Müsavatın seçkidən imtina bəhanələri inandırıcı qarşılanmır
alt=”Ramiz Tağıyev: "Ya seçkiyə əvvəldən gedilməməli, ya da sona qədər mübarizə olmalı idi"” title=”Ramiz Tağıyev: "Ya seçkiyə əvvəldən gedilməməli, ya da sona qədər mübarizə olmalı idi"”
Ramiz Tağıyev: “Ya seçkiyə əvvəldən gedilməməli, ya da sona qədər mübarizə olmalı idi”
“Partiyanın verdiyi bu qərarı irəli sürülən dəlillərə uyğun hesab etmirəm”
Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkisində iştirakını rəsmən dayandırması ilə bağlı bəyanat verib. Çox qəribədir ki, Müsavatın irəli sürdüyü arqumentlər olduqca cılız görünür.
Çünki seçkiyə 3 gün qalmış belə bir qərarın verilməsi Müsavatın arqumentlərinə haqq qazandırmır. Həmin səbəblər seçkidən əvvəl də olub. Qeyd edək ki, partiyanın bu qərarı Divan üzvləri arasında ikitirəlik yaradıb.
Namizədlərin əksəriyyəti bu mübarizəni sona kimi aparacaqlarında israrlı olduğunu deyib. Onların arasında Divan üzvü İkram İsrafil (115 saylı Şəki kənd ikinci seçki dairəsi), Razim Əmiraslanlı (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi) və İltizam Əkbər (79 saylı İmişli seçki dairəsi) mübarizədən çəkilməyəcəklərini açıq şəkildə bəyan ediblər.
Partiyanın Divan üzvü və təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Zamanında verilmiş qərardır. Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərəfdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram”.
R.Əmiraslanlı qeyd edib ki, namizədliyinin irəli sürülməsində bəzi nüanslar var: “Mən namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, ərizə ilə dairə seçki komissiyasına müraciət etsəm, o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək”.
Partiyanın digər üzvü İkram İsrafil hazırda seçicilərlə görüşdə olduğundan məsələ ilə bağlı açıqlama verə bilmədiyini deyib.
İltizam Əkbər isə telefon zənglərimizə cavab vermədi.
Xatırladaq ki, Müsavat Partiyası parlament seçkilərində 80-nə yaxın namizəd irəli sürmüşdü. Həmin namizədlərdən yalnız 12-si qeydə alınıb. İki gün əvvəl isə partiya seçkilərdə iştirakını dayandırdığını bəyan edib.
Partiyanın seçkilərə 3 gün qalmış boykota getməsinə münasibət necədir?
Milli Azadlıq Hərəkatının fəallarından olan Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Müsavatın seçkilərlə bağlı verdiyi qərar çox gülüncdür: “Onlar deyir ki, DSK-ların tərkibindən narazıdırlar. Bəzi beynəlxalq müşahidəçilərin iştirakının olmaması onları qane etmir. Maraqlıdır, bəyəm, Müsavatın qəbul etmədiyi və nöqsan saydığı məsələlərin həlli təbliğat dövründə həll edilməli idi? Təbbi ki, yox. Boykotun özü də bir taktikadır. Ancaq bunu da vaxtında etmək olar.
Kənardan baxanda bu məsələ belə görünür. Müsavat keçirdiyi mitinqdə də gördü ki, partiyanın xalq arasındakı nüfuzu çox aşağıdır. Partiyanın rəhbərliyi də bunu öz dairələrində hiss ediblər. Boykotun başlıca səbəbi bununla əlaqəlidir. Əvvəlcədən biabırçılığı sığortalamaq cəhdidir. Seçkilərə qatılan partiyanın tanınmış üzvləri belə həmin qərarı dəstəkləmir. İradları da haqlıdır ki, seçicilərin psixikası ilə oynamaq olmaz. Ya seçkiyə əvvəldən gedilməməli, ya da sona qədər mübarizə olmalı idi. Partiyanın verdiyi bu qərarı irəli sürülən dəlillərə uyğun hesab etmirəm”.
Məhəmmədəli QƏRİBLİ