təşkilata çevrilir. MTN-nin bugünkü fəaliyyətinin istiqaməti dəyişilib, xoşagəlməz məcraya yönəlməkdədir. Mən, bəyan edirəm ki, mənə verilən ittihamlarla əlaqədar nə hörmətli Nəqliyyat naziri, cənab Ziya Məmmədovun, nədə “Millətim” qəzetinin əməkdaşı Ramiz Tağıyevin bu işlərlə heç bir əlaqəsi yoxdur.”
Görünən odur ki, dələduz çekistlər Z.Məmmədovun əleyhinə işləyə biləcək ifadələr almağa da cəhd göstəriblər…
Uğursuzluq, bədnam “dinləmə əməliyyatı”nı sübuta yetirməmək dələduz “çekist”ləri ruhdan salmamışdı. Necə deyərlər, bəxtlərini bir daha sınamağı qərarlaşdırıb,növbəti fitnəyə əl atmışdılar. Dostum Eldar azmış kimi, bu dəfə bacıoğlumu üzümə durdurmağa “səy” göstərdilər. Bu barədə E.Əliyev açıq-aşkar yazırdı: “Diqqətinizə çatdırıram ki, Ramiz Tağıyevi mənim əlimlə qanunsuz yazdırılmış və video çəkiliş aparılmış ifadələrlə qanunsuz həbs etmək üçün əvvəlcə məni məcbur etdilər ki, mən onun bacısı oğlu Akif Səfərovdan şikayət edim ki, guya mənə olan 65 min dollar borcunu qaytarmır, dələduzluq edir. Halbuki, həmin borc notarial qaydada təsdiq olunmuş rəsmi müqavilə ilə verilmişdir.Borcun son ödəmə müddəti 2010-cu ilin sentyabr ayındadır (qeyd edim ki, Eldar və Akif həbs edildikdə borcun ödənilmə müddətinə 11 ay qalırdı-R.T). Hətta bu hərəkət dələduzluq olsa belə, bunun MTN-ə nə aidiyyatı vardır?”
Görürsünüzmü, dələduz “çekist”lər artıq E.Əliyevi “zərərçəkmişə” çevirib, növbəti çirkin planlarını həyata keçirmək istəyirlər. “Zərərçəkmiş” isə etiraf edir ki, Akiflə bağladığı borc müqaviləsi tam qanuni olub. Hətta, həmin müqavilə barədə mənim məlumatsızlığımı təsdiq edən sənəd-sübutlar ortaya qoyulsa da, MTN-nin buyruq quluna çevrilmiş istintaq orqanı və məhkəmə məni, guya borc əməliyyatına xeyir-dua verən kimi dələduzluqda suçlamağa nail oldular. Bəli, bu açıq-aşkar qisas idi, belə ki, mən dəfələrlə MTN-nin bir qrup cinayətkar əməkdaşı barədə öz yazılarımda dələduz “çekist”lər ifadəsini işlətdiyimdən, onlar öz layiq olduqları adı mənə qoymaq istədilər. Beləliklə, ittiham olunduğun maddələrə biri də əlavə olundu. Ancaq bu da son deyilmiş…

MTN-ə toplaşmış naşı, savadsız “çekist”lərin fəaliyyəti Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı məşhur personaj Qorodovoy Kərbəlayı Zalı xatırladırdı
Düşünürəm ki, Kərbəlayi Zal barədə uzun-uzadı söhbət açmağa ehtiyac yoxdur. Bircə onu xatırlatmaq istəyirəm ki, ömrünün iyirmi beş ilini polis idarəsində xidmətə sərf etmiş məlum personaj, ömründə bir dəfə vəzifə borcunu yerinə yetirmək üçün qarpız çuvalında bomba gizlədildiyini düşünərək haray çəkir: “Vot Potap, bomba rabatay!.. Dom Feyzulla bomba prinesom!”
