Məşhur psixoloqdan SOS siqnalı: İmtahan ərəfəsində abituriyentləri tək qoymayın!

0
5

Hər iki gəncin intihar üsulu və məkanı eynidir.

Günün ilk intihar hadisəsi zamanı Sumqayıt şəhər 9-cu mikrorayon sakini, 2001-ci il təvəllüdlü Pənah Quliyev özünü yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından atıb. Onun universitetə qəbul imtahanında aşağı nəticə topladığına görə intihar etdiyi bildirilir.

Anoloji hal şəhər ərazisindəki 14 mərtəbəli binada da yaşanıb. Belə ki, Faiq Fuad oğlu Rüstəmov adlı 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq, özünü oradan atıb. Hər iki ölümlə bağlı araşdırmalara başlanılıb.

Psixoloq Elnur Rüstəmov Modern.az-a açıqlamasında mətbuatı xüsusilə qəbul imtahanlarının keçirildiyi günlərdə diqqətli olmağa səsləyib:

“Bu kimi hallar ötən il də qeydə alınmışdı. Zəif nəticə göstərən abituriyentlərdə özünəqapanma, narahatlıq, digər bu kimi hallar müşahidə olunur. Ona görə də abituriyentlər imtahanlara fənn hazırlığı ilə paralel, psixoloji cəhətdən də hazırlaşmalıdırlar. Təəssüflər olsun ki, Azərbaycanda test imtahanlarının uzun tarixi olsa da, qəbul prosesində yalnız fənn hazırlığını öndə tuturuq. İnsanın nə qədər yüklənməsi, gərginləşməsi nəzərə alınmır. Yetər ki, hazırlığa getsin, yetər ki, oxusun, yetər ki, universitetə daxil olsun, yetər ki, filankəsin uşağından geri qalmasın… psixoloji hazırlıq isə arxa planda qalır.

 Baş verənlər psixoloji hazırlığın əhəmiyyətinin böyük olduğunu göstərir, təəssüf ki, biz nəzərə almırıq. Psixoloji hazırlıq həm abituriyentlərin bilik və bacarığını ortaya qoymasına kömək edir, həm də valideyn-uşaq münasibətlərini tənzimləyir. Bu gün abituriyentlərlə iş yetərincə aparılmır. Valideynlər bilərəkdən, yaxud bilməyərəkdən onlarla münasibətlərdə yalnışlığıa yol verir və əziyyətini də daha sonra özləri çəkir”.

Psixoloqun sözlərinə görə, yalnız mətbuat deyil, sosial şəbəkə istifadəçiləri də bu tip xəbərləri yayarkən diqqətli olmalıdır:

“Diqqət edin iki hadisənin də məkanı eynidir, saat aralıqları da təxminən üst-üstə düşür. Birinci hadisə işıqlanandan sonra ikinci hal baş verdi. Ola bilməz ki, bunlar arasında paralellik olmasın. Bəzən bu cür xəbərlərin işıqlandırılması digər abituriyentlərə də pis yol göstərir. Burada birmənalı olaraq mətbuatı günahlandırmaq olmaz. Çünki bu gün xəbərlər yalnız mətbuatda deyil, həm də sosial şəbəkələrdə tirajlanır. Üzümü həmin şəxslərə tutub deyirəm ki, lütfən, o cür məlumatları ictimailəşdirərkən diqqətli olun. Digər imtahan verəcəkləri də nəzərə alın. Bununla bağlı maaarifləndirmə işləri aparılmalıdır. Sosial şəbəkələr informasiyaların ötürülmə poliqnonuna çevirilib. Mümkünsə maarifləndirici məlumatlar verilsin”.

E.Rüstəmov mayın 20-də keçiriləcək qəbul imthanlarına diqqət çəkib:

“Lütfən, bu cür məsələlərə həssas yanaşın. Gənclərin, balaların taleyinə biganə olmayaq. Bu iki hadisənin günü, başvermə aralığı diqqətlə araşdırılmalıdır. Bir müddət əvvəl oxşar məkanla bağlı intiharlar baş verirdi, yaxud oxşar üsullar seçilirdi. Biz bu üsulları, məkanları qeyd etməklə bir növ həm də onun təbliğatını aparmış oluruq.

Az bal toplayan abituriyent narahat ola bilər. O da bir insandır. Abituriyentin təşviş, həyəcan pozuntusu, imtahandan az bal toplamaq fobiyası ola bilər, ailədaxili konflikt səbəbindən çəkingən ola bilər, böyüklərinin basqısı altında qala bilər və s. Sadaladığımız və sadalaya bilmədiyimiz səbəblər var. İmtahanda zəif nəticə göstərdiyinə görə özünə qapana bilər. Bunun nəticəsində də həm həyatı sonuclanır, həm də ailəsinə ömürlük dərd qoyub gedir.

Məsələ burasındadır ki, intihar üçün seçilən yerin və üsulun açıqlanması, bunun ictimailəşməsi doğru deyil. Ya həmin yerin adının hallanmamasına diqqət etmək, ya da həmin yeri nəzarətə götürmək lazımdır.

Çünki hər bir məkan insana informasiya ötürür. Məsələn, insan qəbiristanlıqdan keçərkən, ölümünü, axirətini düşünür, məktəbin yanından keçərkən təhsil barədə düşünür və s. Ona görə də bu cür informasiyalar yazılarkən təqdimat, foto düzgün seçilməlidir. Şərt deyil ki, intihar xəbəri yazılarkən hökmən hündürmərtəbəli bina, yaxud boğazından ip bağlanmış adam şəkli verilsin. Mayın 20-də yenidən imthan olacaq. Valideynlərə səslənirəm ki, övladlarınızla yaxın ünsiyyətdə olun, onları dinləməyi bacarın. Bir daha qeyd edirəm ki, fənn hazırlığı ilə yanaşı psixoloji hazırlıq olmalıdır. Son hadisələr göstərir ki, bu, mütləqdir. Bugünkü hadisə əslində SOS siqnalıdır. İnsan birdən-birə intihar etmir. Əvvəl intihar barədə düşünür: “birdən imtahanda az bal toplasam…” düşüncəsiylə özü də bilmədən intihara sürüklənir. İnsanların bu düşüncəyə qapılmaması üçün SOS siqanlı verilməlidir”.