Eldar Mahmudovun “OBXSS” komandasının Kərbəlayi Zaldan heç nə ilə fərqlənmədiyini aşkar etmək üçün E.Əliyevdən bir daha sitat gətirməli oluram: ”Bildirirəm ki, məni həbs edərkən təsisçisi və rəhbəri olduğum idarənin adında “yol” ifadəsi olduğuna görə, əvvəl elə başa düşdülər ki, (burada Eldar Əliyevə etirazım var; başı olmayanlar necə başa düşə bilmədilər ki-R.T) mən Nəqliyyat Nazirliyinin işçisiyəm və sonradan məhkəmənin həbs qərarında göstərilirdi ki, guya mən, Nəqliyyat Nazirliyində iclasda iştirak edib, nazirin səsini yazıb, sonra onu mətbuata verəcəkdim. Sonradan məlum olanda ki, mənim müəssisəmin Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur, bu versiyadan əl çəkməyə məcbur oldular”.
Bax, bu idi “OBXSS”-lərin “peşəkarlığı”. Onların Kərbəlayi Zallıqlarından-özlərinin işgüzar obrazlarını yaratmaq istəkləri səbəbindən indi onlarla günahsız insan günahsız olaraq həbsxanaların uzunmüddətli sakinlərinə çevrilib.
Bakı İstintaq Təcridxanasında saxlanıldığım zaman, səhv etmirəmsə, Elçin Süleymanov adlı bir məhkumla bir neçə dəqiqəlik söhbətim oldu. Yanılmıramsa, günahsız məhbuslardan biridir. Naşı “çekist”lərin-Kərbəlayi Zalların günahsız qurbanlarından biri sayıla bilər. Gərək ki, həbs olunana qədər Havalimanının Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Sabiq nazir Eldar Mahmudovun “gül” oğlunun ölkəyə bahalı “Vertu” mobil telefonlarını qanunsuz idxal etməsindən hardasa söhbət açıbmış. Cəzası çox sərt olub-Vətənə xəyanətdə suçlanaraq, uzun müddətə həbsxanaya “ezam” edilib. MTN-də məruz qaldığı dəhşətli işkəncələrdən söhbət açdıqca təəccüblənmədim. Çünki həmin işkəncələrin acısını bu gündə yaşamaqdayam.
E.Süleymanov söhbət açırdı ki, ona şər-böhtan atıldıqda, yalvarıb-yaxarıb, Prezidentin Şəxsi Mühafizəsinin rəisi, general Bəylər Əyyubovla əlaqə saxlamaq imkanı yaratsınlar. Səbəbini belə izah edirdi ki, “mən ölkədə prezidentə ən sadiq məmur kimi, general Bəylər Əyyubovu tanımışam. Məhz həmin səbəbdən də, generalla əlaqə saxlayıb, xahiş edəcəkdim ki, günahsız olduğumu ölkə prezidentinə çatdırsın. Əvəzində isə general B.Əyyubovun da ünvanına təhqiramiz ifadələr eşitdim.”
Əlbəttə, bu E.Süleymanovdan eşitdiklərimdir. Bilirsiniz, nə üçün sabiq təhlükəsizlik xidməti əməkdaşına inanmaq istəyirəm?!
Onda gəlin, bir daha E.Əliyevin müraciətinə nəzər salaq və MTN-də dövlətin nüfuzlu rəsmilərinin əleyhinə necə ifadələr almaq istəklərinə şahidlik edək: “Məndən tələb olunur ki, mən Ramiz Tağıyevin guya Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri, cənab Əli Həsənovla mütəmadi görüşməsini təsdiq edim.
Digər tərəfdən məndən tələb olunur ki, Daxili İşlər naziri, cənab Ramil Usubovun bu yaxınlarda başqa bir bacısı oğlunu polis orqanına işə götürməsi faktına istinad edərək təsdiq edim ki, Ramiz Tağıyev guya Ramil Usubovla mütəmadi telefon əlaqəsi saxlayır və yüksək dostluq münasibətlərindədirlər.”
Təbii ki, heç bir əsası olmayan informasiyalardır. Əgər mənim belə əlaqələrin olsa idi, “OBXSS”-lər əllərində olan imkanlardan istifadə etməklə, şəkillər çəkər və yaxud telefon danışıqlarını ortaya çıxarardılar. E.Əliyevdən zorakılıqla belə ifadələr almaq cəhdləri, yalnız adları qeyd edilən məmurların şantaj edilməsinə hesablanıbmış.

LEAVE A REPLY